Sanksiyalar İran neftinin ixracını aşağı salıb –Çin əsas alıcı mövqeyini gücləndirir

Baxış sayı:
130

ABŞ-ın sanksiyaları ilə əlaqədar İranın xam neft ixracı azalır.

Muxalifet.az AZƏRTAC-a istinadla xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, rəsmi Tehranın neft ixracı apreldən indiyədək 28 faiz azalıb. Belə ki, İranın neft ixracı bu ilin aprel ayından bu vaxtadək gündəlik 810 barrel aşağı düşüb.

İranın Neft Nazirliyinin məlumatlarına görə, rəsmi Tehran apreldə gündəlik 2,87 milyon barrel neft ixrac edib. Bu həcmin təxminən 1,4 milyon barreli Çin və Hindistana göndərilib. May ayında sutkada 2,7 milyon barrel neft ixrac edən İranın neft satışları iyunda 2,61 milyon barrelə geriləyib. Bu dövrdə İran 2 milyon 280 min barrel xam neft və 330 min barrel qaz kondensatı ixrac edib.

İyulda ABŞ-ın İrana qarşı tətbiq etdiyi ilk sanksiyaların qüvvəyə minməsi nəticəsində rəsmi Tehranın neft ixracı həmin ay 2,3 milyon barrelə düşüb. Çin və Hindistan iyulda İrandan neft idxalını artırıb, Koreya Respublikası və Yaponiya isə azaldıb. İyun ayında Çin İrandan gündəlik 722 min barrel xam neft idxal edib, bu göstərici iyulda 799 min barrelə çatıb. Hindistanın iyulda İrandan neft idxalı əvvəlki aya görə 40 min barrel artaraq sutkada 706 min barrelə yüksəlib.

Avqustda Çin İrandan neft idxalını artıraraq gündəlik 874 min barrelə çatdırıb. Əvvəlki ayla müqayisədə Hindistanın İrandan neft idxalı 32 faiz azalaraq sutkada 523 min barrel olub. Koreya Respublikası isə keçən aydan etibarən İrandan neft idxalını tamamilə dayandırıb. Beləliklə də avqustun sonunda İranın neft ixracı sutkalıq 2 milyon 60 min barrelə düşüb.

Qeyd edək ki, İran neftini hədəf alan ABŞ-ın ikinci sanksiyalar paketi noyabrın 5-dən qüvvədə olacaq.

İran təxminən 158 milyard barrel xam neft ehtiyatı ilə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə Venesuela və Səudiyyə Ərəbistanından sonra 3-cü sırada qərarlaşıb, dünyada isə Kanadadan sonra ən böyük 4-cü ölkədir.