"Əsgərlərimizin ölkədən çıxması üçün pul ödəməlisiniz" — Tramp İraqa şərt qoydu

Baxış sayı:
2262

Vaşinqtona Bağdadda tikilən hərbi bazalar və səfirliyin tikintisinə görə təzminat ödənməyincə ABŞ əsgərləri İraqı tərk etməyəcək. ABŞ prezidenti Donald Tramp bunu “Fox News” efirindən bəyan edib.

Trampın sözlərinə görə, İraq hakimiyyəti ABŞ qoşunlarının ölkədən çıxarılmasının vacibliyi ilə bağlı açıqlamalar verir, lakin qapalı iclaslarda bu məsələ qaldırılmır.

“Mən onlara dedim: “Əgər getsək, bizə pul ödəmək məcburiyyətində qalacaqsınız”, - deyə Ağ ev rəhbəri bəyan edib.

Təzminatı necə alacaqları məsələsinə gəlincə isə Tramp bunu İraqın ABŞ-ın bank hesablarındakı pulları ilə edəcəyini bildirib. Onun sözlərinə görə, söhbət hazırda ABŞ-da saxlanılan 35 milyard dollardan gedir.

“Düşünürəm ki, onlar ödəməyə razı olacaqlar. Əks təqdirdə, orada (İraqda) qalacağıq”, - deyə Tramp vurğulayıb.

Bundan əvvəl İraq parlamenti bütün xarici qoşunların ölkədən çıxarılmasına qərar vermişdi. Qərar iranlı general Qasım Süleymaninin ABŞ-ın hava hücumları nəticəsində Bağdadda öldürülməsi fonunda verilib.

Hazırda İraqda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələrinin hərbçiləri var./oxu.az