“Seçki”dən ən az ziyan çəkən müxalifət oldu - TƏHLİL

Əksəriyyət peşəkar siyasətçilər üçün nəticəsi öncədən bəlli olan Milli Məclisə seçkilər artıq başa çatmış hesab oluna bilər. Seçkilərə start verilməmişdən öncə seçki ilə bağlı real durumu analiz edərək iki yazı hazırlamışdıq. “Hakimiyyətə açıq və gizli vəkillik edə biləcək şəxslər parlamentə “seçiləcək” ” və ”Seçkidə iştirak, yoxsa boykot” başlıqlı yazılarda toxunduğumuz məsələlər əsasən öz təsdiqini tapdı. Cəmiyyətin siyasi baxımdan maarifləndirilməsi işinə dəstək vermək məqsədilə “seçki” məzhəkəsindən sonra növbəti analizimizi müzakirənizə təqdim edirik. Bu yazı da cəmiyyət daxili münasibətlərdə rolu olmayan, ictimai təşəbbüslərdən və siyasətdən uzaq insanlar üçün deyil, birbaşa siyasi iddiası olan, ictimai-siyasi proseslərə maraq göstərən savadlı şəxslər üçün nəzərdə tutulub.
Cəmiyyət demokratik siyasi fəaliyyətə qapadılır?! 
Son “seçki”nin topluma verdiyi bir neçə aydın mesaj var. Bunları aşağıdakı kimi qruplaşdırmağa çalışaq.
1. Xalq – Artıq özünü hakimiyyətin mənbəyi hesab etmədiyini açıq nümayiş etdirir. Zaman-zaman ölkədə mövcud olan sosial-siyasi münasibətlərə qarışmamaqla ən dəyərsiz siyasi resurs halına gəlib. Seçki saxtakarlığının miqyası və heç bir hüquqi dirəniş imkanlarının olmaması xalqın fəal kəsimini də ümidsizləşdirib. Seçkilərlə hər hansı müsbət dəyişikliyə inam sarsıldığı üçün seçmək hüququnun əlindən alınması ilə barışıb. Görünən budur ki qorxu, itaət, ümidsizlik zolağında hələlik xalqımız özünü daha rahat və təhlükəsiz hiss edir. Xalqın ictimai-siyasi həyatdan kənar qalan bütün təbəqələrində təslimçilik əhval-ruhiyyəsi hökm sürür. Bununla belə, etiraza çevrilməyən olduqca geniş narazılıqlar mövcuddur. Əhali seçkiyə yaşayışını müsbətə dəyişəcək bir vasitə kimi baxmır. Böyük alimimiz mərhum Xudu Məmmədov 1980-ci illərin sonunda deyirdi ki, dünyada 7 möcüzə var, 8-ci möcüzə isə öz taleyinə biganə olan xalqımızdır. Təəssüf ki, böyük alimimizin acı fəryadı bu gün də aktuallığını saxlayır.  
2. Müxalifət - Sadə xalqla siyasi münasibətlərində, müxalif düşüncəli fəal insanlarla əlaqələrində və əhali ilə iş prinsiplərində böhran yaşamaqda davam edir. Cəmiyyəti səfərbər etmək, hərəkətə gətirmək və siyasi gücünü artırmaq üçün müxalifətin yeni tezislərə və təşkilati islahatlara ciddi ehtiyacı var. Anti-demokratik rejimlərlə mübarizədə siyasi fəaliyyətin müstəvisi partiyalar və siyasi bloklarla məhdudlaşmır. Siyasi partiyalar əsasən demokratik cəmiyyətin siyasi elementi olduğu üçün anti-demokratik mühitdə uğurlu nəticəyə nail ola bilmir. Partiya və bloklardan kənar siyasi mübarizə üsulları mövcud olsa da, müxalifətin səyi nəticəsində hələlik ölkəmizdə yalniz demokratik mübarizə formaları geniş yayılıb. Cəmiyyətdə mübarizənin daha geniş forma və sərhədləri hələlik nəzərdən keçirilmir. Demokratik proseslərə birmənalı istiqamət vermək gücündə olmasa da, artıq müxalifətin rəngarəng tərkibi arasında lokomotiv təşkilat müəyyənləşib. Xalq müxalifətə açıq dəstək verməsə də, daha çox onların mövqeyini nəzərə alır. İqtidarın son “seçki” siyasətindən ən az ziyan çəkən tərəf də məhz müxalifətdir.
