Sevdiyi qızla mübahisə etdi, qardaşının qanını tökdü - Cinayət işi

Baxış sayı:
9334

Gəncədə sevdiyi qızın qardaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Fuad Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Fuad Əhmədov 2015-ci ilin yanvarından tanışlıq münasibətində olduğu Səbinə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə son vaxtlar aralarında mübahisə yaranıb.

Sevdiyindən ayrıldı, barəsində xoşagəlməz sözlər yaydı

Fuad Əhmədov Səbinə Məmmədovanı nalayiq sözlərlə söyüb, onun ünvanına başqa-başqa adamların yanında xoşagəlməz sözlər danışıb.

Bu səbəbdən Səbinə Məmmədovanın qardaşı Xalid bir neçə dəfə telefon vasitəsilə Fuad Əhmədov ilə danışaraq ondan bacısı Səbinəni narahat etməməyi, bacısının barəsində böhtan xarakterli sözlər danışmamağı tələb edib.

Buna baxmayaraq, Fuad Əhmədov Səbinədən əl çəkməyib, yenə də sonuncunun işlədiyi mağazanın qarşısına gedib, orada təhqiredici hərəkətlərə yol verməklə ayrı-ayrı şəxslərin yanında söz-söhbətə səbəb olan ifadələr işlədib.

Sevdiyi qızın ailəsi ilə gərginlik

Onun bu hərəkətləri Səbinə Məmmədovanın ailə üzvüləri ilə, xüsusən də qardaşı Xalidlə aralarında münasibətlərin daha da gərginləşməsinə səbəb olub.

Belə ki, Fuad Əhmədov 10 may 2016-cı il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Nizami prospektində “Zabitlər evi”nin yaxınlığında yerləşən çayxanaya gedib.

Çayxanada təsadüfü görüş

Orada təsadüfən rastlaşdığı Xalid Məmmədov yenidən ondan bacısı Səbinədən əl çəkməsini, ondan uzaq durmasını tələb edib. Bu səbəbdən onların arasında mübahisə baş verib.

Həmin vaxt ərazidə çoxlu sayda adamların olduğunu görən Xalid Məmmədov mübahisələrini “Xan sarayı” adlanan şadlıq sarayının yanında davam etdirməyi təklif edib. Fuad Əhmədovda onunla razılaşıb və birlikdə həmin əraziyə gəliblər.

Başından vurdu, qanı töküldü

Orada Fuad Əhmədov Xalidin ünvanına nalayiq söyüşlər söyüb. Bu vaxt isə Xalid Məmmədov Fuad Əhmədovun başına əli ilə arxadan güclü zərbə vurub.

Bundan əsəbiləşən Fuad Əhmədov Xalid Məmmədovdan qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə Fuad Əhmədov cibində olan bıçağı çıxarıb və Xalidə zərbələr verib.

Bu zaman Xalid Məmmədov yaxınlıqda olan parkın kənarından ağac parçası götürüb və həmin ağacla Fuad Əhmədova aktiv müqavimət göstərib, onu özündən kənarlaşdırmasına nail olub.

Yaralı xəstəxanaya, cinayətkar həbsə göndərildi

Bundan sonra Xalid Məmmədov hadisə şahidlərinin köməkliyi ilə vaxtında xəstəxanaya çatdırılıb, ona ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Fuad Əhmədov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əhmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fuad Əhmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəllənin 126.1-ci maddəsi ilə qymətləndirilməsini, ədalətli cəza təyin edilməsini xahiş edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Fuad Əhmədovun şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Fuad Əhmədov kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Famil Əhmədovun kasasiya şikayəti təmin olunmayıb.//publika