Şamaxıda 15 yaşlı şagird direktor müavinindən hamilə qaldı – Yeni xəbər

Baxış sayı:
391

Şamaxı rayonunda seksual xarakterli zorakılıq hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Elnur İbrahimov Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində dərs hissə müdiri-direktor müavini vəzifəsində işləyib. Onun təcavüz etdiyi 2000-ci il təvəllüdlü Sahibə Babayeva (ad və soyad şərti verilib – red.) da həmin məktəbin şagirdi olub.
İstintaq sənədlərinə görə, Elnur İbrahimov 2015-ci ilin iyun ayında orta məktəbin 9-cu sinfini bitirən, yəni yetkinlik yaşına çatmayan Sahibə Babayeva ilə intim münasibətdə olub.
Müəyyən edilib ki, Elnur İbrahimov 2015-ci ilin sentyabr ayının ortalarında gecə vaxtı Sahibə Babayevanın yaşadığı evin həyətinə gəlib. O, həmin evin həyətində Sahibə Babayeva ilə cinsi əlaqədə olub.
Bir neçə aydan sonra Sahibə Babayeva hamilə qalıb. Xəstəxanadan qızın hamilə qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Müraciət əsasında Elnur İbrahimov cinayət məsuliyyətinə cəlb olunub. İstintaq orqanı tərəfindən Elnur İbrahimovun barəsində Cinayət Məcəlləsinin 152.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Şamaxı rayon Məhkəməsinin hökmü ilə Elnur İbrahimov 2 il 6 ay müddətə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası alıb. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Elnur İbrahimovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyasının qərarı ilə Elnur İbrahimovun əməli Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilib və cəzası bir ilə salınıb.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.
Prokurorun protestinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorun protestini təmin edib.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verilib.
Apelyasiya instansiyasında şikayət bu dəfə hakim Fərmayıl Zeynalının sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası sonda Elnur İbrahimovun barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Bu qərardan da prokuror narazı qalıb. Prokurorluq kasasiya protesti verərək, Elnur İbrahimovun cəzasının ağırlaşdırılmasını tələb edib.
Prokuroruğun kasasiya protestinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, prokurorun protesti təmin edilməyib.
Qeyd edək ki, Elnur İbrahimov ailəlidir, iki uşaq atasıdır.