3. İqtidar -Xalqın siyasi fəallığını və seçim azadlığını özü üçün ciddi təhlükə hesab edir. Ən yüksək səviyyədə bəyan olunan iradə onu göstərir ki, hakimiyyətin seçki siyasəti və idarəetmədə sərgilədiyi yanaşma təsadüfi deyil. Görünən budur ki, iqtidar tərəfindən azadlıqların daha da məhdudlaşdırılmasına cəhdlər davam edəcək, müxalifətin demokratik siyasət müstəvisində əl-qolu daha da bağlanacaq və öz ətrafında güc həlqəsini daha da artırmaq istiqamətində addımlayacaq. Qaşıdakı dönəmdə cəmiyyətin demokratik siyasi fəaliyyətə qapadılması siaysəti daha kəskin davam edəcək. İqtidar MSK-nın qərarı ilə rəsmən “seçki”nin qalibi elan edilsə də faktiki uduzduğunu anlayır, cəmiyyəti və beynəlxalq ictimaiyyəti qarşısına alaraq demokratik müstəvidən tamamilə imtina edir.
“Seçki” aydınlaşdırdı ki...
Seçkilərə start verilməsi ilə eyni zamanda “seçiləcək” şəxslərin siyahısı da topluma bəlli idi. İstisnalar olsa da siyahıda adları keçən şəxslər əsasən “seçki” qalibi elan edildi. “Seçki”dən sonra xüsusilə diqqət çəkən bir neçə məqamı qeyd etmək yerinə düşər.
Birincisi; Müxalifətin əsas hissəsi və cəmiyyətin sağlam kəsiminin əksəriyyəti iqtidarın təklif etdiyi aşağılayıcı müstəvidə oynamaqdan nəhayət imtina etdi. Hakimiyyət ənənəvi olaraq öz müstəvisində qarşısında görmək və əzmək istədiyi müxalifəti o müstəviyə çəkə bilmədi. Boykot qərarı verən müxalifət ilk dəfədir ki, “seçki”dən əzilməmiş çıxdı. Müxalifət düşərgəsində məyusluq və məğlubiyyət psixologiyasından əsər-əlamət yoxdur. Əksinə, hakimiyyət və ona yaxın qüvvələrin seçki sonuclarını qələbə kimi qəbul etməməsi, narazılıqlar və tərüddüdlər açıq-aşkar sezilməkdədir. 
İkincisi; Hakimiyyət bu “seçki” prosesində “müxalifətin” xidmətinə zərurət hiss etmədi. Çünki, gerçək müxalifətin əsas hissəsinin “seçki”də iştirak etməməsi və beynəlxalq ictimaiyyətin seçki öncəsi sərgilədiyi mövqeyi “müxalifətə” təlabatı minimuma endirdi. Adətən hakimiyyət daha çox gerçək müxalifətin gücünü zəiflətmək, cəmiyyəti çaşdırmaq və beynəlxalq ictimaiyyətə təqdimat üçün seçki prosesində “müxalifətin” sərhədlərini genişləndirməkdə maraqlı olurdu. Bu dəfə yaranmış şəraitə uyğun yeni yanaşma sərgiləndi və “seçki”də müxalifət imitasiyasına ehtiyac olmadı.
Üçüncüsü; Əksəriyyət iddialı, mübariz, cəsarətli və sosial bazası olan insanların namizəd olmadığı "seçki"də də hakimiyyət total saxtakarlığa məcbur oldu. "Seçki"də iştirak edən və seçiləcəyi təqdirdə hakimiyyət üçün heç bir problem yaratmayacaq az bir qism şəxsə də azad seçki ilə qalib gəlməyin mümkün olmadığını nümayiş etdirdi. Nə normal kampaniya üçün şərait yaradıldı nə də azad səsvermə təşkil edildi. İqtidar siyasətinə loyal olan, nəticəsiz olsa belə dialoq tamaşasında müxalifət adına iştirak edən şəxsləri və təşkilatları da narazı salmaqdan qətiyyən narahatlıq keçirmədi. Toplum birmənalı olaraq gördü ki, iqtidar hətta müxalifətsiz seçkini belə uduzdu.
