​"Səfir Evans artıq ABŞ hökumətinin əməkdaşı deyil”- SƏFİRLİKDƏN AÇIQLAMA

ABŞ keçmiş səfirin işğal altındakı Azərbaycan ərazilərinə səfər etməsinə münasibət bildirib

"Səfir Evans artıq ABŞ hökumətinin əməkdaşı deyil, sıravi vətəndaşdır. Biz sıravi vətəndaşlara Dağlıq Qarabağa səfər etməkdən çəkinməyi tövsiyə edirik".
 Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bu ölkənin Ermənistandakı keçmiş səfiri Con Evansın Dağlıq Qarabağa səfər etməsinə münasibət açıqlayarkən bildirilib.
 Səfirlikdən qeyd olunub ki, ABŞ, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımır.
Qeyd edək ki, C. Evans “Ermənistan uşaqları” Fondunun Direktorlar Şurasının müşaviri qismində fondun sədri ilə birlikdə özünü Dağlıq Qarabağdakı qondarma rejimin lideri adlandıran Bako Saakyanla görüşüb.
C. Evans 2004-2006-ci illərdə ABŞ-ın Ermənistanda səfiri olub.
Azərbaycan XİN onun adının arzuolunmaz şəxslər siyahısına daxil ediləcəyini açıqlayıb.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.