“Seçicilərimin sarsılmış ümidlərini bərpa edəcəyəm” - VÜQAR MƏMMƏDOV

Baxış sayı:
3119

“Məqsəd və məramım bu dövlətə, bu xalqa boğazdan yuxarı yox, bütün varlığımla xidmət etməkdir”
 
“Seçki platformamı bir cümlə ilə belə ifadə edə bilərəm: Hər şey dövlətim, xalqım və millətim üçün!”

Müsahibimiz “Hürriyyət” qəzetinin baş redaktoru, 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Vüqar Məmmədovdur.

- Vüqar bəy, seçkidə iştirak edən hər bir namizədin fərqli məqsəd və məramı olur. Sizin növbədəkənar parlament seçkilərinə qatılmağınızda məqsədiniz nədir?

- Əvvəla, mənim fikirlərimi oxuyan və oxumayan, seçkidə mənə səs verən və verməyən hər kəsi salamlayıram. Təbii ki, bütün namizədlər kimi, mənim də məqsədim və məramım var. Bilirsiniz ki, Azərbaycan Raspublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Dövlətimizin və xalqımızın taleyi ora seçilən deputatlardan çox asılıdır. Milli Məclisdə qəbul olunan qanunlar bizi bir dövlət kimi uçuruma da apara, göylərə də qaldıra bilər. Ona görə də xalqımız belə bir həssas məsələdə diqqətli olmalı, namizədləri diqqətlə saf-çürük etməli, düzgün seçim edərək, özünə layiq olanı seçməlidir. Elə burada Peyğəmbərimizin seçki ilə bağlı hədisi  yada düşür. Peyğəmbərimiz deyir ki, “Seçdiklərinizə layiqsiniz”.

İndi gələk mənim məqsəd və məramıma. Bilirsiniz ki, deputatın kifayət qədər səlahiyyəti olmaqla yanaşı, seçiciləri qarşısında götürdüyü öhdəlikləri də var. Bu öhdəliklərdən biri də ona etimad göstərərək, özünə millət vəkili seçən seçicinin şikayətlərini dinləmək və onların pozulmuş, tapdalanmış hüquqlarının bərpa olunmasına dəstək verməkdir. Təəssüflər olsun ki, bu günə qədər “seçilən” 125 deputatdan bir neçəsi istisna olmaqla, böyük əksəriyyəti fəaliyyətləri dövründə nəinki seçici ilə görüşərək onların dərdlərini dinləyib, problemlərini həll etməyə, yaxud da həmin problemlərlə bağlı parlamentdə məsələ qaldırmağa cəhd edib, əksinə, nə seçicinin ayağına getməyi, nə onları dinləməyi, nə də ən azından onları qəbul etməyi özlərinə rəva biliblər. Mənimsə məqsəd və məramım bu dövlətə, bu xalqa boğazdan yuxarı yox, bütün varlığımla xidmət etməkdir. Neçə ki, 23 ildir “Hürriyyət” qəzeti vasitəsilə bu xidməti göstəririk.

- Neçə illərdir Azərbaycanda belə bir fikir formalaşıb ki, seçkiyə getmək üçün mütləq “yuxarı”dan “dobro” almaq lazımdır? Bu haqda nə deyə bilərsiniz?

- Belə bir fikrin formalaşması təbiidir. Çünki 1995-ci ildən bəri keçirilən parlament seçkiləri elə sizin dediyiniz kimi, “yuxarı”dan “dobro”almaqla formalaşdırılıb. Və hər ötən seçki özündən əvvəlkinin atasına “rəhmət” oxutdurmaqla yadda qalıb. Həm milli mənsubiyyəti şübhə doğuran, həm də bu dövlətə, xalqa nifrət edən şəxslər “dobro”nu  alaraq, Milli Məclisdə bizi təmsil etmək hüququ əldə etdilər...

