“Senzuraya məruz qalmadan...” - Gənc şairdən təklif

Baxış sayı:
12274

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Tural Turan ədəbiyyat televizyasının açılması ilə bağla təklif irəli sürüb. AYB üzvü bu addımın diqqətə alınmasında Milli Televiziya və Radio Şurasını məsul hesab edib.
Muxalifet.az prezident təqaüdçüsünün təklifini olduğu kimi təqdim edir:
"Təklif edirəm ki, Azərbaycanda sırf ədəbiyyat televiziyası açılsın. Orada müxtyəlif düşüncəli ədəbiyyat adamlarına, xüsusən də gənclərə yer verilsin. Senzuraya məruz qalmadan bütün səslənən fikirlər efirə getsin. Yazarların siyasi və ictimai baxışları nəzərə alınmadan onlara efir vaxtı ayrılsın. Verilişlərə dəvət edilsin. Verilişləri isə peşəkar ədəbiyyatçılar, söz adamları tərəfindən aparılsın. Canlı verilişlərə üstünlük verilsin.
Bu televiziyada - (mən ad olaraq Ədəbiyyat TV (və ya Ədəb TV) təklif edirəm) sanballı verilişlər hazırlansın. Əsasən müasir ədəbiyyatımızın problemləri qabardılsa, daha yaxşı olar. Bu televiziyanın müəyyən ədəbiyyat inhisarçılarının reklam vasitəsi, aləti olmasının da qəti şəkildə əleyhinəyəm. Tam şəkildə azad ədəbi söz meydanı olmasını təklif edirəm. Hətta "Gənc yazar saatı", "Yeni romanlar", "Yeni şeirlər" kimi xüsusi verilişlərin efirlərə getməsini təklif edirəm. Belə olan halda onsuz da ortalıqda qalmış ən yeni dövr Azərbaycan ədəbiyyatı nümayəndələrinə bəlkə bir gün doğar. Xalq və sənət adamları istedada əsl qiymətini verər.
İnanın ki, belə bir televiziyanın ekranlara çıxması cəmiyyətimizdə kitaba, öz yazarlarımıza olan marağı artıracaq. Onların kitablarının satışına təsir edəcək. İnsanlar kitaba təhrik olunacaqlar.
Bəlkə bundan sonra ədəbi prosesimizdə canlanma yaranar. Bədəviləşməkdə olan ədəbi mühitimiz ədəbiləşər. Yaxşı polemikaların, şahidi olarıq. Ədəbi mühitimiz rəngarəngələşər.
Ümid edirəm ki, Milli Televiziya və Radio Şurası məsələni diqqətə alacaq".