“SEÇİM AZƏRBAYCAN XALQININDIR: YA BİRİNCİNİ SEÇİB MƏHV OLACAQ, YA DA…” – Cahandar Bayoğlu yazır

Baxış sayı:
3619

Aşağıdakı yazımı 27 iyıl 2019-cu ildə yazmışdım. Düşünürəm ki, indi bu yazı daha da aktualdır və daha geniş şərhə ehtiyac vardır:
Son bir ilin yekün nəticələrinin təhlilini apardıqda görürük ki, gerçəkdən də sovet dövründə istər komunist-komsomol nomenklaturası, istər də hərb və güvənlik qurumlarında çalışanlar getdikcə bağımsız Azərbaycanımıza yük olaraq, onu qorumağı deyil, dağıtmağı, milli dəyərlərimizi tapdalamağı, dövlətin maddi-mənəvi gücünü məhv etməyi, Azərbaycanı erməni-rus kimi düşmən güclərin ayağına atmağı göz önünə alanlardır.
Bu gün həmin qüvvələrin iqtidarda formalaşdırdığı böyük bürokratlar, deputatlar, iş adamları, müxalifət görünən çoxsaylı partiya ordusu qisasçılıqla Azərbaycanı məhv etmək havasındadırlar. Çünki bu qüvvələrin başları başqa yerdə, əlləri başqa cibdədir. Bunlar həm də ona görə təhlükəlidirlər ki, hər rəngdədirlər, milləti asanlıqla aldada bilirlər.
Azərbaycan dövlətinin varlığı dağıdıcılığı, qisasçılığı, qarşıdurmaları, intiqam hisslərini rədd edir.
Azərbaycan dövlətinin varlığı milli birliyi, barışı, sivil siyasi mühiti tələb edir.
Seçim Azərbaycan xalqınındır; ya birincini seçib məhv olacaq, ya da ikincini seçib, dünya milləti olacaq.
Məncə, millətimiz ikinciyə haqq edir və artıq onu seçib.
Millətimiz ikincini seçməklə, həm də birincilərə amnistiya vermiş olar. Tək bir şərtlə ki, dövlətin, millətin haqqını çalanlar dövləti-alinin qarşısında diz çöküb, millətdən üzr istəyib, oğurladıqlarını könüllü geri qaytarsınlar.
Bütün bunlar könüllülüklə gerçəkləşərsə, aşağadakılar da gerçəkləşmiş olar.
Azərbaycan Respublikasında milli birlik və barışı üçün aşağıdakı addımların atılması vacibdir:
1. 70 yaşın üstündə olanların dövlət görəvində olması yasaqlanmalıdır;
2. 50 yaşı üstündə olan Azadlıq mücadiləsi öncüllərinə “İstiqlal Ordeni” verib, dövlət əməkliliyinə ayırmalı, siyasətlə məşğul olmaları qadağan edilməlidir;
3. 50 yaş üstündə olan və Kommunist Partiyasında görəv alanları dövlət əməkliliyinə ayırıb, siyasətdən uzaq tutmaq lazımdır;
4. Sovet hərb və güvənlik qurumlarında çalışanları görəvdən alıb, əməkliliyə göndərmək lazımdır.
Bütün bunlar gerçəkləşəndən sonra, yurddaşların mülkiyyət, seçib-seçilmək hüquqları tam sərbəstləşməlidir.
Muxalifet.az