Şahin Hacıyevlə “qarşılıqlı güzəştlər”dən danışan Levon Zurabyanı linç edirlər - BELƏ VƏZİYYƏTDƏ HANSI DANIŞIQLARDAN SÖHBƏT GEDƏ BİLƏRDİ?!...

Baxış sayı:
4555

Bu günlərdə Ermənistanda ezamiyyətdə olan azərbaycanlı jurnalist, “Turan” agentliyinin redaktoru Şahin Hacıyevlə söhbətində Qarabağa dair qarşılıqlı güzəştlərin vacibliyindən danışan siyasətçi-Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyana qarşı linç kampaniyası başlayıb.

“Turan”ın əməkdaşı Levon Zurabyana həmin müsahibədə keçmiş prezident Levon Ter-Petrosyanın on il əvvəlki tezislərini xatırladaraq deyib ki, “bu gün bizim imtina etdiyimizi sabah xahiş edəcəyik, amma heç kim onu bizə verməyəcək”.

“Güzəştlərə hazır olmaq lazımdır, qarşılıqlı güzəştlərə. Azərbaycan dərk etməlidir ki, bunsuz mümkün deyil”-müsahibənin “Turan” agentliyi tərəfindən dərc edilmiş versiyasında Zurabyan belə deyir.

Baxmayaraq ki, Levon Zurabyan Ermənistan üçün “birtərəfli güzəştlərdən” deyil, “qarşılıqlı güzəştlərdən” söhbət açıb, belə danışdığına görə ona qarşı şiddətli hücumlar başlayıb. Hakim “Mənim addımım” fraksiyasından deputat Sofiya Ovsepyan Zurabyanı kəskin tənqid edərək onu “vətənsiz adam” adlandırıb.

“Mən qarşılıqlı güzəştlərə hazıram! Aran Qarabağın tamamını sizin kimi manqurtlara dəyişirəm! Danışıqlara başlayırıq, ya yox?”-Ovsepyan Facebook-da yazıb.

Ovsepyanın tərəfdarları onun yazdıqlarını dəstəkləyiblər. Zurabyanın tərəfdarları isə onu  mandatını təhvil verməyə çağırıblar.

“Belə davranış deputat davranışı deyil, özünü düzgün apar.  Sən artıq hakimiyyətdəsən və özünü belə aparmağa haqqın yoxdur”-Araik Avaqyan adlı istifadəçi yazıb.

“Əgər Ter-Petrosyanın diplomatiyası olmasaydı Qarabağın indi kimdə olacağı məlum deyildi”-Arutyun Qriqoryan adlı digər istifadəçi polemikaya qoşulub.

Başqa bir istifadəçi isə yazıb ki, heç Nikol Paşinyanın hökuməti də qarşılıqlı güzəştlərsiz keçinə bilməz. “Sizin xarici işlər naziriniz artıq Azərbaycanla danışıqlar aparır, danışıqlar isə qarşılıqlı güzəştlərdən başqa heç nə deyil.  İndi sual yaranır: siz xarici işlər nazirinin belə addımına necə yanaşacaqsınız?”-istifadəçi yazıb.

“Levon Ter-Petrosyan öz tərəfdarları ilə yenidən həyacana gəliblər, qoy onlar birlikdə çıxıb getsinlər Azərbaycana. Mən buna qarşı deyiləm, hətta əvəzində heç nə istəmirəm”-Spartak Petrosyan adlı istifadəçi isə belə yazıb.

Baş nazir Nikol Paşinyanın müşaviri Srbui Kazaryan isə polemikaya qoşularaq Ovsepyanı dəstəkləyib. “Ter-Petrosyan SSRİ KQB-sinin “Qarabağ” komitəsinin üzvlərini azad etməsi üçün hansı güzəştlərə getmişdi? İşıqların söndürülməsinə görə hansı anlaşmalara razılıq vermişdi? Ter-Petrosyan hansı sövdələşməyə getmişdi ki, mütləq qələbə şəraitində qeyd-şərtsiz kapitulyasiyanın əvəzində atəşkəsə razılıq verdi?”-o yazıb.

Bu mövqe də Ter-Petrosyanın tərəfdarları arasında analoji reaksiyalara səbəb olub. Şərhçilərin qəzəblənmiş hissəsi müşaviri istefaya çağırıb. Bir müddət sonra Kazaryan yazdıqlarını silib, amma istifadəçilər skrinşotu saxlayıblar. Paşinyanın mətbuat katibi Vladimir Karapetyan isə bildirib ki, Kazaryanın yazdıqları hökumətin və baş nazirin mövqeyini əks etdirmir. Onun sözlərinə görə, baş nazir müşavirindən bu barədə izahat istəyib.

Levon Zurabyan isə həm Nikol Paşinyanın, həm keçmiş hakimiyyətin (“Qarabağ klanı”) tərəfdarlarının ona hücumlarına cavab olaraq Şahin Hacıyevlə müsahibəsinin stenoqramını yayıb. O bildirib ki, azərbaycanlı jurnalist müsahibə üzərində vicdanla işləsə də bəzi məqamların ixtisar olunması nəticəsində fikirlər arasında rabitə itib. Ona görə də müsahibənin tam mətnini dərc edir. (https://news.am/rus/news/496188.html). Hansı ki, Zurabyan Azərbaycana “Dağlıq Qarabağın müstəqilliyini tanımağı” təklif edir. Və bildirir ki, belə olsa ermənilərin əksəriyyəti münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar olacaq.