Dördüncüsü; Müxalifətin və müstəqil şəxslərin “seçki”də sonadək iştirak edən hissəsi prosesdən heç nə qazana bilmədi. Cəmiyyətin diqqətini çəkmək, seçicini maraqlandırmaq, hərəkətə gətirmək tezisləri və resursları çox zəif idi. Bir tərəfdən “seçki”ni boykot edənlərin tənqidi, bir tərəfdən cəmiyyətin “seçkiyə” ironik və laqeyd münasibəti, digər tərəfdən isə iqtidarın müəyyən etdiyi oyun qaydası onları daha da çətin duruma saldı. Bu iştirakçılar nə özləri qazandı, nə də topluma qazandıra bildi.
Beşincisi; Seçki saxtakarlıqları və qanun pozuntuları ilə bağlı elə bir yenilik ortaya çıxmadı ki, öncəki seçkilərdə onun baş verdiyini müşahidə etməyək. Faktiki olaraq saxtakarlığın miqyası və mahiyyəti namizədlərin özü və ətrafından başqa heç kəsə maraqlı olmadı. Əsasən öncəki “seçki”lərdə qarşılaşdığımız halların təkrarı baş verdi. Cəmiyyəti təəcübləndirə biləcək, siyasi nəticə yaradacaq heç bir mühüm əhəmiyyət kəsb edən yeni nə isə baş vermədi. Sosial şəbəkələrin və sosial medianın imkanları öncəki illərlə müqayisədə genişləndiyi üçün faktlar nisbətən geniş auditoriyaya yayıla bildi. Elə bu biabırçılıqların təkrarlanacağını əsas tutan müxalif siyasi qurumlar və xeyli müstəqil insanlar seçkiləri haqlı olaraq öncədən boykot etmişdilər.
Altıncısı; Hakimiyyət hər zaman parlamentdə müxalif fikrin ifadəsi üçün kiçik də olsa bir platforma nəzərdə tuturdu. Ora “seçilən” şəxslərin cəmiyyətə müxalifət kimi təqdimatına hər cür şərait yaratmaqla yanaşı, təmsil olunduqları partiyalara da əngəl törədilmirdi. Hətta, real müxalifətçilərin bu platformada toplaşmasına və fəal fəaliyyətinə maraq da göstərilirdi. Artıq öz siyasətinin sərhədlərini dəqiqləşdirən hakimiyyət parlamentdə “müxalifətçi” imitasiyasına ehtiyac olmadığını da nümayiş etdirdi. İndi iqtidara parlamentdən kənarada “müxalifət” daha çox lazım olacaq.
 Hüquqları pozulmuş namizədlər və partiyalar birgə addım ata bilərmi?

Adətən hər parlament seçkisindən öncə və ya sonra müxtəlif adlar altında belə qurumlar yaradılıb. 2010-cu ilin parlament seçkilərindən sonra İctimai Palatanın timsalında da göründü ki, pozulmuş hüquqların bərpası və demokratik seçkiyə nail olunması istiqamətində bu praktika özünü doğrultmur. Seçki sonuclarının dəyişdirilməsi ilə bağlı müxalifətin ortaya qoyduğu istənilən kollektiv fəaliyyət ciddi nəticəyə nail ola bilməyib. Müstəqil məhkəmələrin olmaması ucbatından ədalətli hüquqi nəticələrin alinması və cəmiyyətin passivliyindən doğan kütləvi-siyasi prossesin yaranması mümkün olmayıb. İndiki durum isə öncəkilərdən daha da əlverişsizdir. Belə ki, hökumətə müqavimət göstərməyə qadir olan əsas iddialı siyasi təşkilatlar seçkiyə start verilməmiş və ya səsvermə gününə qədər onu boykot ediblər. Görünən budur ki, onlar seçki saxtakarlığı ilə mübarizə istiqamətdə heç bir təşəbbüsə dəstək verməyəcəklər. “Seçki”də sona qədər iştirak edib, uduzan şəxslərin və qurumların isə belə bir addım atmaq imkanları yox səviyyəsindədir. Ola bilər ki, hansısa fərdi və ya kollektiv təşəbbüslər olsun, lakin bunlar nə cəmiyyətin nə də beynəlxalq aləmin diqqətini çəkəcək gücdə olmayacaq. Ümumiyyətlə, seçkidə sona qədər iştirak edib uduzan tərəflərin saxtakarlıqlara qarşı çoxsaylı şikayətlərinin olacağını və samballı siyasi qurum yaradacaqlarını istisna edirik.
