Sifilis niyə yayılır: müğənnilər, özəl klinikalar və...

Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsini nəzərdə tutan qərar ölkədə tüğyan edən yeni sosial bəlanın aşkara çıxmasına vəsilə oldu. Bəlli oldu ki, genefond üçün birbaşa təhlükə hesab edilən sifilis xəstəliyinə yoluxma halları artır.
Səhiyyə Nazirliyinin məlumatına görə, qərarın tətbiq edildiyi gündən, yəni iyunun 1-dən indiyədək B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən 65138 şəxs müayinə olunub. Müayinələrin nəticələrinə görə, 161 nəfərdə sifilis xəstəliyi aşkarlanıb.
Bundan əvvəl isə Aşura günü qan verənlərdə sifilis aşkarlanmışdı. Hətta bu il yoluxmalar arasında sifilis infeksiyası üstünlük təşkil etmişdi.
Bəllidir ki, sifilis cinsi yolla keçən xəstəlikdir. Xəstəlik daxili orqanlara, ürəyə təsir etməklə yanaşı sonsuzluğa da səbəb olur. Onun hətta anadan dölə keçmə ehtimalı da yüksədir.
Bəs cəmiyyət üçün bəla hesab edilən sifilisin yayılmasına səbəb nədir?
Virtualaz.org saytı çoxluq tərəfindən “əxlaqsız bəla” adlandırılan bu xəstəliyin yayılma səbəblərini araşdırıb.
Respublikanın baş dermatoveneroloqu, Tibb Universitetinin dəri-zöhrəvi kafedrasının müdüri, professor Zülfüqar Fərəcov virtualaz.org saytına xəstəliyin yayılma səbəblərini açıqlayıb.

Zülfüqar Fərəcov
Z.Fərəcov bildirir ki, ötən il 536 xəstədə sifilis aşkarlanıb. Bu ilin 8 ayında isə 445 xəstə qeydiyyata alınıb: “Son 3 ayın statistikası bəlli deyil. 3 ayın statistikasını nəzərə alsaq, bu il xəstələrin sayı ötən ilə nisbətən çox olacaq. Xəstələrin sayının artmasının bir səbəbi də xəstəliyin aşkarlanması ilə bağlıdır. Nikahdan əvvəl cütlüyün müayinəyə cəlb edilməsi nəticəsində də xəstələr aşkarlanır. Əvvəllər isə ailə qurandan sonra cütlükdən birinin, xüsusilə də kişinin sifilisə yoluxduğu aşkarlanırdı. Nəticədə kişi öz həyat yoldaşını da yoluxdurur, bəzən ailə dağılırdı. Buna görə də nikahdan əvvəl müayinə olduqca əhəmiyyətli qərardır”.
Respublikanın baş dermatoveneroloqu onu da dedi ki, sifilis daxili orqanlara, ürəyə, aorta damarına təsir edir: “Sifilisə yoluxanlar məcburi müalicə olunmalıdırlar. Sovet dövründə xəstəlik aşkarlananda onun mənbəyi araşdırılırdı, kontaktda olduğu şəxslər, ailə üzvləri yoxlanılırdı. İndi isə özəl klinikaların əksəriyyəti sifilisi, qonoreyanı müalicə etdiyini bildirir. Amma xəstəliyin necə müalicə olunduğu, müraciət edənlərin statistikası açıqlanmır. Nəticədə statistik məlumatlar itir. Statistika isə xəstəliyin güzgüsü hesab olunur. Mütəxəssis olmayan şəxslər xəstəliyə düzgün yanaşmırlar. Sifilisin müalicəsi ilə birbaşa dəri-zöhrəvi həkimləri məşğul olmalıdırlar”.
Z.Fərəcov qeyd etdi ki, hazırda müraciət edən xəstələrin kontaktlarını yoxlamaq müşkülə çevrilib: “Əksər adamlar kontaktlarını gizlədir, məcburi yoxlanış yoxdur. Xəstə məlumatları şəxsi həyatına müdaxilə hesab edərək açıqlamır. Halbuki zöhrəvi xəstəliklərin müalicəsində mənbəni tapmaq lazımdır. Səhiyyə Nazirliyi öhdəsinə düşən vəzifəni yerinə yetirir, yüksək səviyyədə müayinə və müalicəyə şərait yaradılıb. Xəstə bilməlidir ki, ailə üzvlərini yoluxdura bilər. Çünki sağlam şəxsin sifilislə yoluxması bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə də mümkündür. Sifilisə yoluxan hamilə qadın hamiləliyin ikinci mərhələsində dölü də yoluxdura bilər”.
 
