​Əsəd Ərdoğanın ürəyini necə fəth etdi?

“İlk illər İran və Rusiya Bəşər Əsədin hakimiyyətdə qalmasını dəstəkləyirdi, lakin Türkiyə buna qarşı idi. Sonrakı proseslər isə Ərdoğanın bu mövqeyini dəyişdi”.
Bu sözləri politoloq Ceyhun Mahmudlu açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyə artıq Rusiyanın Suriya siyasətinə yaxınlaşır və hətta Əsədin hakimiyyətdə qalmasına etiraz etməyəcək.
“Əsədin qorxulu yuxusuna çevrilən Ərdoğan “kin”i artıq əriyib. İndi Əsəd rejimi üçün Türkiyədən təhlükə yoxdur. Bu səbəbdən də, Bəşər Əsəd son günlər iddialı çıxışlar edir. Görünür ki, bu görüşdən sonra artıq B.Əsədin hakimiyyətdə qalması tam olaraq dəqiqləşdirilib”, - deyə C.Mahmudlu bildirib.
Siyasətçi onu da vurğulayıb ki, sonuncu Astana görüşündə imkan verdi ki, dünənki Soçi görüşü baş tutsun.
“Düşünürəm ki, Suriya məsələlərinə dair sammit baş tutdu. Bu sonuncu görüş olmayacaq. Suriyada həll edilməli bir çox görüşlər var. Hazırda orada İŞİD problemi açıq olaraq qalıb. Hələ də orada Əsədə müxalif olan qruplar var. Bunlar içərisində Türkiyəyə yaxın olan silahlılar var. Digər məsələ bölgədəki kürdlərin problemidir. Türkiyə onların mövcudluğuna razı deyil. Bundan başqa, Suriyanın federal dövlətə çevrilməsi məsələsi də gündəmdədir. Yəni həll edilməyən bir çox məsələlər var. Buna görə də, Soçi sammitini Suriya probleminin həll edilməsi kimi görmək düzgün deyil”.
Qeyd edək ki, Soçidə dünən keçirilən Rusiya, Türkiyə və İran görüşündən sonra Suriya ilk açıqlamasını verib. Suriya 6 ildir ddavam edən savaşı bitirmək üçün dialoqa açıq olduqlarını bildiriblər. Amma açıqlamada YPG-nin danışıqlar masasına oturub-oturmayacağına dair məlumat verilməyib. Suriya prezidenti Bəşər Əsədin müşaviri Butina Şaban Suriya dövlət xəbər agentliyi vasitəsilə açıqlama verib. Açıqlamada deyilir: "Konqresin uğurlu olması üçün fərqli müxalif qrupların şiddəti dayandırması və silahlarını yerə qoyaraq dialoq yoluna qədəm qoymaları lazımdır".