SENTYABRDA NÖVBƏTİ DEVALVASİYA GÖZLƏNİLİR

Baxış sayı:
11458

Natiq Cəfərli: "Maddi nemətlər istehsal edə, əlavə dəyər yarada bilməyən ölkələrdə maaş-təqaüd artımı həmişə inflyasiyanı yüksəldir, milli valyutanın məzənnəsini aşağı salır"

Qadir İbrahimli: "Hökumət anti-inflyasion tədbirlər görməlidir ki, inflyasiya həddi minimuma ensin"

Xəbər verdiyimiz kimi, iyunun 18-də ölkə başçısı minimum aylıq əməkhaqqının, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq məvacibinin artırılması haqqında sərəncam imzalayıb. Belə ki, 2019-cu il sentyabrın 1-dən qüvvəyə minəcək sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib və məhz həmin tarixdən etibarən büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.

Onu da qeyd edək ki, prezidentin sərəncamı ilə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmalıdır. Bundan başqa, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin də əməkhaqqısı eyni vaxtdan orta hesabla 20 faiz artırılacaq. Dövlət başçısının başqa bir sərəncamı isə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılmasından bəhs edilir. Habelə, Nazirlər Kabinetinə tapşırılır ki, Maliyyə Nazirliyinin təklifləri əsasında Xüsusi Dövlət Mühafizə Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində Azərbaycan Prezidentinə təqdim etsin və bu sərəncamdan irəli gələn məsələləri həll etsin. Bu sərəncam da sentyabrın 1-dən qüvvəyə minir. Prezidetin başqa bir sərəncamı ilə də Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşları da orta hesabla 40 faiz həcmində artırılıb. Yenə Nazirlər Kabineti Maliyyə Nazirliyinin təklifləri əsasında Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş günə hazırlayıb Prezidentə təqdim etməlidir. Onların da əməkhaqqları sentyabrın 1-dən artmalıdır. Vəzifə maaşları orta hesabla qeyd edilən tarixdən 40 faiz artacaq qurumlardan biri də Dövlət Gömrük Komitəsinin işçilərdir. Söhbət ilk növbədə orada xüsusi rütbəsi olan əməkdaşlardan gedir. Amma Nazirlər Kabineti bu qurumda da dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində prezidentə verməlidir. Həmçinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) da aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faiz həcmində artırılır. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçiləri ilə də bağlı təklif yenə 5 günə prezidentə təqdim edilməlidir. Bu Sərəncam da 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Nəzərinizə çatdıraq ki, ölkə başçısının imzaladığı başqa bir sərəncamı da Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin, Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqındadır. Bu sərəncam da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə bağlı imzalanan sənəddən fərqlənmir. Habelə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və dövlət qulluqçusu olmayan mülki işçilərinin də əməkhaqları eyni qaydada və eyni vaxtda artırılmalıdır. İyunun 18-də eyni qaydada sevinənlər arasına Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəli əməkdaşları və dövlət qulluqçusu olmayan mülki işçiləri də daxil edilib. Bütün bunlardan başqa, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşları artırılır. Bu sərəncamlarda da artım faizi və vaxtı eynidir. Prezident eyni qaydada Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və bu qurumun dövlət qulluqçusu olmayan mülki işçilərini də unutmayıb. Eyni çəkili daha bir prezident sərəncamı isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçusu olmayan mülki işçiləri haqqındadır. Dövlət başçısı Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçusu olmayan mülki işçilərini də unutmayıb. Onların da əməkhaqqları eyni tarixdə, eyni faizlə artcaq.

Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Həmin artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir. Onu da bildirək ki, yeni "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Sərəncamdan sonra Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq.

"Çox güman, sentyabrda başqa məzənnə rejimi görünəcək"

“Məmləkətdə korrupsiyaya münasibətin dəyişməsi seçki institutunun formalaşmasından asılıdır” - NATİQ CƏFƏRLİ

Bu arada, "Hürriyyət" xəbər verir ki, minimum əməkhaqqının 250 manata çatmasının, eyni zamanda çox sayda dövlət-hökumət qulluqçularının maaşının 40 faiz artmasının yaxşı xəbər olduğunu vurğulayan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanda maaşlar çox aşağıdır və bu səbəbdən də qalxmalıdır: "Yəqin ki, təqaüdlər də qalxacaq, bunu da etmək lazımdır. Amma ölkə iqtisadiyyatı parazitdir və bəsit sistem üzərinə inşa edilib. Ölkə əlavə dəyər yaratmır, ixracın 91,2 faizi enerji resurslarıdır, ciddi valyuta gətirən tək sahə də təbii sərvətlərdir". İqtisadçının sözlərinə görə, belə olan halda manatla ödənilən maaşlar, təqaüdlər artırsa, büdcəyə ödəmək üçün Neft Fondundan götürülən dollar da artmalıdır ki, onu manata çevirib artmış xərcləri ödəyəsən: "Ya da, dollar olaraq məbləğ dəyişməyəcək, amma həmin dolların manat ekvivalenti artacaq. "Necə? Çox sadə: Dollar indiki 1.70 manat məzənnəsindən 2 manat və daha yuxarı məzənnəyə qalxacaq. Maddi nemətlər istehsal edə, əlavə dəyər yarada bilməyən ölkələrdə maaş-təqaüd artımı həmişə inflyasiyanı yüksəldir, milli valyutanın məzənnəsini aşağı salır". Natiq Cəfərlinin fikrincə, maaş artımı qərarı gələcək devalvasiyanın müjdəsidir: "Çox güman, sentyabrda başqa məzənnə rejimi görünəcək".

"Maaşların artımı devalvasiya yox, inflyasiya riski yaradır"

Картинки по запросу Qadir İbrahimli

Son 6 ayda minimum əməkhaqqının 2 dəfəyə yaxın artdığını deyən "Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı ekspert Qadir İbrahimli isə bu qənaətdədir ki, bu, artım dinamikasına görə yaxşı göstəricidir: "Ümid edək ki, davamlı tendensiya olacaq! Lakin maaşların artımı devalvasiya yox, inflyasiya riski yaradır. Yaxın gələcəkdə devalvasiya (yəni manatın xarici valyutalara nisbətdə dəyərini itirməsi) təhlükəsi yoxdur. Maaşların artımının isə inflyasiya riski yaratması təbii iqtisadi qanunauyğunluqdur. Dövriyyədə pul kütləsi artırsa, inflyasiya riski avtomatik olaraq yaranır". Ekspertin bildirdiyinə görə, hökumət anti-inflyasion tədbirlər görməlidir ki, inflyasiya həddi minimuma ensin: "Maaşlar 40 faiz qalxıbsa, inflyasiya həddi 2-3 faizdirsə, deməli, real gəlirlər 37-38 faiz artır. Təbii ki, hökumətin effektiv anti-inflyasion siyasəti olmasa, bu göstərici 20-25 faizə və daha aşağı enə bilər".

Valeh TÜRKSOY, Hurriyyet.org