Zurabyanın müsahibəsi ətrafında gedən polemikalar Ermənistanda Qarabağa dair hər hansı güzəştləri istisna edən ictimai mövqenin getdikcə gücləndiyi bir vaxtda müşahidə olunur. Virtualaz.org qeyd edir ki, belə mövqe ilə lap əvvəldən Nikol Paşinyanın özü də çıxış etməyə başlayıb. O, hakimiyyətə gələndən dərhal sonra Qarabağa səfər edərək bildirmişdi ki, hər hansı ərazi güzəştini nəzərdə tutan danışıqlar aparmayacaq. Və ümumiyyətlə Dağlıq Qarabağ özü hansısa güzəştlərin mümkünlüyü barədə qərar vermək səlahiyyətindədir.

Əlbətdə, Paşinyanın bu mövqeyini yenicə devirdiyi Qarabağ klanına əks-hücum şansı verməmək üçün istfadə edilən populist yanaşma kimi qiymətləndirmək olardı. Və rəsmi Bakı ona şans vermək üçün bir müddət belə populist yanaşmalara, bəyanatlara səbrlə yanaşdı. Lakin sonradan Paşinyanın getdikcə daha çox avantüraya meylləndiyini görəndə Azərbaycan prezidenti çıxışlarından birində onu şəxsən hədəfə alaraq sərt mesajlar verdi. Məhz Qarabağ məsələsinin həll edilməməsi üzündən hakimiyyətdən uzaqlaşdırılan Serj Sərkisyanın aqibətini xatırlatdı.

Daha sonra Paşinyan ritorikanı dəyişdi və Azərbaycanla danışıqlar xarici işlər nazirləri səviyyəsində də olsa hər halda bərpa edildi. Habelə Düşənbədə MDB sammiti zamanı Paşinyanla Əliyevin qeyri-formal görüşü baş tutdu, tərəflər gərginliyi azaltmaq və danışıqlara şans yaratmaq üçün anlaşdılar.

Bu dəfə Sərkisyanın komandasının və partiyasının üzvləri, o cümlədən Dağlıq Qarabağın erməni səhra komandirləri Paşinyana qarşı şiddətli hücumlara başladılar. Onlar xüsusən dekabr ayında keçirilmiş növbədənkənar parlament seçkiləri kampaniyasını Paşinyanın torpaqları qaytarmağa dair hansısa “gizli planı” üzərində qurdular. Belə “gizli planın” mövcudluğunun sübutu kimi ən ağlasığmaz tezislərdən istifadə etdilər. Hətta təmas xətti boyu atışmaların azalmasını da Paşinyanın xəyanətinin isbatı kimi qələmə verdilər.

Bu da təsadüfi deyildi. Çünki Ermənistanda Qarabağ kartı həmişə hakimiyyətə gəlmək və hakimiyyətdəki qüvvəni devirmək üçün başlıca alət kimi istifadə edilib. Doğrudur, Nikol Paşinyanın “məxməri inqilabı”ında Qarabağ əsas alət deyildi. Amma yüz minlərlə erməninin küçələrə çıxaraq onun arxasınca yürüş etməsinin ən başlıca səbəbi məhz Qarabağ idi: həll edilməmiş münaqişə Ermənistana yoxsulluq, sosial-iqtisadi səfalət gətirib, 2016-cı ilin aprel müharibəsi zamanı ermənilərin “sarsılmaz müdafiə xətti” darmadağın edilib və nəticədə Sərkisyan, onun “Qarabağ klanı” tamamilə gözən düşüb.

Məntiqlə Paşinyan onu hakimiyyətə gətirən bu başlıca səbəb üzərində düşünməliydi, yəni Qarabağ məsələsinin həlli üçün çalışmalıydı. Amma onun hətta danışıqlara qatılması faktının özü şiddətli müqavimətlə qarşılandı və bir daha təsdiqləndi ki, erməni cəmiyyəti “bir qarış da torpaq qaytarmamaq” xəstəliyinə yoluxub. Baxmayaraq ki, bütün bəlalarının səbəbinin həll edilməmiş münaqişə, Azərbaycan torpaqlarının işğal altında saxlanılması olduğunu dərk edir. Belə cəmiyyətdə 3-5 ətraf rayonunun qaytarılmasını nəzərdə tutan nizamlama variantını, ümumiyyətlə hər hansı ərazilərin geri verilməsi ideyasını müzakirə etmək mümkün deyil. Nəticədə Paşinyan da “ərazilər əvəzində sülh” prinsipinin istisna edildiyini bəyan edərək həm Qarabağda, həm Ermənistanda ona qarşı hücumları səngitməyə çalışdı.

Beləliklə, absurd vəziyyət yaranıb: əgər Ermənistan hakimiyyəti və cəmiyyəti “bir qarış da olsun torpaq qaytarmamaq” prinsipinə sadiqdirsə o zaman Azərbaycanın belə ölkə ilə danışıqlar aparmasının nə mənası var? Bu danışıqlardan erməni tərəfi ancaq daha çox vaxt udmaq və işğal edilmiş ərazilərdə daha çox möhkəmlənmək, yeni yollar çəkmək və daha çox qanunsuz məskunlaşma aparmaq faydalanmaq istəmirmi?

Məhz bu məqamı nəzərə alaraq hesab etmək olar ki, Ermənistanda istər hakimiyyət, istər müxalifət düşərgəsində gedən polemikaları Bakıda diqqətlə izləyirlər və Paşinyana verilən vaxt, möhlət limitsiz deyil. Əgər yaxın aylarda Ermənistan hakimiyyətinin məsələyə yanaşması dəyişməsə və diplomatların dediyi kimi, substansiv danışıqlara başlamasa o zaman Azərbaycan tərəfi həm ritorikanı dəyişəcək, həm Ermənistanda hakimiyyət naminə Qarabağ kartı ilə getdikcə azğın şəkildə manipulyasiya edən qüvvələri ayıltmaq üçün başqa adekvat addımlar atacaq./virtualaz