“Sədrin yanında nüfuzunu artırmaq üçün…” – Fazil Mustafadan Ziyafət Əsgərova cavab gəldi

Baxış sayı:
481

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun deputat Fazil Mustafanın ünvanına söylədiyi tənqidi fikirlərə qarşı tərəfdən cavab gəlib.
“AzPolitika.info” xatırladır ki, Z.Əsgərov F.Mustafanı parlamentdə “selfi” çəkdirib, özünü reklam etdirməkdə günahlandırıb. Sitat: “Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar… Fazil Mustafa, Siz burada “selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizidir. Bunu Milli Məclis rəhbərliyinin adına yazmayın. Bura “selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır…”.

“AzPolitika.info”nun məlumatına görə, həmin iclasda iştirak etməyən F.Mustafa Z.Əsgərova oz sosial şəbəkə səhifəsi vasitəsilə cavab verərək, onun Milli Məclis sədrinin yanında öz nüfuzunu artırmaq üçün belə danışdığını bildirib: “Bu gün Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Mıllı Məclisin iclasında şəxsimizə yönəlik bir atmaca ilə gündəmə gəlib. İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənım hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədyim halda belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belıdirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq. Məni narahat edən sadəcə bir elmlər doktorunun, Anayasa professorunun bizim çıxışlarımızı telefonla çəkərək, sosial şəbəkədə paylaşmamızı selfi çəkdirmək kimi dəyərləndirməsidir. Görünür hörmətli professor Anayasanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur ve məhz bu hüququ tanımayanların sayəsındə Milli Məclisin nüfuzu aşağı salınır.”