“Saçlarım məndən sənə yadıgar olsun, Xaliq” – ŞƏHİD ANASI

Dünən millət vəkili Qənirə Paşayeva deyəndə ki, şəhid ailələrinə baş çəkməyə gedir, mən də ona qoşuldum. Onunla birlikdə torpaqlarımızın işğalçı düşmən ordusundan müdafiəsi zamanı döyüşlərdə şəhid olan Xaliq Əzizzadənin yaşadığı evə getdim. Evləri Bakının ucqarında Zığ şossesinin üzərində yerləşir. Axşamın gec saatları olsa da, üzərinə Azərbaycan bayraqları asılmış yas mağarlarının qarşısında iynə atsan yerə düşməzdi. Tanıyan, tanımayan hər kəs şəhid ailəsinə başsağlığı verməyə gəlmişdi. Atası qürurla qarşılayırdı verilən başsağlıqlarını... 

Şəhid anası

Bayrağın üzərindən şəhidimizin fotosu asılmışdı. Qadınlar evdə olduğundan 9 mərtəbəli binanın 2-ci mərtəbəsinə qalxdıq. Üzündəki cırmaq yerlərindən axan qan göz yaşı formasında donub qalmışdı. Millət vəkilimizi görüb ayağa qalxmaq istədi. Amma Qənirə xanım imkan vermədi və qucaqlaşıb sanki yumruq kimi birləşdilər. Ana ağlamırdı... yana-yana danışırdı... Sadəcə, qürur duyurdu, şəhid balasıyla. Arada deyirdi ki, süfrəyə əl uzadın, şəhid balam küsər, deyər ki, qonaqlarıma yaxşı baxmadınız... Dedi ki, iki gündür, millət gəlir evimizə. Dünya tanıdı oğlumu. Xaliqə toy çaldıra bilmədim. Amma dəfnində bir toy çaldılar ki, üzərində...
Həssas dönəmdə olduğundan şəhid anasına jurnalist olduğumu demək istəmirdim, yanımda əyləşən bacısı Elnarə Məmmədova dedi ki, Xaliq Toğanada hərbi xidmətdəymiş. Sonra Murovda olub. Sanitar hissədə qulluq edirmiş. Təcili yardım maşını sürürmüş. Döyüş zonasından yaralı əsgərləri çıxardan zaman erməni hərbi birləşmələrinin atdığı mərminin qurbanı olub... 

“Qəhraman kimi qayıdacam”

Bacısı deyir ki, vaxt tapanda zəng edirdi, hal-əhval tuturdu. Sonuncu dəfə aprelin 4-də axşam saat 17:26-da danışıb. Xaliq deyib ki, narahat olmayın, hər şey yaxşıdır. Bacısı son günlərin narahatlıqlarından dolayısı deyib ki, özündən muğayat ol. O isə gülümsəyib, cavab verib ki, tezliklə torpaqlarımızı işğaldan geri qaytaracağıq. Arada təsəlli də verirmiş: “Anama de ki, narahat olmasın, nigaran qalmasın məndən. Qəhraman kimi qayıdacam”. Amma ertəsi gunu səhər saatlarında tabutu gəlib. Elə bu vaxt Xaliqin anası söhbətə qoşulur: “Martın 25 də yanına getmişdim. Elə gözəlləşmişdi, kişiləşmişdi balam. Deyirdi ki, məndən narahat olmayın, tezliklə məzuniyyətə gələcəm. Aprelin 12-nə yolunu gözləyirdik. Hərbi hissədə oturub dərdləşirdik. Dedi ana, Ermənistan hökuməti və ermənilər sizə çox əziyyət edib... 
Xaliqin ailəsi Ermənistandan,Vedi rayonun Yenicə kəndindən (tarixi Azərbaycan torpaqları) 1988-ci ildə zorla qovulub. Çox əziyyət çəkiblər. Naxçıvanın Şərur rayonuna pənah gətriblər. Xaliq də orada anadan olub. Sonra Bakıya köçüblər..
"Oğlum həmişə deyirdi ki, ana onlar orada sənə, ailəmizə çox əziyyət veriblər. Zorla evimizdən çıxarıblar. Bizim kimi minlərlə ailəyə bu əziyyəti veriblər. Sonra da Azərbaycandakı torpaqlarımızı işğal ediblər. Gərək sənə və Vətənimizə qarşı bu cür qeyri-insani əməllər törədənlərdən, işğalçılardan intiqamımızı alaq. Gedib torpaqlarımızı işğaldan azad etməliyik”- şəhid anası dedi. 
Onu da bildirdi ki, ən son da şəhid olmasından bir neçə saat əvvəl danışıbmış: “Çox qısa bir-iki kəlmə dedi. Demə, döyüşə gedirmiş. Sonra şəhid xəbəri gəldi. Oğluma heç nişan da apara bilməmişdim. Amma millətimiz oğlumu elə yola saldı, elə yola saldı... 

