Şəhid sənin, şəhid mənim, şəhid heç kimin!

Baxış sayı:
5584

Doğma yurdunda girovluqda, əsirlikdə qalan ANA qəbrini ziyarətə gedən Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin özlərinin öz yurdlarında əsir – girov edilmələrindən 5 il 5 ay keçdi. İşğalçı hərbi rejim “məhkəməsi” öldürdüyü şəhid Həsən Həsənovu girovluqdan “azad etsə” də, canlı şəhidlər Dilqəm ömürlük, Şahbaz 22 illik əsirliyini çəkməkdədir. Bizimsə heç umurumuzda da deyil! Heç yadımıza da düşmür! Yaddan çıxmaz Qarabağdan yad da çıxmaz? Əlbəttə, dədələrimiz demiş, ölünü öz kefinə qoysan, kəfəni yırtar. Biz niyə yadelli işğalçıları öz kefinə qoymalıyıq? Niyə Cənubi Qafqazın ən güclü ordusu eloğullarının qurtuluşu üçün hərəkətə keçmir? Yeri gəlmişkən, 2016-cı ilin aprel döyüşləri çağı bizim hərbi-mənəvi qələbəmiz Kəlbəcərdə möhkəmlənməklə başa çata bilərdi. Nə yazıq, şərəfsiz “Bişkek razılaşması” nəinki Kəlbəcərin qurtuluşuna yol açdı, hətta Lələtəpə yüksəkliyindən boylanmağımız öz torpağımızda cızılan “təmas xətti”nin pozulması kimi dəyərləndirildi. Niyə məhz Kəlbəcər? Axı, aprel döyüşləri düşməni elə vəlvələyə saldı ki, bir anın içində 23 illik boş qoyub düşmənin başına buraxdığımız Füzuli, Cəbrayıl, Ağdam... boş qalmışdı! İgidlərimizin doğma torpaqlarımıza havalanması düşmənin havadarlarına yalvarıb yürüşü dayandırmaları ilə sonuclandı. Amma torpaq sevgisindən, torpaq doğmalığından, qoxusundan havalanan igidlərimiz Kəlbəcərdə “eniş” etsəydi, biz heç bir halda doğma yurdu yenidən “Bişkek şərəfsizliyi”nə qurban verməzdik. Tarixi şansı niyə əldən verdik, bilinmir. İgid eloğullarımız Dilqəmlə Şahbazın doğma yurdlarında yadelli işğalçıların ömürlük əsirliyinə bir uğurlu əməliyyatla son qoymaq olar və onların azadlığı milli məsələdir, orduya, dövlətə inam, arxalanmaq məsələsidir. Ana Qanunun 12-ci maddəsinə görə, DÖVLƏTİN ALİ MƏQSƏDİ İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIQLARININ TƏMİN EDİLMƏSİdir. Bəs niyə dövlət əsirlikdəki insanlarının azadlığına çalışmır? Lap səfərbərlikdən tutmuş savaş elan etməyə kimi hər şeydən yararlanmaq olar. Təki əsirlikdəki canlı şəhidlərimiz qurtulsun. Əsir – girovluqdakı torpaqlarımızın altı da, üstü də qurtulacağı günü gözləyir. “Altında yatarkən də bizimdir yerin üstü” iddiasında olan şəhidləri, bir də üstdəki canlı şəhidləri goreşən işğalçıların təhqirində saxlamağın sonu çatacaqmı?! Bu TORPAQ uğrunda şəhid olanındırsa, şəhidlər kimindir? Heç kim nə Vətəni, nə də şəhidləri “sənin - mənim” bölgüsünə uğrada bilməz. Şəhid nə sənindir, nə mənimdir, şəhid heç kimindir! Şəhid Tanrınındır, yeri də Ulu Peyğəmbərimizin qucağındadır: “EY ŞƏHİD OĞLU ŞƏHİD , İSTƏMƏ MƏNDƏN MƏQBƏR SƏNƏ AĞUŞUNU AÇMIŞ DA DURUR PEYĞƏMBƏR !” Məğrur BƏDƏLSOY