Şəfiqə Məmmədova uşaq bağçası açdı, uğursuz biznes onu həbsə apardı

Baxış sayı:
1135

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 62 yaşlı Şəfiqə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, Şəfiqə Məmmədovanın barəsində seçilmiş başqa yerə getməmək iltizam tədbiri dəyişdirlilb və məhkəmə zalından həbs olunub.
İstintaqla müəyyən edilib ki, Şəfiqə Musazədə uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyib. Daha sonra bir neçə dövlət bağçasının direktoru vəzifəsində çalışıb. 2018-ci ildə fərdi sahibkarlıq və fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib və özəl körpələr evi – uşaq bağçası açmaq fikrinə düşüb.  Ş.Musazədənin planına uyğun olaraq “Fidanlar” uşaq bağçası açılıb və istifadəyə verilib. Tanışlarına işçi axtardığını deyib. Həmçinin, “İnsragram” sosial şəbəkəsində iş elanı yerləşdirib. İşə qəbul olmaq üçün müraciət edənlərdən 1500-3000 manat arası pul alaraq həmin şəxsləri  bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.
Lakin bağça aylarla fəaliyyət göstərsə də, “Fidanlar” körpələr evində cəmi 9 nəfər uşaq olub. Başçaya bundan artıq uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.
Nəticədə bağça müdirəsinin pul alaraq işə götürdüyü şəxslər – Yeganə Mahmudova, Fatı Hüseynəliyeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər. Ş.Musazadə barəsində cinayət işi qaldırılıb, ona  qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələri ittiham irəli sürülüb.
Təqsirləndirilən Şəfiqə Musazadə ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilir. İfadəsində  deyir ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6 A ünvanındakı binanın 3-cü mərtəbəsində yerləşən 330 kvadrat metr qeyri-yaşayış sahəsini icarəyə götürmüşdü, təmir etdirmişdi, 17 min manat pul xərcləyərək müəyyən avadanlıqlar almışdı: “Sentyabr ayında bağça tam istismara hazır vəziyyətdə idi. İcarə haqqı kimi 22 min 500 manat pul ödəmişdim. 2018-ci ilin sentyabrı-noyabr aylarında bağçada ümumilikdə 12 uşaq olub. Uşaqlardan alınan pulları da işçilərə vermişəm”.
Ş.Musazadə ifadəsində icarə haqqını ödəyə bilmədiyiə görə obyektdən çıxarıldığını, bu səbəbdən “Fidanlar”  uşaq bağçası fəaliyyətini dayandırdığını, baş verənlərdən gərgin psixoloji sarsıntı keçirdiyini, intihara cəhd etdiyini bildirib.
Kolleci bitirən qızlarını işə düzəltmək istəyən Vasif Cəfərov isə başça müdirəsinə 6 min manat pul verdiyini deyib. İfadəsində bildirib ki, “İnstagram” sosial şəbəkəsində “Fidan”lar Körpələr evi işçi qəbul edir” başlıqlı iş elanına rast gəliblər, telefonla əlaqə saxladıqda bağça müdirəsi vakant yerlərin az olduğunu söyləyib.
“Qızımla birgə “Fidanlar” körpələr evinə getdim. Müdirə özü bizi qarşıladı. Qızları işə qəbul etmək üçün hər birinə görə 3 min manat istədi. O qədər pulum yox idi. Bir müddət sonra pul düzəldib qızımla birgə yenidən onun yanına getdik. Pulları Şəfiqə xanıma notarial qaydada verəcəyimi dedim, razılşadı. Hər birinə ayda 250 manat əmək haqqı vercəyini vəd etsə də, sonradan vədinə əməl etmədi. Hər dəfə müxtəlif bəhanələr gətirir, qızları işə götürməkdən yayınırdı”,-zərərçəkən deyib.
