Saleh Rüstəmovun oğlu atası ilə görüşmək üçün Rusiya səfirliyinə müraciət edib

Baxış sayı:
2362

Bu barədə Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov öz Facebook səhifəsində yazıb
 
"Atamın həbsindən sonra onunla görüşə bilmək üçün Azərbaycana gəldim. Görüşə imkan yaradılması üçün Rusiya səfirliyinə müraciət etdim".
Bunu çirkli pulların yuyulmasında ittiham edilən Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dönəmində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, səfirliyin işçisi atasının hansı maddə ilə ittiham olunduğunu soruşub, cavabında isə o, "narkotik maddə ilə" deyib.
S.Rüstəmov vurğulayır ki, səfirliyin əməkdaşı ona "narahat olmayın, görüş alacaqsız" deyərək, gözləməyi xahiş edib. Amma S.Rüstəmovun qeyd etdiyinə görə, bir müddətdən sonra geri qayıdaraq ona atası ilə görüş ala bilməyəcəyini söyləyib.
S.Rüstəmov ehtimal edir ki, ona məhz atası AXCP ilə bağlı olduğundan kömək göstərilməyib. Onun fikrincə, əgər ittihamda söhbət başqa məsələlərdən getsəydi, səfirlik ona kömək edərdi.
S.Rüstəmovun bu açıqlamasına Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
Saleh Rüstəmov Rusiya vətəndaşıdır və sentyabrın 3-də onun həbs müddəti dekabrın 18-nə qədər uzadılıb.
S.Rüstəmov və V.Rüstəmli may ayında narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub.
Lakin mayın 26-da Azərbaycan Baş Prokurorluğu S.Rüstəmovun və V.Rüstəmlinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənovla birlikdə AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" işi üzrə həbs olunduğunu bildirib.
Həbs olunanlara qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pulların yuyulması ittihamları irəli sürülüb.
AXCP qanunsuz maliyyə əldə etməsi barədə ittihamları rədd edib.
Hüquq müdafiəçiləri bu iş üzrə həbs olunanları "siyasi məhbus" kimi tanıyıb.