ŞƏHİD BACISI ÖLÜM AYAĞINDA – Ona qaraciyərini verəcək donor da var, amma… - PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
6865

“Qaraciyər köçürülməsinin həyata keçirilməsi üçün maddi imkanımız yoxdur”

Göyçay rayonu, Müskürlü kənd sakini, şəhid anası Hüseynova Əntiqə Heybət qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

Hörmətli Prezident!
Hörmətli Mehriban xanım !
Bir ağbirçək şəhid anası olaraq balamın gözümün qarşısında imkansızlıqdan məhv olmasına dözə bilməyib, buna görə Sizə müraciət edirəm.
Mənim övladım 32 yaşlı Hüseynova Gülnar Hüseyn qızı qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkir. Hazırda ağır xəstə olaraq yataqdadır. Həkmlərin müalicəsi artıq təsir etmir. Qarın boşluğuna tez-tez su yığılır deyə, çəkdirməsək, həyatını itirə bilər. Həkimlər deyir ki, xəstə Gülnara təcili qaraciyər köçürülməlidir. Buna isə bizim maddi imkanımız yoxdur.
Oğlum Rahim öz qaraciyərinin bir hissəsini bacısı Gülnara verməyə hazırdır. Ancaq qaraciyər köçürülməsinin həyata keçirilməsi üçün maddi imkanımız yoxdur.
Xəstə övladımın müalicəsi üçün bu günə qədər külli miqdarda pul xərcləmişik. Evimizin əşyalarını da satmışıq, banklardan kredit götürmüşük, borc almışıq. Hazırda quru çörək almağa belə imkanımız qalmayıb. Mən ana kimi aclığa dözə bilərəm, amma balamın gözümün qarşısında ölməsinə dözə bilmərəm.
Əlimizi hər yerdən üzsək də, o bir olan Allaha və Sizə böyük ümid edirik.
Mənim oğlum Həsrət Hüseynov Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə 21 yanvar 1994-cü il tarixdə Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Mən bir ana kimi buna görə fəxr edirəm ki, oğlum vətən, millət uğrunda şəhid olub.
Sizin köməkliyiniz nəticəsində Azərbaycan Respublikasında çoxlu sayda imkansız xəstə insanlar müalicə olunub, sağalıb, sağlam həyata qovuşublar. Şəhid ailələrinə daima diqqət və qayğı göstərirsiniz. Buna görə Sizə müraciət edirəm.
Hörmətli Prezident!
Hörmətli Mehriban xanım !

Mən bir gözüyaşlı şəhid anası olaraq Sizdən çox-çox xahiş edirəm, yalvarıram xəstə qızım Gülnarın müalicə olunmasına yaxından köməklik edəsiniz.
Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram”.

Muxalifet.az