​Sahə müvəkkili haqda sensasion faktlar – ZƏRDAB SAKİNİ USUBOVA MÜRACİƏT ETDİ

Zərdab rayonu S. Abdullayev küçəsi ev 67 sakini Cavadov Fərhad Məhəmmədəli oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, Bakıda yaşayan qızı Ramidənin evində baş vermiş oğurluq hadisəsinə görə sahə müvəkkili Vüqar Dadaşov birbaşa məsuliyyət daşıyır:
“Belə ki,  29 aprel 2017-ci il tarixdə  qızım Ramidə Əsədovaya məxsus  Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 6-cı mədən küçəsi  27 nömrəli mənzilindən Əkbərova Şəlalə Allahverdi qızı bir qrup şəxslərlə əlbir olaraq 6000 manat, 300 ABŞ dolları pulumuzu və 5000 manat dəyərində qızıl-zinət əşyalarımızı oğurlamışdır. Sabunçu Rayon Polis İdarəsində oğurluq faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcələsin in 177-ci maddəsi ilə cinayət işi başlanılmış, Şəlalə Əkbərova və onunla yaşayan Nəriman Sadıqovun barəsində həbs qəti imkan qərarı seçilsə də, digər şəxslər gizlədilmişdir. Çünki həmin şəxsləri Sabunçu RPİ-nin sahə müvəkkili Vüqar Dadaşov himayə edir. Buna görə də qızımın evindən oğurlanmış pullar və qızıl zinət əşyaları özünə qaytarılmamışdır. Çünki onları sahə müvəkili özündə saxlayır. Həbs edilən Şəlalə Əkbərovanı və Nəriman Sadıqovu  tam əmin edib ki, onları həbsdən qurtaracaq, məhkəmə şərti cəza verəcək.
Sabunçu RPİ-nin sahə müvəkkili Vüqar Dadaşov bəlkədə bu minvalla çoxlu sayda mənzillərdən oğurluq etdirib. Bunlar Şəlalə Əkbərovanı və Nəriman Sadıqovu həbs etməklə işlərini bitmiş hesab ediblər. Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm, Sabunçu RPİ-nin sahə müvəkkili Vüqar Dadaşovun barəsində tədbirlər görəsiniz, onda olan oğurlanmış pularımızın və qızıl zinət əşyalarımızın qızım Ramidə Sadıqovaya qaytarılmasına köməklik göstərəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.