Z.Fərəcov təsadüfi münasibətdə olan gənclərin müayinə olunmasını məsləhət görür: “Nikahdan əvvəl cütlüyün birində xəstəlik aşkarlandığı halda xəstə müalicə olunur. Amma qız və ya oğlan da yoxlanılır. Qarşı tərəfdə sifilis aşkarlanmırsa belə nəzarətə götürülür. Xəstələr bilməlidir ki, sifilis müalicə olunur, lakin xəstəliyin birinci və ikinci mərhələsində müalicə daha effektlidir. Buna görə də gənclər dövlət xəstəxanalarında peşəkar həkimlərə müraciət etməkdən çəkinməsinlər”.
Professor qeyd etdi ki, xəstəliyin ilk əlamətləri şübhəli kontaktdan 3-4 həftə sonra bilinir: “Fransız alimi deyir ki, daha çox təqsirkar orqan zədələnir, amma xəstəlik ağrı vermədiyindən narahatçılıq yaratmır”.
Cinsi yolla yoluxan xəstəliklərin adətən miqrasiya nəticəsində yayıldığı güman edilir. Z.Fərəcov deyir ki, xaricə gedən, orada işləyənlər bu xəstəliyə daha çox yoluxurlar: “Dəri-zöhrəvi xəstəliklər daha çox miqrasiya edənlər vasitəsilə yayılır. Buna görə də xüsusilə də təsadüfi münasibətdə olanlar müayinədən keçsinlər”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə virtualaz.org saytına bildirib ki, son vaxtlar əxlaqsızlıq halları artıb deyə bu xəstəlik üçün münbit şərait yaranıb: “İşsizlər çoxdur, bəziləri isə asan yollarla pul qazanmaq istəyirlər. Cəmiyyətdə aşınma gedir, ictimai qınaq isə istənilən səviyyədə deyil. Hətta bəzən sosial şəbəkədə qadınlar özlərini təklif edirlər. Əvvəllər isə qadınların özünü təklif etməsi hallarına rast gəlinmirdi. Burada ailə tərbiyəsi də öz sözünü deyir”.
 Hüquq müdafiəçisinin sözlərinə görə, zorlamalar da sifilisin yayılmasına səbəb ola bilər: “Ümumiyyətlə isə səbəblər müxtəlifdir. Zorlama faktları var və qadınlar ya qorxudan, ya da cəmiyyətin qınağından çəkinib müraciət edə bilmirlər. Bəzən isə müraciət edənlərin özləri basqı altında qalır. Gənclər, hətta yaşlı kişilər kənarda münasibət qurmağa çalışırlar. Qorunmamaış münasibətlər çoxalıb. Bəzən iş yerlərində qadınlara əxlaqsız təkliflər edilir. Bunlar da yoluxucu xəstəliklərin yayılmasına təsir göstərir. Uşaqlar xəstə doğulur, ailə sonsuz olur”.

Mehriban Zeynalova
M.Zeynalova dedi ki, Ramana qəsəbəsindəki dəri-zöhrəvi dispanserinin bağlanılması da xəstəliklərin yayılmasına təsir edib: “Çoxları Ramanadakı xəstəxanadan çəkinirdi. İndi bu xəstəxana da yoxdur. Əxlaqsızlıqla məşğul olanlar müayinəyə cəlb edilmir”.
Sosioloq Arzu Quliyeva isə xəstəliklərin yayılmasının bir neçə səbəblə bağlı olduğunu dedi: “Əhalinin məlumatı yoxdur. Məsələn, sorğu keçirsək, məlum olar ki, gənclərin əksəriyyəti cinsi yolla keçən xəstəliklərdən xəbərsizdir. Buna görə də təsadüfi münasibətdə olanlar qorunmurlar. Digər tərəfdən, fahişəliklə məşğul olanların müayinəyə cəlb edilməsi mümkün deyil. Halbuki hüquq-mühafizə orqanları onların harada fəaliyyət göstərməsindən xəbərdardır. Məsələn, Səməd Vurğun bağında belə qadınlarla hər gün rastlaşırıq. Eləcə də metronun “Neftçilər” stansiyasının qarşısında axşamlar belə qadınlar müştəri gözləyir. Bunlar hələ bəlli olan yerlərdir. Bu qadınlar məcburi müayinəyə cəlb edilməlidir”.
A.Quliyevanın sözlərinə görə, çoxları sifilisin cinsi yolla yoluxması çoxlarını susmağa məcbur edir: “Bəzən həyat yoldaşının səhvi ucbatından sifilisə yoluxan qadın həkimə müraciət etməyə çəkinir. Türkəçarə və ya ara həkimlərinə müraciət edirlər. Bu isə çox zaman qadının həyatı bahasına başa gəlir. Buna görə də təbliğat aparmaq lazımdır”.
Sosioloq cəmiyyətdə mənəvi aşınma getdiyini dedi: “Şou-biznes xəbərləri, seriallar, müğənnilərin dəbdəbəli yaşayışının reklam edilməsinin, eləcə də ailə-məişət məsələlərinin televiziyada müzakirəsinin gənclərin tərbiyəsinə böyük təsiri var. Buna görə də yeniyetmələri maarifləndirmək lazımdır. Sosial şəbəkələrdə təsadüfi tanışlıqlar da çox acı nəticələrə gətirir”.  
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən dünyada hər il təqribən 12 milyon insan siflisə yoluxur. Yoluxma səbəbi cinsi əlaqə olsa da bəzən bədəndəki açıq yaralardan da xəstəliyin keçməsi mümkündür. Xəstəlik həmçinin qan vasitəsi ilə keçə bilər. Siflisə yoluxmuş hamilə qadınlarda əksər hallarda xəstəlik ana qanından körpəyə keçir və nəticədə uşaq ya ölü doğulur ya da vaxtindan əvvəl doğulduğu üçün ölür.
 
Virtualaz.org