Şəhid pilotların ailələri ziyarət edildi - Komitə

Baxış sayı:
4438

Fevralın 14-ü Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir. Hərbi təyyarəçilərimiz ölkəmizin ərazi bütövlüyünün qorunmasında şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. İşğalçı Ermənistanın növbəti hərbi fitnəkarlığının qarşısının alınması məqsədilə 2016-cı ilin aprelində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatına havadan dəstək verən hərbi helikopter heyətinin üç üzvü – baş leytenant Əbu Bəkir İsmayılov, mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə qəhrəmancasına həlak olublar. Şəhid pilotlarımızın xatirəsini xalqımız əziz tutur. Ermənistanın təcavüzü nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən vaxtilə didərgin düşmüş məcburi köçkünlər məhz onların və silahdaşlarının hünəri sayəsində doğma yurda qayıtmaq, burada dinc yaşamaq və işləmək imkanı qazanıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, Hərbi Hava Qüvvələri Günündə qurumun əməkdaşları şəhid pilotların ailələrinə baş çəkib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin şanlı qəhrəmanlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Hər üç pilotun ailələrinə məcburi köçkünlər adından minnətdarlıqlarını bildirən əməkdaşlar onlara rəmzi xatirə hədiyyələri təqdim ediblər. Görüşlərdə vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad ediləcəyi, məcburi köçkünlərimizin doğma yurdlarına qayıdacağı gün uzaqda deyil.