Şəhidin əkiz övladları dünyaya gəldi - BABALARI ONLARI HƏRBÇİ GÖRMƏK İSTƏYİR

Bu ilin fevralında işğalçı Ermənistan hərbi bölmələrinin təxribatçı hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Şahlar Nəzərovun əkiz övladları iyunun 29-da Respublika Klinik Xəstəxanasında dünyaya gəlib.
 
Bu barədə şəhidin atası Yaşar Nəzərov məlumat verib. Uşaqların anasının iyunun 9-dan dövlət xəstəxanasında həkim nəzarətində olduğunu deyən Y.Nəzərov həkimlərin diqqət və qayğısından razılıq etdi.
Bildirdi ki, balacaların anasının da səhhəti qaydasındadır. Nəvələrinin sağlam şəkildə dünyaya göz açmasından çox sevinən və Allaha şükür edən şəhid atası bildirdi ki, əvvəlcədən söz verdiyi kimi, oğlan nəvələrinin birinə oğlunun, digərinə özünün adını verəcək. Yaşar kişinin oğul nəvələri ilə bağlı arzuları da sonsuzdur: “Arzu edirəm ki, onlar da ataları kimi ləyaq, namuslu, qeyrətli, mərd oğullar olsunlar. Ömürləri uzun olsun!”
Y.Nəzərov onu da bildirdi ki, əkiz nəvələrini gələcəkdə ataları kimi hərbçi görmək istəyir: “Çox istərdim ki, onlar da qəhrəman ataları kimi hərbçi olsunlar, Vətənə xidmət etsinlər. Bu uşaqların əmisi də, mənim qardaşım da hərbçidir. Qardaşım Azərbaycan ordusunun polkovniki, digər oğlum isə baş leytenantdır və Vətənimizə ləyaqətlə xidmət edirlər”.
Xatırladaq ki, 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində doğulan Şahlar Nəzərov bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən düşmənin çoxsaylı hərbçisini məhv edərək şəhid olub və doğma kəndində dəfn edilib. Qəhrəman zabitimiz şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu. Şahlar Nəzərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Şücaətə görə” medalı ilə təltif edilib./musavat.com