"SEÇKİLƏRDƏ 8 QÜVVƏ İLƏ MÜBARİZƏ APARDIM" – ADP sədri

Baxış sayı:
2575

Sərdar Cəlaloğlu: “Revanşist müxalifət seçkidə iştirakım ətrafında qeyri-sağlam rəy formalaşdırmağa, seçiciləri məndən uzaqlaşdırmağa çalışırdı"

Aprelin 11-də ölkədə növbədənkənar prezident seçkiləri keçirilib. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı rəsmi məlumatda deyilir ki, 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib və 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 səsvermə bülleteni sayılıb. Qeyd edək ki, səsvermənin ilkin nəticələrinə görə, namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən İlham Əliyev 86.03 faiz, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc 3.11, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 3.03, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev 3.02, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 1.52, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 1.38, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 1.17 və "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülən Razi Nurullayev 0.74 faiz səs toplayıb.
Onu da nəzərinizə çatdıraq ki, seçki günü gecə saatlarında verilən məlumatda isə seçki kampaniyası ərzində açıq şəkildə Rusiyayönlü siyasətin tərəfdarı kimi çıxış edən Qüdrət Həsənquliyevin 2-ci yerdə qərarlaşdığı deyilirdi. Seçkinin səhəri günü isə BAXCP sədri 2 pillə gerilədi. Lakin bunun seçkinin ümumi nəticəsinə heç bir təsiri olmadı. Belə ki, 15 oktyabr 2003-cü ildə 76.8 faiz, 15 oktyabr 2008-ci ildə 88.73, 9 oktyabr 2013-cü ildə 84,54 faiz səs toplayan İlham Əliyev 11 aprel 2018-ci ildə 86.03 faiz səslə qarşıdakı 7 il müddətinə Azərbaycan prezidenti seçildi. Maraqlıdır, görəsən növbədənkənar prezident seçkilərində iştirak edən namizədlərdən biri kimi ADP sədri Sərdar Cəlaloğlu prosesi necə dəyərləndirir və ümumiyyətlə, nəticələrlə razıdırmı? Bu və digər bir sıra suallarla bağlı fikirlərini öyrənmək məqsədilə Sərdar bəylə söhbətləşdik.
 
- Sərdar bəy, seçki prosesini ilk gündən son anadək necə xarakterizə edə bilərsiniz?
 
- Əvvəla onu deyim ki, saxta və ya qeyri-saxta keçirilməsindən asılı olmayaraq, seçki prosesi xalqın ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biridir. Yəni burda saxtakarlıq edən, saxtakarlığa qarşı mübarizə aparan, seçkiyə gələn, hətta şüurlu şəkildə seçkiyə gəlməyən də öz siyasi taleyi ilə bağlı qərar verir. Tarixdən də məlumdur ki, bəzi ölkələrdə seçkilərin olması üçün milyonlarla insan qurban verilib. Bəşəriyyət seçkili rejimin yaranmasından ötrü yolu heç də asan keçməyib. Misal kimi, Kromvel hərəkatını, feodal burjua inqilabını, Avropada seçkili monarxiyaların yaranmasını göstərmək olar. Bu baxımdan, seçkilərin özü ictimai-siyasi mahiyyətinə görə, keyfiyyətli və ya keyfiyyətsiz keçirilməsindən asılı olmayaraq, Azərbaycan cəmiyyətində ən böyük hadisələrdən biridir.
 
