Səfər Əbiyevi Çexiyaya göndərmək arzusunda olanlar…

Və yaxud keçmiş nazirin ölkədə olub-olmadığını aydınlaşdırmaq “Yeni Müsavat” üçün çox çətindir?!

“Yeni Müsavat” qəzetinin 11 noyabr 2016-cı il tarixli sayında “İşdən çıxarılan nazirlər - kimlər haradadır?” sərlövhəli yazı dərc olunub. Müəllif xatırladır ki, 1993-cü ildən bu günə qədər Azərbaycanda yüksək dövlət vəzifələrində işləmiş və sonradan postlarını bu və ya digər səbəblərdən itirən şəxslər arasında hazırda həbsdə olanlar, xarici ölkələrə səfir göndərilənlər, Avropada mühacir həyatı yaşayanlar, postları digər vəzifə ilə əvəz olunanlar kifayət qədərdir.
“Keçmiş iri ranqlı dövlət məmurlarının harada olmaları, məşğuliyyətləri hər zaman maraq doğurur. Bunun üçün də son 23 ildə yüksək vəzifələrdə çalışan sabiqlərin bəzilərini yaddaşlara qaytardıq. Əslində bu siyahıya müstəqillik qazandığımız ilk illərdən başlaya bilərdik. Lakin 1991-93-cü illərin gərgin dövr olduğunu, vəzifələrin əldən-ələ keçdiyini nəzərə alaraq, indiki hakimiyyətin dövründən başladıq” - deyə məqalədə qeyd olunur.
Yazıda keçmiş baş nazir Surət Hüseynov, eks-spiker Rəsul Quliyev, sabiq daxili işlər naziri Vaqif Novruzov, keçmiş maliyyə naziri Fikrət Yusibov, keçmiş səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş milli təhlükəsizlik nazirləri Nəriman İmranov, Namiq Abbasov və Eldar Mahmudov, keçmiş müdafiə naziri Səfər Əbiyev, sabiq baş prokuror Eldar Həsənov, keçmiş xarici işlər naziri Həsən Həsənov barəsində, xüsusən də onların hazırda harada olması və fəaliyyətləri haqqında məlumat verilib.
Məqalə müəllifi yuxarıda adları qeyd olunan sabiq məmurların harada və nə işlə məşğul olmaları barədə oxucuları düzgün bilgiləndirsə də, keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlı qeyri-dəqiqliyə yol verib: “18 illik fəaliyyəti dövründə ordunun vəziyyətinə görə daim tənqidlərə məruz qalan Əbiyev postundan uzaqlaşdırılandan sonra tamamilə siyasi səhnədən çəkilib. Onun harada yaşadığı belə məlum deyil. Bəzi məlumatlara görə, sabiq nazirin Çexiyada çoxsaylı mülkləri var və hazırda o, Praqada yaşayır”.
