Sarkisyanın qardaşı pullarının bir hissəsini büdcəyə vermək istəyir - "ÜZƏRİNDƏN HƏBS GÖTÜRÜLƏRSƏ..."

Baxış sayı:
5503

Sabiq Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan bank hesabında dondurulmuş pullarının üzərindən "həbs götürülsə", bir hissəsini büdcəyə təhvil verməyə hazır olduğunu bəyan edib.

O, eyni zamanda şəxsi vəsaitlərinin qeyri-qanuni olaraq dondurulduğunu bildirir.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Aleksandr Sarkisyanın bank hesabına Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) İstintaq İdarəsinin qərarı ilə "cinayət işi üzrə mülki vəsatəti və mülkün ehtimal olunan müsadirəsini təmin etmək məqsədilə hələ iyulun 9-da həbs qoyulub". Lakin məlumatda hansı vəsatətdən söz getdiyi haqqında bir şey deyilmir.

Yerli KİV və sosial şəbəkələrdə Aleksandr Sarkisyan haqqında qardaşı Serj Sarkisyanın prezidentliyi illərində "zorla müxtəlif bizneslərdə 50 faizə şərik olması" haqqında məlumatlara tez-tez rast gəlmək olar. Yəqin bu səbəbdən Aleksandr Sarkisyan daha çox "Saşik - 50%" ləqəbi ilə məşhurdur.

Müsadirə etmək mümkün deyil

Ötən həftə Yerevan bələdiyyə seçkiləri kampaniyasında başçılıq etdiyi "Mənim addımım" seçki blokunun təşviqat mitinqində çıxış edən baş nazir Nikol Paşinyan Aleksandr Sarkisyandan tələb etmişdi ki, "tək Ermənistan banklardan birində olan qeyri-qanuni yolla əldə edilmiş 30 milyon dolları" könüllü olaraq bir həftə ərzində dövlətə qaytarsın.

Lakin Paşinyan həmin pulların büdcəyə qanuni yolla məcburi qaytarılmasının mümkün olmadığını etiraf etmişdi. Çünki Aleksandr Sarkisyan "uzun müddət vəzifəli şəxs olmadığına görə deklarasiya təqdim etməsi gərək olmayıb və bu hal qanuni qaydada araşdırma aparmaq və müsadirə etmək üçün çətinliklər yaradır", Paşinyan deyib.

Aleksandr Sarkisyan da mövcud Ermənistan qanunlarına əsasən, pul vəsaitlərinin qanuni və ya qeyri-qanuni əldə edilməsi mənbələri dəqiqləşdirilmədən onların müsadirəsi mümkün olmadığını qeyd edib.

"Belə çıxır ki, Nikol Paşinyan həmin pulların qeyri-qanuni yolla əldə etmədiyimi, onların qanuni müsadirəsinin mümkün olmadığını bilə-bilə, mənə şəxsi neqativ münasibəti ucbatından və öz vəzifə səlahiyyətlərindən və hakimiyyətindən sui-istifadə edərək təhdid edir ki, mənə məxsus olan pulu könüllü şəkildə büdcəyə təhvil verim", - Aleksandr Sarkisyanın bəyanatında deyilir.

Bu qədər pul haradandır?

Aleksandr Sarkisyan yaydığı bəyanatda bank hesabında olan pulların mənbələrinə dair məlumat verib və baş nazir Paşinyanı "qanun çərçivəsində" hərəkət etməyə çağırıb.

"Belə bəyanatlar etməzdən öncə baş nazir göstərməli idi ki, qanun üzrə nəzərdə tutulan qaydada sübut olunub ki, mənim bank hesabımda saxlanan vəsaitlər qeyri-qanuni yolla əldə edilib", - Sarkisyan qeyd edib.

Eks-prezidentin qardaşı [maraqlıdır ki, hələ sovet dövründən] 1985-1995-ci illərdə Rusiyada bizneslə məşğul olduğu və Ermənistana iri məbləğdə pul gətirib banka yatırdığını deyir. Bundan başqa, onun sözlərinə görə, "sırf özünə məxsus şirkətdən qanuni gəlirləri olub" .

Aleksandr Sarkisyanın sözlərinə görə, baş nazir Paşinyan "qanun tələblərinə zidd olaraq, bank sirrini bilib yayıbsa", yəqin onu da bilir ki, Sarkisyan öz vəsaitlərini "ölkədən qaçırmayıb, yerli banka yerləşdirib və bununla Ermənistan bank sisteminin inkişafında müəyyən rol oynayıb".

"Təqibə son qoyulsun... ianə edərəm"

Aleksandr Sarkisyan baş nazirə özünün "və ailə üzvlərinin Ermənistan dövlət orqanları tərəfindən qeyri-qanuni təqib edilməsi, həbs olunması, əmlakı və bank hesabları üzərinə həbs qoyulması nəticəsində böyük itkilərə məruz qaldığını" bildirir.

"Mən baş naziri bütün Ermənistan hüquq-mühafizə orqanlarına qanun müstəvisinə qayıdıb mənə və ailəmə məxsus mülk və pulların qaytarılması üçün mürtaciət etməyə çağırıram", - Sarkisyan öz bəyanatında yazır.

"Eyni zamanda bəyan edirəm ki, sözügedən tədbirlər görülsə və Ermənistanda həqiqi qanunçuluq təsbit olarsa, qanunla nəzərdə tutulan qaydada mənə məxsus pul vəsaitlərinin bir hissəsini prioritet tanınan sahənin inkişafı və güclü vətən quruculuğu məqsədilə xeyriyyəçilik kimi ianə etməyə hazıram", - Aleksandr Sarkisyanın bəyanatında deyilir.

Baş nazir aparatından və hüquq-mühafizə orqanlarından Aleksandr Sarkisyanın bəyanatına reaksiya olmayıb.

Ermənistan Mərkəzi Bankından isə "istintaq sirrini açmamaq üçün" Aleksandr Sarkisyanın əmanətinin qanuniliyi barəsində jurnalistlərə məlumat verməyiblər.