Azərbaycan cəmiyyətinin və siyasi qüvvələrinin bu seçkiyə verdiyi qiymət seçkinin əhəmiyyəti ilə müqayisədə qeyri-adekvatdır. Məsələn, seçki saxtalaşdırılacaq deyə seçkiyə gəlməmək və ya seçkini boykot etmək, işim var seçkiyə gəlmirəm, tənbəllik edib seçkiyə gəlməməyin özü çox böyük yanlışlıqdır. Halbuki seçkini boykot edənlər də səsvermədə iştirak edib bütün namizədlərin adlarının üzərindən xətt çəkə bilərdilər. Bununla deyərdilər ki, biz bu 8 namizədin heç birini müdafiə etmirik. Bununla da etibarsız bülletenlərin sayı bəlkə də 50-55 faizə gəlib çatardı. Yalnız onda bu seçkinin boykot olunduğu məlum olacaqdı. Amma seçkiyə gəlməməklə onu boykot etmək mümkün deyil. Yəni boykotçuların özünün belə, seçki ilə bağlı seçdiyi yol yanlışdır. ADP olaraq bizim üçün isə demokratiya hər şeydən öndə olduğuna görə, seçkilərdə iştirakı vacib hesab etdik. İlk öncə digər qüvvələrə prosesdə iştirak etmələrini təklif etdik. Çünki maliyyə və digər resurslarımız kifayət qədər deyildi, çox aşağı idi. Buna görə də bizdən daha imkanlı qüvvələrə seçkiyə getməyi təklif etdik və onlara dəstək verəcəyimizi bildirdik. Heç kəs prosesə qatılmadığından biz tam hazırlıqsız bir vəziyyətdə seçkiyə getməyə məcbur olduq. Açığı deyim ki, əgər yetərincə vaxtımız, maliyyə və digər resurslarımız olsaydı, onda indi əldə etdiyimizdən 10 dəfə artıq nəticə əldə edə bilərdik. Yəni seçkilərin vaxtından əvvəl keçirilməsi və qeyd etdiyim resurslarımızın yetərincə olmaması sonda işimizə kifayət qədər təsir etdi.
 
- Əldə etdiyiniz nəticədən razısınızmı?
 

Yeri gəlmişkən, onu da bildirim ki, bu seçkilərdə mən yalnız 7 nəfər alternativ namizədlə mübarizə aparmadım. 8 qüvvə ilə mübarizə apardım ki, onlardan biri də seçkilərdən kənarda qalan revanşist müxalifət idi. Həmin revanşist müxalifət gecə-gündüz məni təhqir edir, seçkidə iştirakım ətrafında qeyri-sağlam rəy formalaşdırmağa, seçiciləri məndən uzaqlaşdırmağa çalışırdı. 7 namizəd isə birmənalı şəkildə hökumətin mənafeyini müdafiə edən qüvvələr idi. Onların ayrı-ayrı namizəd kimi prosesə qatılması o demək deyil ki, onlar doğrudan da fərqli namizədlərdir. Bu baxımdan, mənim üçün qeyri-bərabər döyüş idi. Çünki 8 qüvvəyə qarşı tək mübarizə aparırdım. Odur ki, bunu da nəzərə aldıqda, əldə etdiyim nəticələr gözlədiyimdən çox yüksəkdir. Ən böyük nəticə isə bu günə qədər könüllü olaraq seçkiyə getməyən, seçkinin hər hansı əhəmiyyətini qəbul etməyən insanların birmənalı şəkildə seçkiyə gəlməsi oldu. Söhbət mənə səs verənlərdən gedir. Yəni faktiki olaraq seçkiyə gələnlərin sayını nəzərə alsaq, onda mən bəlkə də birinci yerdəydim. İlham Əliyevi resursları baxımından bir kənara qoyduqda, deyə bilərəm ki, mən yerdə qalan namizədlərin seçkiyə gətirdiyi adamlardan daha çox gətirmişəm. Buna da əminəm. Çünki keçirilən görüşlərdə və digər tədbirlərdə insanların mənə münasibətindən, prsoseslərə yanaşmasından bunun şahidi oldum. Bu səbəbdən də həm seçkidə iştirakımızı, həm də əldə etdiyimiz faktiki nəticələri çox yüksək dəyərləndirirəm. Bu qısa vaxt ərzində mən cəmiyyətə indiyədək heç kim tərəfindən çatdırılmayan mesajlar verdim, Azərbaycan türklərinin adının özünə qaytarılması, Türk konfederasiyası, yoxsulluğun aradan qaldırılması, Qarabağın azad olunması ilə bağlı fikirlərimi, məqsədlərimi çatdırdım. Və cəmiyyət tərəfindən təqdir olundu.
 
