Sanksiyalar İran iqtisadiyyatını çökdürür - ÖLKƏDƏ VƏZİYYƏT GÜNBƏGÜN AĞIRLAŞIR

Baxış sayı:
433

Birləşmiş Ştatların sanksiyaları İran iqtisadiyyatında düşüş yaradıb və gələn il durum daha da pisləşəcək. Bunu Beynəlxalq Valyuta Fondu (BVF) bildirir. Oktyabrın 8-də açıqlanmış Dünyanın İqtisadi Mənzərəsi adlı hesabatda BVF bildirir ki, İranın neftə söykənən iqtisadiyyatı bu il 1,5 faiz azalacaq və səbəb neft ixracındakı enmədir. 2019-cu ildə hasilatın həcmində azalma isə 3,6 faizə qalxacaq. Bu ilin mayında ABŞ Prezidenti Donald Tramp Tehrana sanksiyaların bərpa olunacağını açıqlamazdan öncə BVF İran iqtisadiyyatının 2018-ci və 2019-cu illərdə 4 faiz artacağını proqnozlaşdırırdı.

BVF bildirir ki, növbəti iki il ərzində İran iqtisadiyyatı üçün proqnozlaşdırdığı düşüş sanksiyalar ucbatından “azalmış neft hasilatı”na görədir.Vaşinqton İran iqtisadiyyatına sanksiyaların birinci raundunu elan edib, eyni zamanda İrandan neft alan ölkələrə xəbərdarlıq edib ki, başqa təchizatçı axtarsınlar. İranın neft sektoruna sanksiyaların ikinci raundu noyabrın 5-də qüvvəyə minəcək.

Tramp İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan edəndən sonra sanksiyalar bərpa olunmağa başlanıb. Sanksiyalar 2016-cı ildə qaldırılandan İrandan xam neft ixracı rekord səviyyəyə – 2,5 milyon barrelə çatmışdı. İndi ixrac günə 500 min barel azalıb və gələn ay genişləndirilmiş sanksiyalar qüvvəyə minəndən sonra daha da azalacağı gözlənir. Tramp administrasiyasının rəsmiləri deyirlər ki, məqsəd İrandan neft ixracını “sıfır”a endirməkdir. BVF Yaxın Şərq üçün də artım proqnozunu azaldıb. Bu da İran iqtisadiyyatındakı azalma və neftin bahalanmasından dolayı enerji xərclərinin artmasıyla izah olunur.Qurum Birləşmiş Ştatlar və Çinin tarif müharibəsinin dünya iqtisadiyyatı üçün yaxşı bir şey vəd etmədiyini bildirir. 2018 və 2019-cu illərdə qlobal artımın ortalama 3,7 faiz olacağı proqnozlaşdırılır, baxmayaraq ki, yazda bu göstərici 3,9 faiz idi. BVF gələn il Çində 6,2 faiz artım proqnozlaşdırır, daha öncəki proqnoz 6,4 faiz idi.