“Şəhid anası” olmaq qüruru

Oğlumla da millətimlə də bir daha qürur duydum. Deyirdi, ana, mənimlə qürur duyacaqsan. Oğlum mənə “Şəhid anası” olmaq qürurunu yaşatdı. Onunla hər zaman qürur duyacam.Tək mən yox, bütün millətimiz şəhidlərimizlə hər zaman qürur duyacaq. Vətənimiz, dövlətimiz sağ olsun. Övladlarımızın şəhid olduğu torpaqlarımız azad olunub bu bizim ən böyük təsəllimizdir. İstəyimiz bütün torpaqlarımız işğaldan azad olunsun və balalarımızın ruhu şad olsun. Bizə bu əziyyətləri yaşadanlara layiqli cavab verilsin. Onlar məni evimdən zorla qovublar onların necə vicdansız, insan ruhu daşımayanlar olduğun yaxşı bilirəm. Övladlarımızın qanı yerdə qalmasın.Tək istəyim budur". 

Vətən sağ olsun

Şəhidimiz Xaliq Əzizzadənin əziz valideynlərini ziyarət edib başsağlığı dilədik. Mərd və qürurlu anası “Vətən sağ olsun, oğlumla fəxr edirəm, o indi bütün Vətənin oğludur”-, dedi. Xaliqin atası, qardaşı və bu itkinin stressindən beli bükülmüş, lakin qürurla “Vətən sağ olsun!” deyən bacısı Elnarə yenidən söhbətə qoşulur. 
Qonum-qonşu, sinif yoldaçları, müəllimlər ailənin yanındadırlar. Qonşuları dedi ki, Xaliqin tabutu evə gətiriləndə anası qapını bağlayıb, sonra isə tabutu toyu olacaq bəy kimi bəzəyib. Daha sonra isə uzun gur saçlarını kəsib qoyub tabuta: “Məndən sənə yadıgar olsun, Xaliq”-, deyib. 

Şəhidlər ölməz, Vətən bölünməz !

Əziz şəhidimizin dəyərli ailəsi ilə söhbət zamanı bir daha əmin oluruq ki, Vətən sevdası ilə böyüdülən övladlar bir başqa olur. Bu cür ailələrimizin qarşısında hər zaman baş əyirik. Şəhidlərimiz heç zaman unudulmayacaq və sevgi ilə xatırlanacaqlar. Rahat ol, şəhid anası... şəhidlərimizin qanıyla işğaldan azad etdiyi torpaqlar bir daha düşmən əlinə keçməyəcək. Tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq. Son günlər Azərbaycan ordusunun öz torpaqlarını erməni işğalçılarından azad etmək uğrunda apardığı mübarizədən və Azərbaycan xalqının göstərdiyi əzmkarlıqdan qürur hissi duyuruq. İşğal edilmiş vətən torpaqlarımızın geri qaytarılmasında şücaət göstərərək şəhid olan oğullarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. 
Uğur hamımızın uğuru, şəhid hər birimizin şəhididir. Şəhidlər ölməz, Vətən bölünməz!

Gülnaz Qənbərli