Bildiyiniz kimi, alternativlərimdən 4-ü deputat idi. Onlar 5 il ərzində hər gün xalqla təmasda olan, daim televiziyalarda çıxış edən, vətəndaşlara müraciət edən adamlardır. Hökumət isə məni bu 5 il ərzində bir dəfə olsun, hər hansı kütləvi informasiya vasitəsinə, xüsusən də televiziyaya buraxmayıb. Və xalq məni 5 ildə yalnız bir saat ərzində gördü. Yəni bir yanda xalqın 5 ildə hər gün gördüyü, digər tərəfdə isə 5 ildə bir dəfə, o da 1 saatlıq gördüyü adam vardı. Bunu müqayəsi etdikdə tanınmaq, şüurlara işləmək baxımından böyük nəticələr əldə etmişəm. Bunu isə seçki texnologiyamıza borcluyam.
 
- Sizin seçki texnologiyanız digərlərindən nə ilə fərqlənir?
 
- Seçkiyə gedərkən əsas bir məsələni müzakirə etdik. Yəni ənənəvi müxalifət kimi İlham Əliyevin üstünə getmək, dövlətin bütün problemlərini birinci şəxsin adı ilə bağlamaq, onun ailəsinin adını hallandırmaq yox, fərqli bir yol seçdik. Ümumiyyətlə, bu gün Azərbaycanda bir qorxu xofu var. Hətta birinci şəxsin adı gələn yerdə qulaqlarını tuturlar və ya özü sözü eşitmirlər. Nəticədə təbliğatı məhz bu yöndə apardıqda qorxudan seçkiyə gəlmirlər. Buna görə də ADP olaraq siyasətimizi, seçki texnologiyamızı nəticə üzərində qurmağa çalışdıq. Yəni iqtidarda kimin təmsil olunmasını bir kənara qoyub, onun apardığı siyasətin vətəndaşların şəxsi mənafeyinə nə cür zərbələr vurduğunu qabartmağa çalışdıq. Diqqət yetirdinizsə, bir dəfə də olsun rəqibimin adını çəkmədim. Ancaq vətəndaşları maraqlandıran problemləri diqqətə çatdırdım və qeyri-adi dərəcədə nəticə əldə etdim. Bu da onu göstərir ki, cəmiyyətdə bəzən şəxsiləşdirmədən siyasət aparmaq daha effektlidir, nəinki əksinə. Bunu politologiya elmi deyir və mən də tətbiq etdim. Buradan bir nəticəyə gəldim ki, seçkilərdə elmi, politoloji baxımdan iştirak etmək öz düşüncənə və təcrübənə görə iştirakdan daha çox nəticələr verir.
 
- Sərdar bəy, sizə elə gəlmirmi ki, yalnız sözdə boykot yolunu tutanlar, yəni praktiki cəhətdən seçkini boykot etməyənlər seçkilərə münasibətdə sərgilədikləri mövqeləriylə sonda iqtidara xidmət etmiş olub?
 

