​“Seçkidə iştirak ən düzgün qərar idi” – NATİQ CƏFƏRLİ

Baxış sayı:
367

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra müxalifət daxilində seçkidə iştirak, yoxsa boykot diskursu daha da qızışıb.
Muxalifet.az
xəbər verir ki, boykot tərəfdarları seçkilərdə baş verən qanun pozuntularını əsas gətirərək mövqelərinin doğru olduğunu bildirir, prosesdə iştirak edənləri hakimiyyətin lehinə işləməkdə ittiham edirlər. Seçkidə iştirak tərəfdarları isə qanun pozuntularının məhz prosesə qatılanlar tərəfindən aşkar edildiyini əsas gətirərək boykotçuların mövqeyinin yanlış olduğunu deyirlər.
Bu diskurs xüsusilə Respublikaçı Alternativ Partiyası (REAL) və Milli Şura arasında gedir.
REAL tərəfdən bu məsələdə daha çox fəallıq edən partiyanın icra katibi Natiq Cəfərlidir. O, növbəti dəfə seçkidə iştirak məsələsinə toxunaraq bununla bağlı verdilən qərarın doğru olduğunu isbat etməyə çalışıb.
"Bu gün bir daha əminliklə deyə bilərəm ki, siyasi təşkilatların, müstəqil namizədlərin seçkiyə getməklə bağlı verdikləri qərar ən doğru, ən düzgün qərar idi. Ölkə üzrə 200-ə yaxın müxalif, əsl müstəqil namizədlərin, onların, təqribən, 5000-6000-nə yaxın müşahidəçilərinin, fədakar jurnalistlərin seçki prosesinə qoşulması 9 Fevralda bir çox rəzalətl, pozuntuları üzə çıxmasında həlledici rol oynadı. Seçkidə iştirak olmasaydı bu gün cəmiyyətdə hökumətin seçki institutu ilə məzələnməsinə belə kəskin, sərt reaksiya olmazdı. Bir daha: İştirak ən doğru qərar idi", - deyə Natiq Cəfərli bildirib.
O, həmçinin qeyd edib ki, 9 fevral seçkilərində REAL-ın son illər səsləndirdiyi 2 tezis də özünü tam doğruldub: "1) Yeni nəsl - illərdi deyirik ki, ölkədə yeni nəsl artıq yetişib, bu nəsl müstəqillik dövründə formalaşıb, tam fərqli düşüncə tərzi olan, savadlı, ruhən azad, heç bir süni avtoriteti qəbul etməyən gözəl insanlardır - bu seçki sürəci məhz onların üzə çıxması və siyasi prosesə toxunması ilə yadda qaldı. Və işin ən gözəl tərəfi odur ki, onlarda heç bir xəyal qırıqlığı yaranmayıb - tam tərsi, daha böyük əzm formalaşıb.
2) Bu seçkilər illərdir dediyimiz bir məsələni də sübut etdi - ölkədə ən aktiv kəsm orta sinif, kiçik-orta sahibkarlar, kiçik məmurlardır. Onlar plakatları öz obyektinə vurmaqdan çəkinmədilər, maddi-mənəvi dəstək göstərdilər, seçkilərə də, əsasən onlar gəldi. Yəni, özü gələnlər onlar idi, gətirilənlər daha az təminatlı və büdcədən asılı kəsm idi - bir daha sübut olundu ki, rifah halı yüksəkdikcə ölkədə demokratik dəyişiklik üçün zəmin daha güclü və dayanıqlı olacaq.
Hökumət bir məsələni də anlamalıdı - 21-ci əsrdir, hər kəsin əlində smatfon, internetə çıxış imkanı varsa, ölkədə seçkiləri 20-ci əsrdə "selsovet" seçkiləri kimi keçirmək olmaz, bu mümkün deyil! Ya gərək hamımızın əlindən smartfonları, planşetləri alıb ölkədə interneti də lap girişdən söndürəsiz, ya da ölkənin, cəmiyyətin dəyişdiyini anlayıb siz də dəyişəsiz - başqa yol, sadəcə, yoxdur".