"SEÇKİNİN NƏTİCƏSİ DİGƏR NAMİZƏDİN XEYRİNƏ SAXTALAŞDIRILIB" - İqbal Ağazadə prezidentə və baş prokurora müraciət etdi

Baxış sayı:
1912

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə ölkə rəhbərliyinə, baş prokurora, habelə MSK-ya müraciət edərək bu dairədə səsvermənin nəticələrinin saxtalaşdırılmasına dair faktları araşdırmağa çağırıb.

İqbal Ağazadə həmin seçkilərdə özünün şəksiz qələbəsinə əmindir, qeyd edir ki, nəticələr digər namizədin xeyrinə saxtalaşdırılıb. Xatırladaq ki, MSK rəsmi olmayan nəticələrə görə həmin dairədən Rauf Arifoğlunu qalib elan edib.

İ.Ağazadə bildirir ki, onun əlində foto və videosübutlar, habelə 22 seçki məntəqəsində qalib gəldiyini sübut edən möhürlü, imzalı protokollar var.  O, əlində olan bütün faktları sosial şəbəkələr üzərindən yayıb və MSK-ya təqdim edib.

Xatırladaq ki, MSK İqbal Ağazadənin şikayətini baxılmaq üçün Dairə Seçki Komissiyasına göndərib. DSK bu şikayətə üç gün ərzində baxmalıdır. Əgər araşdırmanın nəticəsi namizədi qane etməsə o, MSK-ya müraciət edə bilər. MSK-nın qərarından narazı qalacağı təqdirsə məhkəməyə üz tutmaq hüququ var.

MSK rəhbərliyi ötən gün xəbərdarlıq edib ki, səsvermə günü baş vermiş pozuntulara dair bütün faktlar, müraciətlər diqqətlə araşdırılacaq. Araşdırmaların nəticələrinə əsasən kəskin addımlar atılacaq, o cümlədən bəzi dairələrdə nəticələrin ləğvi də mümkündür.