- İlk öncə onu qeyd edim ki, Azərbaycandakı revanşist qüvvələr ölkəmizin demokratikləşməsinin qabağındakı ən böyük maneələrdən biridir. Baxın, 1993-cü ildən bu tərəfə Azərbaycan iqtidarı koalisyon hökumət və ya qarışıq siyasi güc formalaşdırmaq istəyirdi. Bunun əsası Heydər Əliyev tərəfindən qoyulmuşdu. Hətta o, Naxçıvana gələndə də Xalq Cəbhəsi ilə əməkdaşlıq etdi. Müavinlərini Xalq Cəbhəsinin idarə heyətinin üzvlərindən təyin etdi, məclis üzvlərindən yarıdan çoxu, komissiya sədləri, hətta rayon icra hakimiyyətləri də cəbhəçilərdən oldu. Bununla da o, kommunistlərlə demokratların simbiyozunu yaratmağa çalışdı. Həmişə Heydər Əliyevə şübhə ilə yanaşsam da, onun siyasətində ən düzgün hesab etdiyim bu idi. Hətta o, yenidən ölkədə kommunizm rejimi yaratmaq istəsəydi belə, anlayırdı ki, bir dəfəlik ona keçə bilməzdi. O, bilirdi ki, Azərbaycana bir fazalı proses lazımdır. Ona görə də Heydər Əliyev hakimiyyətə gəldikdən sonra demokratik qüvvələrlə əməkdaşlıq məsələsini bir qırmızı xətt kimi tutdu. Naxçıvandan Bakıya gəldikdən sonra isə hakimiyyətdə olan cəbhəçilərin qalması üçün müraciət etdi. Bu vaxt hamı vəzifəsini dondurub çıxdı. Demokratik qüvvələr onunla işləməkdən imtina etdikdə məcbur olub Nemət Pənahlını vəzifəyə gətirdi. Sonralar proporsional seçki dönəmində Əli Kərimli ilə iqtidar arasında gizli bir əməkdaşlıq meydana gəldi. Nəticədə AXCP-yə 6-7 nəfər deputat verdilər. Əli Kərimli Əbülfəz Elçibəydən fərqli bir siyasət apardı. Həmin siyasəti inkişaf etdirmək, genişləndirmək əvəzinə Əli Kərimlinin yanlışlığı ucbatından həmin siyasət də məğlubiyyətə uğradı. Ondan sonrakı dövrdə Azərbaycan iqtidarı tamam başqa addımlar atdı. Məsələn, Heydər Əliyev Xalq Cəbhəsindən sonra, AMİP-dən ayrılmış ADİP-ə müraciət etdi. Və onun müşavirlərinin çoxu ADİP-dən gəldi. Mübariz Qurbanlı, Qabil Hüseynli, Gündüz Cəlilov və digərləri ADİP-dən gəlib Heydər Əliyevin kadrları oldu. Yəni Heydər Əliyev demokratik müxalifətin bu və digər qanadı ilə əməkdaşlığı vacib hesab edirdi. Hətta bizim özümüzə belə, əməkdaşlıq təklif etmişdi. Səhvlərimizdən biri də o oldu ki, həmin vaxt onun əməkdaşlıq təklifinə cavab vermədik. Əgər o zaman biz əməkdaşlıq etsəydik, bəlkə də müəyyən şərtlər daxilində Azərbaycanda fəqrli bir iqtidar və fərqli siyasət formalaşardı.
 
Revanşist qüvvələrə gəlincə, onlar hakimiyyətin tam qaytarılmasını istəyirlər. Yəni onlar "Məndən bu hakimiyyəti alıbsan, onu mənə qaytarmalısan" düşüncəsindədirlər. Azərbaycan iqtidarı isə hakimiyyətin müəyyən bir hissəsini güzəştə gedirdi. Həmin revanşist qüvvələr isə bundan imtina etdi və 25 ildən artıqdır ki, Azərbaycanda onların aparıcılığı ilə bir siyasət gedir. Bu siyasət isə Qərbin müxalifət olaraq bizə maraqlarını tam öldürüb. Bundan başqa, Azərbaycan cəmiyyətinin problemlərinin həllində müxalifət demək olar ki, heç bir rassional addım ata bilmir. Həm də bütünlükdə ölkə daxilində vətəndaş qarşıdurması yönündə bir tendensiya gedir. Odur ki, artıq bizim qarşımızda iki güc var. Onlardan biri iqtidar, digəri isə revanşist qüvvələrdir. ADP olaraq biz bu seçkilərdə yeni, üçüncü bir xəttin əsasını qoyduq və bunu inkişaf etdirəcəyik. Yəni artıq Azərbaycan müxalifətini yekdil bir müxalifət kimi qəbul etmək düz deyil. Düzdür, bəzi dostlarım çoxdandır deyirdilər ki, Müsavat və AXCP ilə daim əməkdaşlığa meyl etmək yanlışdır. Mən ardıcıl olaraq istəyirdim ki, hansısa bir ittifaq yaransın, Müsavat və AXCP da orada olsun. Ancaq dostlarım deyirdilər ki, bu qüvvələr Azərbaycanda yumşaq demokratik keçidin formalaşmasına imkan verməyəcəyini bildirirdilər. Bu seçkilər göstərdi ki, mən yox, dostlarım haqlı imiş. Yəni mənim ardıcıl olaraq AXCP və Müsavatla əməkdaşlığa cəhd etməyim, onlarla bu və digər şəkildə bir yerdə olmaq istəyim heç də doğru deyildi. Biz hələ 2005-ci ildə konstruktiv müxalifətə keçmək barədə qərar qəbul etmişdik. Lakin bunu inkişaf etdirmirdik. Çünki bir basqı vardı. Düşünürdük ki, bəlkə AXCP və Müsavatla bir yerdə nəsə edə bilərik. Amma bu seçkilər də göstərdi ki, bunlar faktiki olaraq tamamilə fərqli düşüncəli insanlardır və onlarla yol getmək mümkün deyil. Bu seçkilərdən sonra qərara gəldik ki, bir daha onlarla bir yerdə olmayacağıq. Çalışacağıq ki, Azərbaycanda tamamilə fərqli bir müxalifət cəbhəsi formalaşdıraq və radikal yox, yumşaq iqtidar-müxalifət münasibətləri quraq. Yalnız bu halda biz ümid edə bilərik ki, Azərbaycanda vətəndaş qarşıdurması olmadan da demokratiyaya keçid etmək mümkündür.
 
