Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı – “Rəis” Badri ilə nə barədə söhbət edib?

Baxış sayı:
13369

Türkiyənin yeraltı dünyasının lideri Sedat Pekerin (“Rəis”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla konfliktdə olan gürcü əsilli kriminal avtoritet Badri Koquaşvili (“Badri Kutaisi”) ilə görüşü barədə açıqlama yayılıb. Muxalifet.az Yenisabah.az-a istinadən xəbər verir ki, Sedat Pekerin adından yayılan açıqlamada bildirilir ki, Badri Koquaşvilinin Nadir Səlifovu zərərsizləşdirməkdə ona yardımçı olmasını xahiş etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Sedat Peker bildirib ki, Badri Koquaşvili ilə tanışlığı Gursel Sayful adlı dostunun təqdimatı ilə baş tutub. O, Badri Koquaşvilini şərəfli bir insan kimi xarakterizə edib. “Şərəfli bir adam olaraq evimə gəldi, şərəfli bir adam olaraq ayrıldı”, - deyə Sedat Peker bildirib. Onun sözlərinə görə, Badri Koquaşvili görüşündə ticarət və beynəlxalq siyasətdən danışıblar. “Rəis” daha sonra deyib: “O, sülhpərvər bir insandır. Deyildiyi kimi mənə hansısa bir təklif etməyib (“Quli” ilə bağlı təklif nəzərdə tutulur). Zatən, mənə elə bir təklifi heç kim edə bilməz”. Badri Koquaşvili ilə Nadir Səlifov arasında konflikt gürcü əslilli “qanuni oğru” Quram Çixladzeyə (“Kvejoeviç”) görə yaranıb. O, Nadir Səlifovla görüşdə vurulub. Quram Çixladzeni vuran şəxs isə Nadir Səlifova yaxınlığı ilə seçilən qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (“Arman Dikiy”) olub. Sonradan o, Quram Çixladzenin titulundan xəbərsiz olduğunu deyib. Problem yerində həll olunsa da, hadisədən xəbər tutan Badri Koquaşvili onun “qanuni oğru” titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Badri Koquaşvilinin arqumenti budur ki, Nadir Səlifov “qanuni oğru”nun vurulmasına laqeyd yanaşıb. Lakin bu məsələdə Badri Koquaşvili kifayət qədər dəstək qazana bilməyib. Əksinə, özünün “qanuni oğru” statusu şübhə altına alınıb. Badri Koquaşvili Nadir Səlifovu “tormozit” etmək üçün hətta Avropadakı “qanuni oğru”larla görüşüb. Yenə də bir nəticə alınmayıb. Badri Koquaşvilinin Sedat Pekerlə görüşündən sonra isə Rusiya KİV-i məlumat yaymışdı ki, o, türkiyəli kriminal avtoritetdən Nadir Səlifov məsələsində yardım istəyib. Sedat Peker isə ona rədd cavabı verib. Bu məlumatdan sonra Sedat Peker “İnstaqram” səhifəsində Arman Cumagəldiyevlə fotosunu paylaşıb. Rusiya mediası bunu Badri Koquaşvilinin Türkiyədə tələyə salınması kimi dəyərləndirib. Sedat Peker isə Badri Koquşavili ilə görüşü barədə şəxsən açıqlama yaymaqla məsələnin heç də təqdim edildiyi kimi olmadığını ortaya qoyub. Eyni zamanda özünün bu konfliktdə tərəfsiz olduğunu nümayış etdirib.