Salam olsun, üzü haqqa gedənə... - NURƏDDİN İSMAYIL - 60

Baxış sayı:
5560

Bu gün şair-publisist Nurəddin İsmayılın doğum günü – 60 illik yubileyidir. Yubliyarı təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzu edirik.
 
Şairin öz yubileyinə həsr etdiyi qısa qeydi və şeirini təqdim edirik:
 
60 il bundan öncə 10 yanvarda dünyaya göz açdım. Acılı- şirinli günlər yaşadım. Taledən şikayətim yoxdur, ilahi təqdir nədirsə, o da oldu. Amma gələn günlərimi keçən günlərə qurban vermək fikrindən uzağam. Keçən günlərim hər şeydən çox mənim üçün Vətən itkisdir. Ümid gələn günlərədir. Mənimlə bir ayda, bir gündə doğulan hər kəsi cani-könüldən təbrik edirəm.
 
Qoyub gedirəm
 
Bir ömürdü yaxşı, yaman yaşadım,
 
Salmışamsa izdi, qoyub gedirəm.
 
Fani dünya, səni çoxdan boşadım,
 
İsinməyə közdü, qoyub gedirəm.
 
 
 
Dağlar ilə həmdəm oldum, ucaldım,
 
Hər çiçəkdən sevgi payı, güc aldım,
 
Gəldi altmış, daha mən də qocaldım,
 
Bu torpağa üzdü, qoyub gedirəm.
 
 
 
Bəs eylədi gənclik eşqim, həvəsim,
 
Döyən ürək, gəlib-gedən nəfəsim,
 
Təzələnsin məndən sonra qəfəsim,
 
Yaşıl çəmən, düzdü, qoyub gedirəm.
 
 
 
Şair sözü yerdən göyə götürər,
 
Can şirəsi qatıb qəlbə ötürər,
 
Ağıldır o, əksən, məna bitirər,
 
Yadda qalan sözdü, qoyub gedirəm.
 
 
 
Bir borcum var, gərək çıxa, ödənə,
 
Can qurbandı doğma elə, vətənə,
 
Salam olsun, üzü haqqa gedənə,
 
Əmanətdi, sizdə qoyub gedirəm.
 
 
 
Bir xalıya barmaq vurar yüz ilmə,
 
Əyri hana çətin tuta düz ilmə,
 
Qəm eyləyib, könül belə üzülmə,
 
Səcdəmiz var, dizdi, qoyub gedirən.
 
 
 
Doğmalar var səndən yaxın, uzaqda
 
Atan, anan, səni qucan sazaqda,
 
Bu həsrəti misra-misra yazaq da
 
Deməsinlər tezdi, qoyub gedirəm.
 
10.01.2020