- Bildiyiniz kimi, səsvermənin ilkin nəticələrində Rusiyayönlü siyasətin tərəfdarı kimi çıxış edən Qüdrət Həsənquliyev əvvəlcə 2-ci yerdə qərarlaşmışdı. Sonra isə o, 4-cü yerə endi. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.
 
- Əvvəla, onu deyim ki, seçkinin formal nəticəsi ilə faktiki nəticəsi eyni deyil. Formal nəticədə kimlərsə oturub bu rəqəmləri yazıb. Əslində isə bu rəqəmlərin hər biri siyasi mesajlardır. Məsələn, Qüdrət Həsənquliyev deyirdi ki, biz Avrasiya İttifaqına inteqrasiya etməliyik, Gömrük İttifaqına girməliyik, Rusiya ilə yaxınlaşmalıyıq, Qarabağ münaqişəsini həll etməsi üçün Rusiyadan ardıcıl 2 il xahiş etməliyik. Bildiyiniz kimi, İlham Əliyev Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət aparır. Əgər Qüdrət Həsənquliyevə ikinci yer verilsəydi, bu, o demək idi ki, İlham Əliyev olmadığı təqdirdə, Azərbaycan xalqı məhz bu ideyanı dəstəkləyir. Mən isə Türk konfederasiyasının yaradılmasını istəyir, Rusiyadan kifayət qədər uzaq məsafə saxlamağın, Qərbə inteqrasiya etməyin doğru olduğunu deyirdim. Bu halda mənə 3-cü və ya 4-cü yeri vermək, o deməkdir ki, Azərbaycanda Qərbə inteqrasiyanın, Türkiyə ilə daha da yaxınlaşmağın tərəfdarı olanlar bu qədərdir. Odur ki, bu rəqəmlərin hamısı bir siyasi mesajdır. Yəni rəqəmləri siyasi dilə tərcümə etdikdə, Azərbaycanda seçkini həyata keçirənlər, seçki texnologiyası ilə məşğul olanlar cəmiyyətə, o cümlədən dünyaya mesaj verirlər ki, Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət aparan İlham Əliyevdən sonra əhalinin böyük əksəriyyəti belə düşünür. Məsələn, pifaqorçular rəqəmlər fəlsəfəsinin mahiyyəti haqda deyirdilər ki, "1" Allaha işarə edir. Odur ki, seçkinin nəticələrinə dair rəqəmlərin də arxasında bir siyasi mesaj var. Bu dəfə məni keçən prezident seçkilərində olduğu kimi 6-cı yerdə ona görə yazmadılar ki, Türk konfederasiyası məsələsini və Türkiyə ilə daha da yaxınlaşmağı irəli sürmüşdüm. Yəni bu dəfə buna risk edə bilmədilər. Deyə bilmədilər ki, Azərbaycan xalqının etnik əsası türkdür və xalq bununla bağlı şüarlar səsləndirən adama dəstək olmadı. Bu tamam ağ olardı. Ona gördə də məcbur olub mənə verilən səsləri lap aşağı faizlə göstərmədilər.
 
(ardı var)
 
Hurriyyet.org