​Əsədə qarşı döyüşən Marfin Vladimirlə bağlı – QƏRAR

Baxış sayı:
8137

Suriyada Bəşər Əsəd ordusuna qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşı Marfin Vladimirin kasasiya şikayətinə baxılıb.
Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Marfin Vladimir barəsində bəraət hökmünün çıxarılması ilə bağlı kasasiya şikayəti təmin edilməyib.
Cinayət işində adı keçən Rufan Ağcabəyovla bağlı Ali Məhkəməyə hər hansı bir şikayət daxil olmayıb. Bu səbəbdən hakim heyəti onunla bağlı olan hissədə hökmü araşdırmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rufan Ağcabəyov 13 il, Marfin Vladimir isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rufan Ağcabəyov və Marfin Vladimirin apelyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Rufan Ağcabəyov və Marfin Vladimir anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli biliniblər.
Müəyyən edilib ki, Rufan Ağcabəyov və Marfin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikası və İraq Respublikası ərazilərində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.
Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.
Həmin məlumata görə, Urfan Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.
Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub./Teleqraf.com