Əslində, Azərbaycanda hakimiyyətə yaxın bəzi mətbu orqanların istər Səfər Əbiyevin nazirliyi dönəmində, istər də sonrakı illərdə onunla bağlı kifayət qədər qeyri-dəqiq, qərəzli, hətta sifarişli informasiyalar yazdığı dəyərli oxucularımıza sirr deyil. Çünki, biz “Hürriyyət” olaraq dəfələrlə sözügedən qəzet və saytların yanlışlarını üzə çıxarmış və bu mətbu orqanların eks-nazirə qarşı qərəzli mövqedə olduğunu sübut etmişik. Təbii ki, bu qərəzin də, istər vəzifədə olduğu illərdə, istər də sonralar, Səfər Əbiyevə qarşı hücumlardan qaynaqlandığı və sifarişli olduğu sirr deyildi. Odur ki, “Yeni Müsavat”ın sonuncu “İşdən çıxarılan nazirlər - kimlər haradadır?” sərlövhəli yazısında “Sabiq nazirin Çexiyada çoxsaylı mülkləri var və hazırda o, Praqada yaşayır” – fikrinin də əslində məqsədli şəkildə cəmiyyətə ötürüldüyü şübhə doğurmur. Ən azı ona görə ki, bu qəzetin Səfər Əbiyev barəsində mənfi rəy formalaşdırmağa cəhd etmək siyasəti heç də yeni deyil, əksinə illərdir davam edir.
Məsələn, qəzetin 16 dekabr 2015-ci il tarixli sayında dərc olunan “Səfər Əbiyev qurtuldumu...” sərlövhəli yazısında “Əslində S.Əbiyevin həbs ediləcəyi haqda xəbərlər bir neçə ay öncə intensivləşmişdi. Lakin görünür, “MTN işi” bu məsələni arxa plana keçirib. Ancaq heç şübhəsiz ki, S.Əbiyevin məsələsi hər an yenidən qaldırıla bilər” – ifadələrin yer almasını sabiq nazirə qarşı hücumların tərkib hissəsi hesab etmək olar...
Təbii ki, “Yeni Müsavat”da Səfər Əbiyevin əleyhinə dərc olunan məqalələrin sayı onlarladır. Ancaq elə bu yazılardan da bəlli olur ki, sözügedən mətbu orqan keçmiş müdafiə nazirinə qarşı hücumlarda yer alan KİV-lərin önündə gedir. Şübhəsiz, bu yazıların hamısının sirafişli olduğunu iddia etmək də doğru olmaz. Çox güman ki, S.Əbiyev cəmiyyət üçün maraqlı persona olduğundan, “Yeni Müsavat” onun barəsində yazmaqla həm də özünə yeni oxucu auditoriyası toplamaq niyyətində olub. Odur ki, bütün bunları qəzetin biznes maraqları çəriçivəsində tamamilə təbii qəbul etmək olar. Ən azı ona görə ki, qəzet Səfər Əbiyev personası üzərindən özünə xal toplayır. Lakin istənilən mətbu orqanın keçmiş nazirin, o cümlədən hansısa bir məmurun və yaxud vətəndaşın ölkədə olduğunu bilərək, onun barəsində “ölkədən qaçdı”, “xaricə sığınıb” kimi ifadələr işlətməsi heç də peşəkarlığa dəlalət etmir. Həmçinin, ardıcıl olaraq yalan informasiyaların cəmiyyətə ötürülməsi oxucunun da qəzetə olan inamını öldürür…

