Şengen vizası üçün müraciət qaydalarında nələr dəyişib?

Baxış sayı:
2407

Şengen vizası üçün müraciət qaydalarına dəyişikliklər 2 fevraldan etibarən qüvvəyə minib.

Dəyişikliklər viza rüsumlarının artmasından, elektron müraciət göndərmək imkanından və müraciət tarixinin dəyişməsindən ibarətdir.

Azərbaycan vətəndaşları üçün ödənişlər artacaqmı?

Viza rüsumları baxımından yeni qaydalar Azərbaycana təsir etməyəcək.

Azərbaycan vətəndaşları viza prosedurunun sadələşdirilməsi haqqında Aİ ilə imzalanmış sazişə uyğun olaraq 35 avro ödəməyə davam edəcəklər.

Viza rüsümları həmçinin Ermənistan və Rusiya vətəndaşları üçün də eyni səviyyədə qalacaq.

Lakin digər ölkələr üçün vəziyyət dəyişib.

İndiyədək 60 avro rüsüm ödəyən ölkələrin vətəndaşları 80 avro ödəməli olacaqlar.

6-12 yaş arası uşaqlar üçünsə rüsüm 35 avrodan 40 avroya qaldırılıb.

Şengen vizası nədir?

Şengen zonasına daxil olan 26 Avropa ölkəsinə qısa müddətli səyahət üçün verilən viza belə adlanır.

Bu vizanı alan şəxs Şengen zonasındakı bütün ölkələrə giriş hüququnu qazanır.

Səyahət və ya işgüzar səfər üçün verilən Şengen vizası 180 gün ərzində toplam 90 gün həmin ölkələrdə qalmağa imkan verir.

Şengen zonasına daxil olan ölkələr
AlmaniyaİsveçNorveç
AvstriyaİsveçrəPolşa
BelçikaİtaliyaPortuqaliya
ÇexiyaİslandiyaSlovakiya
DanimarkaLatviyaSloveniya
EstoniyaLixtenşteynYunanıstan
FinlandiyaLitva 
FransaLüksemburq 
NiderlandMacarıstan 
İspaniyaMalta 

Elektron müraciət imkanı yaradılıb

Viza üçün müraciət qaydası sadələşdirilib.

Şengen zonasına daxil olan ölkələr artıq elektron müraciətlər də qəbul edəcəklər.

Müraciət formalarını elektron qaydada imzalayıb göndərmək mümkün olacaq.

Müraciət müddəti artırılıb

İndiyə qədər Şengen vizası üçün müraciət müddəti səyahət tarixindən ən azı 3 ay əvvəl təqdim edilməliydi.

Yeni qaydalarda bu müddət 6 aya qaldırılıb.

Tez-tez səyahət edənlər üçün güzəşt nəzərdə tutulub

Şengen ölkələrini ziyarət etmiş və viza tarixçəsində heç bir problem olmamış şəxslərin 1 ildən 5 ilə qədər çoxgirişli viza almaları asanlaşdırılıb.

Onlar vizada göstərilən müddət ərzində Şengen ölkələrinə bir neçə dəfə gedə biləcəklər.

Qaydalar niyə dəyişdi?

Turizm və səyahət Avropa iqtisadiyyatında önəmli rol oynayır. Turizm marşrutları baxımından Aİ ölkələri ilk yerləri tuturlar.

Avropa İttifaqının rəsmi saytındakı məlumata görə, son 9 ildə Aİ üzvü olan ölkələrə viza müraciətləri 57 faiz artıb - 2009-cu ildə 10,2 milyon müraciət olmuşdusa, 2018-ci ildə bu say 16 milyona yüksəlib.

Ona görə də təhlükəsizlik və nəzarət məsələlərini təmin etmək şərtilə, viza qaydalarını sadələşdirmək ehtiyacı yaranıb. Viza rüsumları sonuncu dəfə 2006-cı ildə artırılmışdı.

Müraciətdə hansı məlumatlar qeyd olunmalıdır?

İmzalı müraciət formasında son 10 il ərzində alınmış və yeni səyahətdən qayıdandan sonra ən azı 3 ay keçərli olacaq pasportun göstəriciləri, şəkil, tibbi sığorta, səyahət zamanı xərcləməyə yetəcək qədər gəlir sahibi olduğunu təsdiq edən sənəd, səyahət səbəbiylə bağlı sənədlər əks olunmalıdır.

Viza müraciətinə hansı müddət ərzində cavab verilir?

Müraciətə baxılma müddəti maksimum 15 gündür.

Əlavə araşdırma tələb edən hallarda bu müddət artırıla bilər.