Sığorta eksperti yanan taxta bazarı haqda: “Belə yerlərin malları sığortalanmır, çünki...”

Baxış sayı:
328

Ərazidə qaz balonunun partlaması yanğının miqyasını genişləndirib, xəstəxanalıq olan FHN əməkdaşları evə buraxılıb; sığorta eksperti: “Belə yerlərin malları sığortalanmır, çünki...”

Avqustun 22-də Bakıda taxta bazarı kimi tanınan ərazidə baş vermiş yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları artıq xəstəxanadan buraxılıblar. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda hadisə ilə əlaqədar xəstəxanalara müraciət yoxdur. Yanğın “Baksol yolu” yaxınlığındakı tikinti materialları bazarında olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İlkin hesablamalara görə, təxminən 7200 kv. m. taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, hadisəyə səbəbə elektrik xəttində qısaqapanma olub. Sonra ərazidəki qaz balonu partlayıb və yanğının miqyası genişlənib. Bununla ikinci dəfədir ki, taxta bazarı yanır.

Lakin zərər çəkən sahibkarların malları sığorta olunmadığına görə onlara hər hansı kompensasiya ödənilməsi nəzərdə tutulmur. Əldə etdiyimiz xəbərə görə, orada bəzi ticarətçilər mallarını sığorta etdiklərinə görə təzminat alacaqlar. Ancaq əksəriyyətinin malları külə dönüb və bir qəpik də köməklik gözlənilmir.

Sığorta sahəsində ekspert Xəyal Məmmədxanlı ile ilgili görsel sonucu

Sığorta sahəsində ekspert Xəyal Məmmədxanlının “Yeni Müsavat”a sözlərinə görə, əmlak bazarında yalnız daşınmaz əmlakın sığortası məcburidir: “Bura yaşayış binaları, evlər və s. daxildir. Ancaq vətəndaşların çoxu əməl etmir. Sahibkarlıqla məşğul olan obyektlər icbari sığortaya cəlb olunub. Amma "Diqlas", taxta bazarı, “Binə” və s. yerlər olsun, onlarda mallara sığorta təminatı olmayıb. Çünki sığorta şirkəti həmin obyektlərin ekskavatorunu, liftini, damını, konstruksiyalarını sığortalayıb. İçərisindəki malların sığortalanması isə mal sahibinin özündən asılıdır".

X.Məmmədxanlı hesab edir ki, bu gün belə bazarların heç biri müasir təhlükəsizlik sandartlarına cavab vermir: “Nə yanğınsöndürmə, nə mühafizə sistemləri var. Amma yananda yada düşür ki, kaş sığorta edəydim. İldə 3-4 dəfə belə obyektlərdə yanğın olur. Çünki kustar üsulla şərait qurublar. Biri plitədə yemək bişirir, biri kabellə qonşu dükandan işıq çəkib, tezalışan mallar yan-yana yığılıb. Bu halda sığorta şirkəti onların mallarını sığortalamaqdan imtina edir. Bu gün inşaat bazarında müasir, kondisioner, yanğın çıxışları olan obyektlər azdır. Məsələn, ”Gənclik mall", “Park bulvar” kimi yerləri sığortalaya bilərsiniz. Çünki onlar təhlükəsizlik sistemlərini qurublar. Bazarlarda, pərakəndə satış yerlərində isə təhlükəsizlik qaydalarına riayət olunmur, ona görə sığorta şirkəti malları sığortalamaqdan imtina edir. İlk növbədə həmin bazarlar müasir tələblərə uyğun sistem qurmalıdırlar. Sığorta öncədən gözlənilməyən, proqnozlaşdırılmayan hadisənin sığortalanmasıdır. Bu bazarlarda isə “görünən kəndə nə bələdçi”.

Taxta bazarında yanğın avqustun 22-si ile ilgili görsel sonucu

Ekspertin fikrincə, analoji vəziyyət aqrar sektorda hökm sürür: “Mal-heyvan palçıq içində, qaranlıqda, normal qidalanmır, vaxtında iynə- dərman olunmur, əkin sahələri dərmanlanmır, həşəratdan təmizlənmir. Sonra şikayətlənirlər ki, sığorta şirkəti niyə təsərrüfatımızı sığortalamır. Ona görə ki, ilk növbədə mal sahibi şəraitini sivil standarta gətirməlidir.

Çox təəssüf ki, ticarət mərkəzlərinin sığortasını heç kim etməkdə maraqlı deyil. Çünki o yerlərdə risk olduqca böyükdür, heç bir təhlükəsizlik qaydalarına əməl edilmir. Hətta bu gün oradan hər hansı bir sahibkar, dükan sahibi sığortalanmaq istəsə belə, oranı sığortalamaq mümkün deyil. Səbəb isə belə böyük ticarət mərkəzlərində sahibkarlara məxsus dükanların, onların sahiblərinin əmlakının heç bir rəsmi uçotunun olmamasıdır. Bu da sığorta şirkəti üçün arzuolunmaz haldır. Sığorta şirkəti baxmalıdır və dəqiq bilməlidir ki, dükanda nə qədər mal olub və ümumi dəyəri nə qədər olub".

Yada salaq ki, 2019-cu il, yanvarın 22-də də taxta bazarında yanğın olub. Bu bazara mallar Rusiya, Ukrayna və Belarusdan gətirilir. Hazırda taxtanın 1 kubu 280 manatdır./musavat