Şabranda at oğurları tutulub

Şabran rayonu ərazisində at oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb.
 
Şabran rayon Polis Şöbəsinə (RPŞ) otlaq sahələrində atların yoxa çıxması barədə müraciətlər daxil olub. Müraciətlərə əsasən, əməliyyat qrupu yaradılıb. Polis əməkdaşları oğurlanan atları Quba rayonu ərazisində tapıblar. İstintaq tədbirləri zamanı atları oğurlamaqda təqsirli bilinən iki nəfər saxlanılıb. Şabran rayonu Şahnəzərli kənd sakinləri - 24 yaşlı Sadiq Hüseynov və onun həmyaşıdı, dostu Elxan Nuriyev iki ay müddətində Şabran və Xaçmaz rayonu ərazisindən 12 at oğurladıqlarını etiraf ediblər. Dostlar atların bir qismini dəyərindən aşağı qiymətinə satdıqlarını, bəzilərini isə Babadağa getmək istəyən şəxslərə icarəyə verdiklərini bildiriblər.
 Tapılan atlar Şabran RPŞ-nin əməkdaşlarının iştirakı ilə sahiblərinə təhvil verilib.
 Faktla bağlı Şabran rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.