“SEÇKİLƏRİN NƏTİCƏSİ LƏĞV OLUNMALIDIR” - Müxalif partiyadan sərt bəyanat

Baxış sayı:
2872

Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyəti Azərbaycan Respublikası Milli Məclisinə 09 fevral 2020-ci ildə keçirilmiş seçkilərlə bağlı bəyanatla çıxış edib.
Muxalifet.az
xəbər veürir ki, bəyanatda deyilir:
“Azərbaycan Milli Məclisinə bir gün əvvəl keçirilən seçkilər zamanı ölkənin bütün ərazisində kobud qanun pozuntuları, kütləvi saxtakarlıq qeydə alınmış, seçki komissiyalarının, büdcə təşkilatlarının, müxtəlif dövlət qurumlarının, bələdiyyələrin iştirakı ilə təşkil olunmuş kütləvi seçki cinayəti baş vermişdir. Belə ki, əksər seçki məntəqələrində iştirak etmiş seçici sayının süni artırılması, seçki karusellərinin təşkili ilə səsverməyə müdaxilələr, seçiciyə təkrar səsvermə üçün şəraitin yaradılması, seçici siyahısında adı olmayanların səsverməyə buraxılması, müxalifət partiyalarından olan və bir sıra müstəqil müşahidəçilərə qarşı təzyiqlərin göstərilməsi, bir sözlə seçki prosesinin tamamilə qanunsuz, qeyri azad və qeyri şəffaf, antidemokratik keçirilməsi ilə bağlı çoxsaylı, təkzibedilməz faktlar qeydə alınmışdır.
ADP hesab edir ki, bu seçkilər tam saxtakarlıqla keçirilib, seçkinin nəticələri vətəndaşın iradəsini əks etdirmir və bu cür seçkinin saxta nəticələri əsasında deputat elan edilmiş şəxslər xalqımızı təmsil edə bilməz.
ADP hüquq mühafizə qurumlarını, həyata keçirilmiş kütləvi saxtakarlıqda iştirak etmiş seçki komissiyaları üzvlərini, icra və bələdiyyə işçilərini, habelə bu prosesə cəlb edilmiş sıravi vətəndaşları, xüsusilə də seçki saxtakarlıqlarını sifariş verən yüksək dövlət rəsmilərini dövlətə və xalqa qarşı cinayətdə iştirak etdiklərinə görə cinayət qanunvericiliyinə uyğun olaraq haqlarında cinayət araşdırması başlatmağa və qanuna müvafiq olaraq cəzalandırmağa çağırıb.
ADP, mövcud hakimiyyəti Milli Məclisə 09.02.2020-ci ildə keçirilmiş seçkilərin nəticələrini ləğv etməyə və Respublika Konstitusiyasına uyğun olaraq xalqın iradəsi ilə parlamentin formalaşması üçün yeni, azad, demokratik və qanuni seçkilər elan etməyə çağırıb”.
Muxalifet.az