Şəhid övladı ölkə başçısına müraciət etdi – “İCRA NÜMAYƏNDƏSİ ZƏHMƏT HAQQIMI VERMİR...”

Zərdab rayonu Məlikumudlu kənd sakini, şəhid övladı Zərbəliyev Cahid Zabit oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif kənd icra nümayəndəsindən şikayət edir:
“Mənim atam Zərbəliyev Zabit Kamil oğlu polis serjantı işləyib. 1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Atam şəhid olanda mənim 2 yaşım var idi. İndi isə traktor sürüb ailəmi əlimin zəhməti ilə dolandırıram. Ancaq halal zəhmət haqqımı ala bilmədiyim üçün mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət etməyi qərara aldım.
Belə ki, Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun tapşırığı ilə fermer Abdullayev Bəhram Şahlar oğluna məxsus 10 hektar torpaq sahəsini şumlayıb, bir neçə dəfə malalamışam. Buna görə, əvvəldən danışdığımız 600 manat zəhmət haqqımı vermək istəmirlər.
Bu ilin aprel ayı tarixindən məni “sabah”, “sabah” deyə-deyə aldadıb süründürməçiliyə məruz qoyub, pulumu vermək istəmirlər”.
Şikayətçi deyir ki, bu məsələ ilə bağlı Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudovanın qəbulunda olub,  şikayət etsə də, heç bir tədbir görülməyib:
“Ailəmiz genişdir, gözümüzü dikdiyimiz tək həmin traktordan gələn gəlirdi ki, bunu da Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovla, keçmiş polis əməkdaşı fermer Bəhram Abdullyev vermək istəmirlər.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm, şəhid ailəsini aldadıb zəhmət haqqını mənimsəyib verməyən Zərdab rayon Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun və fermer Bəhram Abdullyevin barəsində tədbirlər görəsiniz. Onların maddi imkanları çox geniş olsa da, şəhid ailəsinin pulunu mənimsəməyi üstün tuturlar. Şəhid ailəsinin işlədib, aldadıb zəhmət haqqını mənimsəyən şəxsdən dövlət qulluqçusu olmaz. Xahiş edirəm bizə köməklik edin”.


Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.