Deyə bilərsiniz, indi nə dəyişdi, hər şey birdən-birə düzəldi ki, siz namizədliyinizi verdiniz? Açığını deyim ki, bu seçkilərdə də iştirak etmək fikrində deyildim. Çünki hamı kimi mənim də bu seçkilərin şəffaf və demokratik keçirilməsinə inamın yox dərəcəsində idi. Amma prezident İlham Əliyevin həmişəkindən fərqli olaraq, bu seçkilərin demokratik keçiriləcəyinə qarant verməsi, Qərbin nüfuzlu beynəlxalq təkilatlarını seçkini müşahidə etmək üçün ölkəmizə dəvət etməsi, seçkilərdə saxtakarlıq edənlərin cəzasının çox ağır olacağını deməsi məni də ümidləndirdi. Düşündüm ki, saxtakarlıq olacaqsa, elə imzatoplama kampaniyasında özünü büruzə verəcək. Əgər imzatoplama kampaniyasında az da olsa problem hiss etsəydim, namizədliyimi dərhal geri götürəcəkdim. Şükürlər olsun ki, kampaniya maneəsiz və uğurla həyata keçdi . Və bu da məndə olan ümidləri bir az da artırdı.

- Artıq 5 gündür ki, təşviqat kampaniyasına start verilib. Bu müddət ərzində nə işlər görmüsünüz və qarşıdakı hədəfləriniz nələrdir?

- Seçkilərin növbədənkənar keçirilməsi, təbliğat və təşviqat kampaniyasına ayrılan vaxtın çox qısa olması təbii ki, namizədləri çox sıxışdırır. 25 saylı Nizami ikinci seçki dairəsində 350-dən çox bina var. Vaxt isə cəmi iyirmi gündür. Yəni faktiki olaraq seçicilərin hamısı ilə təmasda olmaq, onlara özünü təqdim etmək, platformanı çatdırmaq qeyri-mümkündür. Amma imkan daxilində gücümüz çatan qədər insanlarla görüşməyə çalışıram. Görüşə bilmədiklərimə isə özüm haqqında, gördüyüm işlər haqqında, mövqeyim, əqidəm və hansı partiyaya mənsub olduğum haqqında məlumatları rəhbərlik etdiyim “Hürriyyət” qəzetini hər qapıya çatdırmaqla tanıdıram. Ümid edirəm ki, seçicilərim məni düzgün analayacaq, onlarla görüşə bilməməyimin səbəbini bildikdən sonra mənə olan etimadları daha da möhkəmlənəcək.

- Deyə bilərsiniz, Azərbaycan seçicisi Sizə nə üçün səs verməlidir?

- Maraqlı sualdır. Niyə məhz Vüqar Məmmədov?! Dairəmizdən on namizəd qeydə alınıb. İnsan olaraq onların hər birinə hörmətlə yanaşıram. Amma deputat olmaq üçün haqq sahibi olmağın mütləqdir. Heç kim layiq olmadığı bir vəzifəni istəməməlidir. Yəni, əgər bir şeyi istəyirsənsə, gərək istədiyinə layiq olasan. Əgər mən seçici olaramsa, ilk növbədə namizədin keçdiyi yolu, sonra gördüyü işləri diqqətlə analiz edib, sonra qərarımı verərəm.

İndi siz deyirsiniz ki, seçici sizi niyə seçməlidir? Mən başqa namizədlərdən fərqli olaraq, həm torpaqlarımız uğrunda canımdan keçməyə hazır olmuşam, uğurlu döyüş yolu keçmişəm, həm də bu günə qədər həbs olunmağıma, təzyiqlərə və bütün çətinliklərə məruz qalmağıma rəğmən, dövlətimin və xalqımın malını, mülkünü, var-dövlətini korrupsiya yolu ilə dağıdanlara qarşı mübarizə aparıram. Bəs onlar neynəyiblər? Deyim! Ya dağıdanlarla əlbir olub, külli miqdarda mal-mülk sahibi olublar, ya da bu günə qədər necə susublarsa, bundan sonra da susmağa davam edəcəklər. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mən bir namizəd olaraq bütün kriteriyalarda onlardan öndəyəm. Təbii ki, seçim yenə də xalqımızındır. Dəyərli seçicilərimiz növbəti beş ildə yenə də problemlərinin toparlanaraq üst-üstə yığılmasını istəmirlərsə, deputatları ilə mütəmadi görüşə bilim, dərd-sərlərini bölüşmək, onları narahat edən məsələləri həll etmək istəyirlərsə, düzgün seçim etməlidirlər. Bu düzgün seçimi isə mənə səs verməkdə görürəm.

- Nəyə əsasən əminsiniz ki, Siz məhz seçicilərin arzuladığı, görmək istədiyi millət vəkili ola bilərsiniz?