Beynəlxalq təşkilatların “seçki”də uduzan tərflərlə əməkdaşlıq perspektivləri varmı?
Nüfuzlu beynəlxalq qurumlar seçki ilə bağlı indiyə kimi etmədikləri aydın və prinsipial mövqe ifadə ediblər. Faktiki olaraq seçki öncəsi bəyan edildi ki, bu seçkini müşahidə etməyə gərək qalmayıb. Hər şey öncədən bəllidir. Hökumət öhdəliklərini yerinə yetirməkdən imtina edib və demokratik seçki keçirmək niyyəti yoxdur. “Seçki”dən sonra da ifadə olunan mövqe onu göstərdi ki, öncəki yanaşma davam edir. Odur ki, beynəlxalq təşkilatları hansısa seçki saxtakarlığı ilə bağlı təəcübləndirmək mümkün deyil. Onların hansısa siyasi-təşkilati təşəbbüslərə dəstək verəcəyini də real saymırıq.
 Təkrar seçki reallaşa bilərmi?
Faktiki olaraq müxalifətin və cəmiyyətin tamamilə boykot etdiyi bir “seçki” keçirildi. Boykota səbəb seçki komissiyalarının tərkibi və formatı, seçki qanunvericiliyinin təkmilləşməməsi, hakimiyyətin seçkiyə və müxalif siyasi partiyalara münasibəti olub. Hökumət seçki ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsə, aydın siyasi iradə nümayiş etdirməsə, qanunvericiliyi dəyişməsə, siyasi məhbusları azad etməsə yeni seçki keçirilməsi tələbi tamamilə mənasızdır. Müxalifətin demokratik seçki uğrunda mübarizə aparması məntiqli görünsə də, bunun indiki məqamda edilməsi əhəmiyyətsizdir. Azad seçki təkcə siyasi müxalifətin problemi deyil. Bu bütövlükdə cəmiyyətin problemidir. Saxta seçkidən bəlkə də ən az zərər çəkən elə müxalifət olacaq. İqtidarı dəstəkləyən tərəflər və sadə xalq saxta seçkinin daha amansız zərbələrini alacaq. Müxalifət bütün çətinliklərə, repressiyalara baxmayaraq müxtəlif üsullarla və bəzən ən sərt formada da tənqidlərini davam etdirə bilir. Cəmiyyətə zəruri mesajlarını verir və yol göstərir. Təsadüfi deyil ki, həbsxanalar ifadə azadlığından istifadə edən müxalif siyasi məhbuslarla doludur. İndiki halda ən yaxşı imkanlardan biri hər kəsi qane edəcək demokratik seçki keçirmək olardı. Lakin, bu sütuasiyada hökumət səhv siyasətinə düzəliş edərək təkrar seçki keçirməyə qadir deyil. 
Elan edilən hansısa nəticələrin dəyişdirilməsi realdırmı?
Kütləvi seçki saxtakarlıqlarının qeydə alındığı hansısa komissiyanın sonuclarının dəyişdiriləcəyini güman etmirik. Parlamentin tərkibinin belə formalaşması iqtidarın siyasi iradəsinin təzahürüdür. Hakimiyyətin heç bir pilləsində bu iradəni dəyişəcək güc mövcud deyil. Düşünürük ki, seçki sonuclarından narazı qalanların öz iddialarından geri durması çox çəkməyəcək. Öncəki illərin təcrübəsini və iqtidarın yanaşmasını analiz etsək aydın olur ki, heç bir nəticə təsadüfi deyil. 