Digər zərərçəkmiş Yeganə Mahmudova da ifadəsində qızını işə düzəltmək üçün bağça müdirəsinə 3 min manat pul verdiyini bildirib. Ş.Musazadə onları inandırmaq üçün Vergilər Nazirliyindən, Təhsil Nazirliyindən və digər strukturlardan alınmış sənədləri göstərib, tam qanuni fəaliyyətlə məşğul olduqlarını, əmək haqqı kartı veriləcəyini, əmək müqaviləsi bağlanacağını deyib: “Onun dediklərinə inandım, 3 min manat pul tapıb verdim. Qızımı nə zaman işə götürəcəyi ilə bağlı soruşanda, zəng vuranda  hər dəfə bir bəhanə gətirdi, vaxtı uzatdı. Qızımla birgə Şəfiqənin yanına gəlib pulumu geri istədim. Tez bir zamanda qaytaracağını dedi. Sonradan isə zənglərimə də cavab vermədi. Bir müddət sonra eşitdim ki, intihara cəhd edib”.
“Fidanlar” körpələr evində müəllimə işləmək niyyətində olan Ülviyyə Qaziyeva da eyni üsulla aldadılıb. “İnstagram” da iş elanına rast gələn Ü.Qazıyeva bağça müdirəsinə zəng vurub  iş axtardığını deyib. Ş.Musazadə də öz növbəsində ona müəllimə kimi işə düzəlməyin qiymətinin 3 min manat olduğunu deyib: “Məktəbəqədər hazırlıq müəllimi kimi işə götürəcəyini, aylıq 250 manat maaş verəcəyini dedi. Sonradan nə qədər zəng vursam da hər dəfə bir bəhanə gətirirdi. Ona görə də pulumu geri tələb etdim”.
Uşaq bağçasına işçi axtarılması ilə bağlı elana yol kənarında rastlaşan Fatı Hüseynəliyeva orada göstərilən telefon nömrəsinə zəng vurub. Dəstəyi Ş.Musazədə götürüb və onu iş yerinə dəvət edib. F.Hüseynova anası ilə birgə həmin ünvana yollanıb.
Zərərçəkmişin ifadəsindən: “Tibb bacısı, ya da dayə kimi işə götürəcəyini, 200  manat əməkhaqqı verəcəyini bildirdi. Bunun üçün isə 2 min manat verməli olduğumuzu dedi. Əvvəl 500, sonrasa 1500 manat verdik. 2018-ci ilin sentyabrından əmək müqaviləsi, rəsmi sənədləşmə olmadan bağçaya tibb bacısı kimi işə çıxdım. Amma faktiki olaraq heç bir iş görmədim, müəllimələrə kömək etdim. İşlədiyim müddətdə bağçada cəmi yeddi-səkkiz nəfər uşaq olub. Noyabrda isə bağça bağlandı”.
Şəfiqə Musazadə istintaq və məhkəmə dövründə həbs olunmayıb və ev dustaqlığında qalıb. O, məhkəmədə deyib ki, əslində, kimsəni aldatmaq fikri olmayıb, heç aldatmayıb da. Adamlardan aldığı pulları da özünə xərcləməyib, özəl bağçanın yerləşdiyi məkanın sahibinə icarə haqqı verib. Bir hissəsini də əvvəlki aylarda maaş kimi, işçilərə ödəyib. Onun sözlərinə görə, bağçaya cəmi 9 uşaq cəlb edə bildiklərindən, gəlir xərci ödəməyib, pis duruma düşüblər.
Zərərçəkənlər məhkəmədə də verdikləri pulu geri istəyiblər. Amma o, Ş. Musazadə ödəməyə imkanı olmadığını söyləyib: “Hamı bilir ki, mən o pulları icarəhaqqına ödəmişəm. Pulları qaytarmağa imkanım yoxdur”.
Bağça müdiri pulu ödəmədiyindən, zərərçəkənlər şikayətlərini geri götürməyiblər. Məhkəmənin hökmünə əsasən, Ş.Musazadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.