- Məncə, bu suala yuxarıda geniş cavab vermişəm. Keçdiyim çətin və eyni zamanda şərəfli yol, gördüyüm işlər məndə bu əminliyi yaradır. Və seçiləcəyim təqdirdə onlara layiq olduğumu bir daha isbat edərək, sarsılmış ümidlərini bərpa edəcəyəm.

- Seçki platformanızı bir cümlə ilə vətəndaşlarımıza, seçicilərinizə necə çatdıra bilərsiniz?

- ADP-nin vahid seçki platforması var. Çox geniş olduğundan burada bir-bir sadalamaq istəmirəm. Platformanı növbəti dəfə qəzetimizi evlərə paylayanda tam şəkildə dərc edəcəyik. Sizin sualınızı isə bir cümlə ilə belə cavablandıra bilərəm: Hər şey dövlətim, xalqım və millətim üçün!

- Sizcə, seçkidə əsas rəqibiniz kim olacaq, hakim partiyanın namizədi, yoxsa...?

- Orada iştirak edən hər bir namizəd mənim rəqibimdir. Amma, əgər söhbət sağlam rəqabətdən gedirsə, hakim partiyanın namizədi mənimlə rəqib ola bilməz. Hətta belə deyərdim ki, hakim partiyanın namizədi tək namizəd olsa belə, seçilməsi müşkül məsələdir. Çünki onları özlərindən başqa heç kəs sevmir.

- Yeri gəlmişkən, hakim partiyanın namizədi artıq üçüncü dəfədir parlament seçkilərinə qatılır və iki çağırış Milli Məclisin deputatı seçilib...

- Qatılmağı düzdür, “seçilmə” məsələsi isə yox. Çünki onlar indiyə qədər seçilməyiblər, sadəcə seçdiriliblər. Yenə də təkrar edirəm, şəffaf  və demokratik seçki keçiriləcəksə, hakim partiyanın namizədinin şansı sıfıra barabər olacaq.

- Azərbaycanda istər prezident, istər də parlament seçkilərinə qatılan namizədlərin bir çoxu seçkiyə az müddət qalmış müəyyən anlaşma nəticəsində öz namizədliklərini kiminsə xeyrinə geri çəkirlər. 25 saylı Nizami ikinci seçki dairəsində də belə namizədlər varmı?

- Prezident seçkilərində anlaşma mümkündür. Çünki orada söhbət hakimiyyət bölgüsündən gedir. Məsələn, əsas namizəd digərlərinə onun xeyrinə çəkiləcəkləri təqdirdə hakimiyyətin bir qolunu təklif edə bilər. Amma parlament seçkilərində iştirak edən əsas namizədin əlində hakimiyyət yoxdur ki, digərlərinə vəd etsin. Hakimiyyət yoxdursa, qalır maddi maraq, yəni pul. Pul isə hakim partiyanın namizədindədir. Təbii ki, bizim namizədlər arasında da kimlərsə nəyinsə xatirinə, kimlərinsə xeyrinə geri çəkiləcək. Onları da seçki prosesində görəcəyik.

- Ümumiyyətlə, indiyə kimi hansısa namizədin xeyrinə dövlətin inzibati resurslarından istifadə olunaraq, hər hansı fəaliyyət göstərildiyinin şahidi olmusunuz?

- Hakim partiyanın yeganə ümidi inzibati resurslaradır. Əks təqdirdə, bayaq dediyim kimi, həmin namizədin şansı sıfıra bərabərdi. Bir də ki, seçici niyə ona səs verməlidir, axı. On il müddətində seçicilərinin dərd-səri ilə maraqlanıbmı? Görüşə gəlməməyi bir yana, qəbuluna gələnləri qəbul edibmi? Təbii ki, yox. Və bunun da səbəbi namizəddə deyil, seçicidədir. Neçə ki, seçici gedib məntəqədə öz namizədinə səs verməyəcək, təyin olunan deputat seçicinin yox, onu ora seçdirənin xidmətində duracaq.

Ona görə də hər bir vətəndaş seçkilərdə mütləq iştirak etməli, öz namizədinə səs verməklə özünün vəkilini seçməlidir. Seçməlidir ki, sabah da problemi olanda tələb edə bilsin.

Söhbətləşdi: İ.SABİRQIZI