Şəhid anasına “qan pulu” verilmir – “Bizə deyirlər ki...”

Baxış sayı:
6274

Ölkədə haqqın, ədalətin tapdalandığı hər kəsə bəllidir. Çünki bunu hər addımda müşahidə edirik. Bunu görməmək üçün gərək, kar, kor, lal olasan ki, insanların problemlərindən, dərdlərindən də hali olmayasan. Dövlət qurumları, məmurlar nəinki adi vətəndaşları, hətta torpaqlarımız uğrunda canından keçən bəzi şəhidlərin analarına, onların ailə üzvlərinə yalan deməkdən belə çəkinmirlər.
Şəki rayonu, Kiçik Dəhnə kəndindən anadan olan şəhid Adil Məmmədovun qardaşı Aqil Məmmədov “Hürriyyət”ə deyib ki,  anası Məmmədova Həqiqət İsmayıl qızı prezidentin  şəhid ailələrinə ayırdığı 11 min manat pulu almaq üçün maraqlanıb: “Anama deyiblər ki, sizə 1994-cü ildə 200 min manat pul verilib. Halbuki, yalandır, belə hal olmayıb. Çünki qardaşım şəhid olan gündən atam iki gözdən kor olub, heç bir yerə çıxa bilməyib. Anam da qoca, xəstə adamdır. Heç bir yerə getməyib. Yalandan deyilən məbləğdir ki, guya, bu pul bizə verilib. Ümumiyyətlə, həmin deyilən vaxtda və yaxud başqa vaxtda bizim ailəyə qardaşıma görə heç bir məbləğdə pul verilməyib”.

“Qardaşım Adil bu vətənə, torpaqlarımıza görə şəhid olub”

Şəhid qardaşı onu da vurğuladı ki, qardaşı Adil Məmmədov 1994-cü ildə Ağdamın Xındırıstan kəndində qəhrəmancasına həlak olub: “Əsəg yoldaşları bunu təsdiq edər. Neçə nəfər erməni əsgər və zabitini məhv edəndən sonra başından vurulub. Milli qəhrəman adı almaq üçün üstünə düşmədik. Çünki şəhid adından üstün ad olmadığına görə bu haqda heç məlumat da  verməmişik. Amma bu gün anam prezidentin hər bir  şəhid ailəsinə ayırdığı 11 min manat pulu ala bilmir. Qardaşım Adil bu vətənə, torpaqlarımıza görə şəhid olub. Nə üçün anama 11 min manat pulu vermirlər? Biz indi 11 min manat pulu tələb edirik. Çünki mənim anam ağlaya-ağlaya durur, deyir ki, mən niyyət eləmişdim ki, oğluma verilən qan pulu dəfnimə xərclənsin. Düzdür, anamın başqa oğlanları var. Mən də onun oğluyam. Amma o, bunu qəbul etmir. Deyir, “əgər bu pul verilirsə, mən o pul ilə dəfn olunmaq istəyirəm”. Biz anamın adı ilə tələb edirik ki, 11 min manat qardaşım Adil Məmmədova görə anama ödənilsin”.
A.Məmmədov nəzərə çatdırdı ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki rayon idarəsinə, sığorta şirkətinə müraciət ediblər: “Bizə cavab verirlər ki, sizə 11 min manat yerinə 1994-cü ildə 200 min manat ödənilib. 200 min manat 10 paçka “şirvan” deməkdir. 10 paçka “şirvan”la 1994-cü ildə nəinki kəndi, Şəkini satın almaq olardı. Bizə heç bir məbləğ pul verilməyib”.
“Bizə 11 min manat pulu ödəməkdən imtina cavabı veriləndən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, prezident İlham Əliyevə, vitse-prezident mehriban xanım Əliyevaya dəfələrlə məktub yazmışıq. Heç birinə cavab verilmir. Ola bilsin ki, məktublarımız ünvanına çatdırılmır. Biz “Hürriyyət” qəzeti vasitəsilə hörmətli prezident İlham Əliyevdən, vitse-prezident Mehriban xanım Əliyevadan  xahiş edirik ki, qardaşım şəhid Adil Məmmədova görə ödənilməli olan 11 min manat anam Məmmədova Həqiqət İsmayıl qızına ödənilsin. İnanırıq ki, cənab prezident və vitse-prezident şəhid ailələrini hər zaman diqqətdə saxladığı kimi, anam Məmmədova Həqiqət İsmayıl qızına da şəhid oğluna  görə ödəniləcək 11 min manat pulun ayrılmasına göstəriş verəcək”.
Məsələ ilə bağlı gün ərzində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və Sosial təminat siyasəti şöbələrinə dəfələrlə zəng etsək də, ya telefonlar məşğuldur, ya da telefona cavab verən yoxdur.

Şamo EMİN
Redaksiyadan: Mövzunu davam etdirəcəyik.