“Satıram” sözü hər zaman reklam sayıla bilməz – Ekspert

Öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmır.
 
Bu sözlərlə “Digesta” hüquq firmasının rəhbəri, nəqliyyat eksperti Ərşad Hüseynov avtomobillərinin üzərində “Satılır” elanı yazanların cərimələnəcəyi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin media açıqlamasını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, satış yerində qoyulan və üzərində “satılır” elanı yazılan avtomobil cərimələnə bilməz:
“Avtomobillərin üzərində "Satılır" sözü yazanların nəqliyyat vasitəsində qanunsuz reklam yaymaya görə cərimələnəcəklər bildirilib. Amma bu heç də həmişə belə ola bilməz.
Reklam kommersiya məqsədli informasiyadır. Hesab edirəm ki, bu cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz. Çünki öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmır (Qanunun 1.2-ci maddəsində göstərilib). Əgər kimsə peşəkar olaraq avtomobil alveri ilə məşğul olursa və satışa çıxardığı növbəti avtomobillər üzərinə belə yazı yazıb yolda idarə edirsə, onda qanunsuz reklamdan və cərimədən söhbət gedə bilər, çünki bu artıq kommersiya xarakterli reklamdır. Satış yerində qoyulan (yolda idarə edilməyən) avtomobil üzərinə yazılan hər hansı reklam yazısına görə isə cərimədən söhbət gedə bilməz”.
Qeyd edək ki, avtomobillər üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, reklam xarakterli informasiya olan təsvirlər üçün lazımi sertifikatı almaq lazımdır. Belə ki, avtomobilin şüşəsində "Satılır" yazısı yapışdırmaq reklam hesab edilir. "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi" qaydaların pozulmasına görə fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib./axar.az