Şəhid zabit Kürdəmirdə dəfn olundu - KAPİTAN BABAYEV ÖVLADININ DÜNYAYA GƏLİŞİNİ GÖRƏ BİLMƏDİ... / FOTO

Baxış sayı:
1003

Kürdəmir rayonunda Vətən müharibəsində şəhid olan kapitan Ramil Taqət oğlu Babayev dəfn olunub. Yaxınlarının bildirdiyinə görə, Quru Qoşunlarının zabiti müharibənin ilk günündən kəşfiyyatçı kimi döyüşə qatılıb. O, sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Müharibənin ilk günlərindən barəsində heç bir məlumat olmayan Ramil Babayevin şəhid olması məlum olub, axtarışlardan sonra meyiti Murovdağda döyüş meydanından tapılıb.

Bu gün isə onun nəşi ailəsinə təhvil verilib, mərhum Kürdəmirin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin komandirləri və döyüş yoldaşları iştirak ediblər.

Şəhidin komandiri üç rəngli dövlət bayrağını şəhidin atası Taqət Babayevə təqdim edib. Onlar Ramilin necə vətənpərvər, igid və cəsur zabit olduğunu bir daha qeyd ediblər.

Kapitan  Ramil Taqət oğlu Babayev 1991-ci ildə Kürdəmirdə anadan olub.  İlk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

Daha sonra təhsilini Silahlı Qüvvələrin Hərbi Akademiyasında davam etdirərək oranı bitirib və zabit rütbəsi alıb. İlk xidmətə Goranboy rayonunda başlayıb və Vətənə layiqli xidmət edib, dəflərlə komandirləri tərəfindən mükafatlara layiq görülüb.

Zabit ailəli idi, onun bir oğlu və bir qız övladı bizlərə yadigar qalıb. Ramil yeni anadan olan oğlunun dünyaya gəlməsindən xəbərsiz şəhidlik zirvəsinə ucalıb. Ailəsi isə yeni doğulan körpəyə elə şəhid Ramilin adını qoymaq niyyətindədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin/Report