​Şəhidlərə hörmətsizlik, yoxsa...? - ZƏRDABIN ŞƏHİDLƏR XİYABANININ TƏMİRƏ EHTİYACI VAR

“Bura Zərdabın Şəhidlər Xiyabanıdır. Qapısının üstündə adının yazıldığı lövhə olmadığına baxmayın siz. Bu xiyabanda canını Vətən üçün, bizim üçün fəda edən şəhidlərimiz uyuyur”.
Bu haqda Zərdab rayon sakini Coşqun Abdullayev Muxalifet.az-a yazır.
O, redaksiyamıza Şəhidlər Xiyabanının fotolarını da göndərib. Deyir ki, xiyabanın təmizliyinə söz olmasa da, əksiklər də var:
“Xiyabanın təmizliyinə söz yoxdur, çox tez-tez alaq otlarından, tikanlardan təmizlənir. Amma ən birincisi odur ki, bu qəbristanlığın nə qapısında, nə də heç bir yerində “Şəhidlər xiyabanı” yazısına rast gəlinmir. Məgər bir lövhə yazıb buradan asdırmaq çox çətindir ki? Onlar bizim üçün canlarından keçiblər, biz onlar üçün nə etmişik?
Xiyabanın qarşısında bənd salınıb, gərək bu bəndin üzərində aralıdan bərk gəlib kecəsən. Halbuki, buranın bəndini ləğv etmək çətin məsələ deyil.
Xiyabanın ərazisinə döşənən üzlük bərbad vəziyətdədir. Bunu da nəzərə almaq lazımdır. Bu çatışmazlıqları dövlət hesabına vəsait ayırıb həll etmək mütləqdir. Unutmayaq ki, bu xiyaban şəhidlərin məzarlığıdır, əlimizdən başqa şey gəlməsə də burda abadlıq işləri aparmaq bizim üçün çətin deyil. Səlahiyyətli şəxslərdən xahiş edirik, həm də şəhid ailələrinin adından xahiş edirik, bu işlərə diqqət göstərsinlər, şəhidlərimizin məzarlığına ehtiramla, diqqətlə və hörmətlə yanaşsınlar”.


Muxalifet.az