​Savaş ssenariləri su sərhədimizə çatdı: Rusiya donanması...

Baxış sayı:
5488

Rusiya imperiyası zamanı və SSRİ dövründə rusların Xəzər donanmasının əsas bazası Bakı olub. SSRİ dağıldıqdan sonra Rusiya Bakıdakı donanma qərargahını Həştərxana köçürməyə məcbur qaldı. Son illər Rusiya rəhbərliyinin Xəzərə xüsusi önəm verməyə başladığı və buradakı donanmasını gücləndirdiyi göz önündədir. 2020-ci ilə qədər daha 6 yeni gəmi və kater donanmanın tərkibinə qatılacaq, donanmanın istifadəsindəki hərbi texnikanın 90%-i tam yenilənəcək.
Bu sözləri açıqlamasında politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Rusiyanın Xəzərdəki donanması böyüyür:
“Donanmanın böyüməsi öz növbəsində yeni və böyük limana, gəmilərə xidmət göstərən bazaya ehtiyacı artırıb. Həştərxandakı hərbi-dəniz bazasının isə bir sıra çatışmazlıqları var. Yəni Həştərxan Xəzərə hərbi-strateji baxımdan ciddi önəm verməyə başlayan Rusiya üçün yetərsiz idi və yeni ehtiyacları qarşılamırdı. Belə şəraitdə yeni bazaya ciddi ehtiyac duyulurdu. Kaspiysk hərbi-dəniz bazası bu ehtiyacları ödəyəcək”.
Politoloq qeyd edib ki, Xəzərdəki hərbi gəmilərdən Suriyaya “Kalibr” qanadlı raketləri ilə zərbələr endirilməsi Rusiyanın Xəzər siyasətində yeni mərhələnin başlanması deməkdir:
“Bu yeni mərhələnin başlanması ilə Xəzərin sülh dənizi olması barədə Rusiya rəhbərliyi tərəfindən ötən illərdə verilən bəyanatlar puç olub. Rusiya Xəzərdə ciddi şəkildə militarizasiya siyasəti aparır. Bu siyasətdə əsas məqsəd Xəzərin tək hökmranına çevrilməkdir ki, bu məqsədin artıq böyük ölçüdə reallaşdığını görürük. Çünki bu gün Xəzərdə öz hərbi gücünə görə Moskva ilə bərabər səviyyədə olan ölkə yoxdur. İranın imkanları var, lakin Xəzərdəki İran donanmasının imkanları Rusiya ilə müqayisədə məhduddur və cənub qonşumuz burada böyük gəmilər saxlamır. İran Hərbi Dəniz Donanmasının gücü daha çox Fars körfəzində toplanıb. Suriyadakı hədəflərə “Kalibr” raketləri ilə zərbələr endirilməsi elə-belə hadisə deyildi. Bu addım onu göstərir ki, Yaxın və Orta Şərqdə, Aralıq dənizi regionunda Rusiyanın cəlb olunacağı bir münaqişə zamanı Xəzər dənizi də cəbhələrdən biri olacaq. Yəni Rusiya təkcə savaş meydanında deyil, uzaq məsafədən də ora zərbə endirmək imkanına malikdir. Öz növbəsində, Rusiyanın müharibə aparacağı potensial düşmənləri onun Xəzərdəki gəmilərinə və infrastrukturuna cavab zərbələri də endirə bilər. Bu dediklərim təbii ki, ehtimal olunan savaş ssenariləridir, belə bir müharibənin mütləq baş verəcəyindən söhbət getmir”.
Politoloq vurğulayıb ki, qapalı su hövzəsi olan Xəzərin bu səviyyədə militarizasiyası və Rusiya tərəfindən qlobal geosiyasi, geostrateji rəqabətdə istifadə olunan məntəqələrdən birinə çevrilməsi ölkəmizin maraqlarına tamamilə ziddir:
“Azərbaycan, əksinə, Xəzərin hərbsizləşdirilməsində maraqlıdır. Əvvəllər Azərbaycan Rusiyanın təsirini və basqılarını ABŞ faktoru ilə neytrallaşdırmağa çalışırdı və buna müəyyən qədər nail də olurdu. ABŞ Azərbaycana hərbi katerlər verirdi və Rusiya ilə İran bu əməkdaşlıqdan ciddi şəkildə narahat idi. Lakin son illər Azərbaycan-ABŞ əməkdaşlığının Xəzər komponentinin zəifləməsi ortadadır. Bu geriləmə Rusiyanın irəliləməsi ilə müşayiət olundu. Hazırkı durum şübhəsiz ki, Azərbaycanın milli təhlükəsizlik və iqtisadi maraqları baxımından ciddi risklər ehtiva edir. Məsələn, Rusiyanın maraqlarına uyğun olmayan Transxəzər layihəsi artıq sual altındadır”.
Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcəyini açıqlayıb. “Komsomolskaya Pravda” qəzetinə müsahibə verən ehtiyatda olan rusiyalı polkovnik Viktor Baranets Rusiyanın Azərbaycana istiqamətləndiyini dilə gətirdi. Bu bölgənin gələcəkdə baş tutacaq enerji resursları uğrunda mübarizənin əsas meydanlarından birinə çevriləcəyini deyən Baranets Rusiya Baş Qərargahının artıq bu planlara bələd olduğunu, ona görə də Azərbaycan sərhədlərində möhkəmləndiyini vurğulayıb.
Bununla yanaşı, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərb Dairəsinin birləşmələri Ermənistan, Abxaziya və Krasnadorda hərbi təlimlərə başlayıb.