 Müxalifət bir daha seçkilərə hazırlaşmamalıdır
Hakimiyyətin müəyyən etdiyi bu “aşağılayıcı müstəvi”də seçicinin önünə çıxmaq və ondan səs istəmək yumşaq desək vətəndaşları siyasətdən iyrəndirir. Gerçəkdən müxalifət olduqlarını iddia edən qüvvələr iqtidarın seçki müstəvisindən tamamilə imtina etməlidir. Heç bir normal siyasi təfəkkürü olan insan iddia edə bilməz ki, indiyədək keçirilən “seçki” cəmiyyətə müsbət nə isə verə bilib. Müxalifətin əsas hissəsi anlayır ki, təklif olunan bu siyasi müstəvidə iqtidarın hansısa rəqibinin qalib olması mümkünsüzdür. Artıq hər kəsə bəllidir ki, “seçki”də seçicilərin iradəsi ilə mandat qazanmaq mümkün deyil. Müxalifətin bütün seçkiləri uduzması ilə bağlı elan edilən rəsmi nəticələri haqlı olaraq cəmiyyət qəbul etmir. Ölkə və beynəlxalq ictimaiyyətin bütün sağlam kəsimi bunu nə müxalifətin məğlubiyyəti, nə hazırlıqsızlığı, nə də seçici dəstəyinin olmaması kimi qəbul edir. Odur ki, indiki sosial-siyasi konyukturada müxalifətin bir daha seçkilərə hazırlaşması mənasızdır. Müxalifət məncə bundan sonrakı fəaliyyətini onun üzərində qurmalıdır ki, ölkədə seçki yoxdur. Savadlı və siyasi təfəkkürü olan bütün vətəndaşlar bilir ki, seçkiləri saxtalaşdırmaqla qalib olmaq iqtidar siyasətinin öncəliyinə çevrilib. Hakimiyyətin aydın siyasi iradəsi ifadə olunmasa və mütərəqqi qanunvericilik qəbul edilməsə “seçki”lərə hazırlaşmaq iqtidarın ömrünü uzatmağa xidmət edən siyasi davranışdır.
Zorakı iqtidarla təşkilatlanmamış zəif cəmiyyətin üz-üzə qalmasına müxalifət əngəl olmamalıdır
Fikrimizcə siyasi fəaliyyətin yeni müstəvisi üçün geniş təbliğat tezisləri və fəaliyyət strategiyası işlənib hazırlanmalıdır. Müxalif blokların, ictimai-siyasi birliklərin yaradılması və kütləvi aksiyaların keçirilməsi bir müddət mütləq təxirə salınmalıdır. Müxalifət elə bir siyasət yürütməlidir ki, hakimiyyətlə cəmiyyətin üz-üzə qalmasına əngəl olmasın. Müxalifətin sosial tələblərlə bağlı təşkil etdiyi son kütləvi aksiyalar onu göstərdi ki, hələlik cəmiyyət kütləvi etirazlara ciddi maraq göstərmir. Hətta, bu aksiyalar birmənalı olaraq əhalinin maraqlarını təmin etməyə yönəlmiş olsa belə onlardan dəstək gəlmir. Əhalidə həm qorxu, həm də tərəddüd var. Bəzən bu psixoloji durumun ortadan qalxmamasında müxalifətin vaxtsız təşkil edilən kütləvi aksiyalarının da rolu olur. Əksər əhali elə düşünür ki, bu vəzifə müxalifətindir və yalnız onlar hərəkətdə olmalı və etiraz etməlidir. Xalqı bu arxayınlıqdan qurtarmaq lazımdır. Xalqla hakimiyyət arasında bufer rolundan imtina edilməlidir. Müxalif siyasi partiyalara hansı münasibəti göstərməsindən asılı olmayaraq, iqtidarla kütləvi qarşılaşma təxirə salmalıdır. Bu sosial-iqtisadi və siyasi şərtlər altında cəmiyyət ağır böhrana doğru gedir və hökumət xalqın dəstəyini get-gedə daha da itirir. Sürətlə artan gərginliyin yumşaldılması yönündə iqtidara dəstək ola biləcək