Ümumiyyətlə, Səfər Əbiyevə qarşı hücumların arxasında hakimiyyətdə təmsil olunan Rusiyameylli məmurların durduğu cəmiyyətdə çoxlarına sirr deyil. Məsələn, bunlardan biri kimi Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıkovun adı çəkilir. Hansı ki, bir çox KİV-lər S.Əbiyev nazir olduğu dönəmdə N.Sadıkovun səlahiyyətlərinin tamamilə alındığı və onun öz vəzifəsini formalar olaraq icra etdiyi haqda informasiyalar verirdi. Həmçinin, keçmiş nazirin NATO ilə əməkdaşlığı genişləndirməsi də Rusiyanı və Azərbaycandakı ruspərəst məmurları ciddi narahat edirdi. Odur ki, onlar zaman-zaman Əbiyevə qarşı kampaniyalar təşkil etmək, müxtəlif mətbu orqanlarda sifarişli yazılar yazdırmaqla, hər zaman onu öz yolundan döndürməyə çalışıblar…
Ən maraqlısı isə odur ki, Səfər Əbiyevə qarşı hücumlar indi də davam etməkdədir. Təsadüfi deyil ki, istər “Yeni Müsavat”da, istər də digər qəzet və saytlarda keçmiş nazir barəsində “Səfər Əbiyev ölkədən qaçdı”, “Səfər Əbiyev Almaniyaya sığınıb”, “Səfər Əbiyev Çexiyadan siyasi sığınacaq alıb”, “Səfər Əbiyevin susqunluğunun sirri”, “Səfər Əbiyev həbs oluna bilər”, Səfər Əbiyev Çexiya vətəndaşı oldu” və s. sərlövhəli onlarla yazı dərc olunub. Lakin hər dəfə də sözügedən qəzet və saytlar öz yazdıqlarını birbaşa və ya dolayısı ilə təkzib etmək məcburiyyətində qalıblar. Məsələn, “Yeni Müsavat”ın 31 may 2016-cı il tarixli sayında dərc olunan “Səfər Əbiyevlə bağlı ən son xəbər: Bakıda, evindədir...” başlıqlı yazını da dediklərimizə misal göstərmək olar. Belə ki, qəzet bundan öncə dəfələrlə ayrı-ayrı məqalələrində Səfər Əbiyevin ölkədən qaçdığını iddia etsə də, həmin yazıda siyasi kuluarlarda Səfər Əbiyevə yaxınlığı ilə tanınan millət vəkili Vahid Əhmədovun belə bir açıqlamasını qeyd edir: “Kim nə deyir, nə yazır, yalandır, Səfər Əbiyevin hər hansı bir problemi yoxdur. Mən sonuncu dəfə onunla 20 gün əvvəl danışmışam. Hərdən səhhəti, yaxud digər şəxsi işləri ilə bağlı Türkiyəyə, digər xarici ölkələrə gedib-gəlir”. Həmin yazıda deputat sabiq nazirin ölkəyə giriş-çıxışı üçün də hansısa problemin olmadığını vurğulayıb.
Bunun ardınca isə qəzet əlavə edib: “Bir neçə dəqiqədən sonra V.Əhmədov əməkdaşımıza özü telefon açaraq bunları bildirdi: “Sizinlə danışandan sonra Səfər Əbiyevə zəng etdim. Bakıda, öz evində-eşiyindədir. Yazılanlar da hamısı şayiədir. Səfər Əbiyevin heç bir problemi yoxdur””.
Ancaq “Səfər Əbiyev ölkədən qaçdı” tipli yazılardan sonra istər eks-nazirin, istər də ona yaxın şəxslərin bu informasiyaları dəfələrlə təkzib etmələrinə rəğmən, “Yeni Müsabat”ın “İşdən çıxarılan nazirlər - kimlər haradadır?” başlıqlı yazıda “sabiq nazirin Praqada yaşadığını” iddia etməsi heç də obyektivlik, qərəzsizlik göstəricisi deyil. Hətta ilk baxışdan belə anlaşılır ki, əslində bu yazının ideyası da məhz kimlərinsə “Səfər Əbiyevi Çexiyaya göndərmək” niyyəti üzərində qurulub. Əks halda, bu gün tutaq ki, Rəsul Quliyevin ABŞ-da, Əli İnsanovun həbsdə, Fərhad Əliyevin Almaniyada və s. olduğunu xatırlatmaq oxucuya yeni nə verə bilər ki?! Yəqin ki, heç nə! Çünki, yazıda adları çəkilən şəxslərin bir çoxu mütəmadi olaraq mətbuatın gündəmində yer alırlar. Bəziləri isə onsuz da bu cəmiyyət üçün heç bir dəyər sahibi deyillər…

RƏŞAD, Hurriyyet.org

P.S. Əlbəttə, bu yazını yazmaqda məqsədimiz heç də Səfər Əbiyevi müdafiə etmək, yaxud “Yeni Müsavat”ı hədəfə almaq deyil. Sadəcə, qəzetdə dərc olunan sözügedən məqalə diqqətimizi cəlb etdiyindən, bu haqda yazmaq qərarına gəldik. Həm də ona görə ki, indi Səfər Əbiyevin ölkədə olub-olmadığını müəyyən etmək heç də çətin bir məsələ deyil. Xüsusən də “Yeni Müsavat” kimi nüfuzlu və geniş əhatə dairəsi olan bir qəzet üçün bunu öyrənmək daha asandır…