tələsik və düşünülməmiş siyasətdən çəkinmək lazımdır. Yəqin ki, bir müddət sonra hakimiyyət qondarma müxalifət birlikləri yaradıb etirazçı rolunda meydanlara çıxarmağa cəhd edəcək. Gərginliyi öz nəzarətində olan süni etirazçı müxalif obrazlı təşkilatlarla və şəxslərlə istiqamətləndirməyə səy göstərəcək. Bu planın qarşısını almaq üçün indidən müxalifətin sərhədləri dəqiq cızılmalı və çəkinmədən ardıcıl olaraq cəmiyyətə bəyan edilməlidir ki, digər təşkilatlar hakimiyyətin siyasi orbitində olan peyklərdir. Hakimiyyət tərəfindən hazırlanmış heç bir siyasi qurumun və siyasətçilərin davranışlarına, çıxışlarına əhəmiyyət verilməməlidir. Cəmiyyətə mütəmadi olaraq onların “missiyası” ilə bağlı mesaj ötürülməli, lakin onların özləri ilə qətiyyən ilgilənilməməlidir. Onlara ciddi baş qoşduqca, cavab verdikcə cəmiyyətdə tərəddüd yaranır. Müxalifətin əlində olan Azərbaycan Saatı, Azadlıq qəzeti kimi etibarlı və populyar tribunalardan bu siyasi kurs dəstəklənməlidir.    
Xalqın istənilən fərdi və kollektiv etirazlarına siyasi dəstək ifadə edilməlidir
Siyasət meydanı daim hərəkətdədir və mütləq yeni siyasi sütuasiya doğuracaq. Dini qurupların sürətlə təşkilatlanması və fəallaşması, iqtisadi böhranın dərinləşməsi, beynəlxalq vəziyyətin iqtidarın əlehinə inkişaf etməsi, həmçinin toplumun dəstəyindən məhrum olmaq yeni siyasətə yol açacaq. Xüsusilə nəzərə alınmalıdır ki, yaranmış böhrandan çıxmaq üçün iqtidarın bütün cəhdlərinin ağır zərbəsi məhz xalqın üzərində hiss ediləcək. Əminliklə deyə bilərik ki, siyasi dəyişikliyə cəmiyyəti qoşmanın yolu açılır. Müxalifət birbaşa iqtidarla qarşılaşmadan yayınmalıdır. Nə razılaşdırılmış, nə də razılaşdırılmamış kütləvi etiraz aksiyaları təşkil etməlidir.  Cəmiyyətdə baş verən istənilən kortəbii etiraza kənardan dəstək ifadə etməlidir. İqtidarın sosial-siyasi vəziyyəti dəqiq analiz etmədiyi və komandasının ciddi səhvlərə yol verdiyi aydın görünür. Yaşanacaq ağır sosial-siyasi durumun amansız dalğasından cəmiyyəti az zərərlə çıxarmaq üçün müxalifətlə səmimi əməkdaşlıq və demokratik seçki əvəzinə, saxta parlament seçkisi ilə durumu daha da mürəkkəbləşdirdilər. Təəssüf ki, hökumət qəbul etmək istəmir ki, cəmiyyətin bütün sosial qrupları onların bu davranışlarından narazıdır. Görünən budur ki, iqtidar dövlətin bütün resurslarını xalqın itaətdə saxlanılmasına səfərbər edəcək. Proseslər onu göstərir ki, bu siyasətin ikinci dalğası reallaşdıqca iqtidarın sürprizlər yaşaması ehtimalı artır. Məhz bu sütuasiyada iqtidar ciddi seçim qarşısında qala bilər. Ya özü müxalifətlə gerçək dialoqa cəhd edəcək və yeni əlverişli müstəvi təklif etmək məcburiyyətində qalacaq, ya da cəmiyyətlə qarşıdurmaya gedərək daha böyük itkilərin müəllifi olacaq. Siyasi proseslərin demokratik müstəvidə davam etməsi üçün təkliflərimizi mütəmadi olaraq müzakirənizə təqdim etməyə çalışacağıq.
Nəsimi Məmmədli