Əsabəli Mustafayev: “Talançı məmurların mülklərinin hərraca çıxarılması üçün hüquqi mexanizm mövcuddur”

Baxış sayı:
4444

2019-cu ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı deputat Fəzail Ağamalı şəhid ailələrinə ödənilməli olan 264 milyon manatın mənbəyini göstərib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min nəfər qəhrəman vətəndaşımız şəhid olub.
Həmin şəhidlərin hamısının ailəsinə müavinət ödəmək üçün lazım olan 264 milyon manatı dövlət büdcəsini talamış keçmiş məmurların mülklərini hərraca çıxarmaqla əldə etmək lazımdır: “24 min nəfər şəhid olub. Mən bu döyüşlərdə iştirak edənlərdən biriyəm. Bunlar niyə yaddan çıxmalıdır? Niyə məsələn şəhid olan polis işçiləri yaddan çıxmalıdır? Əgər bunların hər birinə, 24 min nəfər şəhidin ailəsinə müavinət ayrılsa, bu, 264 milyon manat edər. Dövlət büdcəsinin müəyyən problemləri var, mən bunu başa düşürəm. Amma mən bu vəsaitlərin ödənilməsi mənbəyini deyirəm: Cahangir Hacıyevin Londondakı mülkləri satılsın, gətirilsin dövlət büdcəsinə! Fazil Məmmədovun, Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları çıxarılsın hərraca, satılsın, vətən uğrunda döyüşən, şəhid olanların ailələrinə verilsin! O da xalqın puludur. Bu istiqamətdə ciddi addımlar atmağa ehtiyac var”.
Vitse-spiker Valeh Ələsgərov deputatın çıxışında səsləndirdiyi fikirlərə ironik tərzdə cavab verib: “Burada hamı deyir ki, uşaq puluna və digər məsələlərə pul ayrılsın. Mən də istəyirəm ki, bu, olsun. Amma mənbə haradadır, mənbəni göstərin, hesablayın, hökumətə verin və bu məbləğ də büdcəyə daxil olsun”.
Bu zaman zaldan Fəzail Ağamalının etirazı eşidilib. O bildirib ki, az öncəki çıxışında adını çəkdiyi sabiq məmurların əmlaklarını hərraca çıxarmaqla, əldə olunan pulla mənbə yaratmaq mümkündür.
Bu dəfə yenidən müdaxilə edən Valeh Ələsgərov “Məmurların mülklərinin satılmasının hüquqi yolunu bilirsinizsə, o zaman deyin. Yazın  hökumətə, qoy etsinlər” deyə,  bildirib.
Bəs, deputat Fəzail Ağamalının təklifində nəzərdə tutulan məsələnin hüquqi mexanizmi varmı?
Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, hüquqi mexanizm mövcuddur. Birincisi, məhkəmə hökmü ilə göstərilməlidir ki, həmin məmurların əmlakı müsadirə olunsun. Müsadirə barədə məhkəmə hökmü olandan sonra qanun yol verir ki, həmin əmlaklar satılmaq üçün hərraca çıxarılsın: “Hərracda satıldıqdan sonra əldə edilən vəsait dövlət büdcəsinə yönləndirilir. Dövlət büdcəsindən isə istər şəhid ailələrinin, istər əlillərin problemlərinin həlli üçün, istərsə də başqa qanuni istiqamətlərə həmin vəsaitlər ayrılır. Yəni Fəzail Ağamalının  qaldırdığı məsələnin  qanuni bir həll yolu budur.
Bəzən hökmdə dövlətə vurulmuş zərərin tutulması göstərilir. İstənilən halda şəxs əgər məhkum olunubsa və barəsində dövlətə vurduğu maddi zərərlərin geri qaytarılması qərarı məhkəmə tərəfindən çıxarılıbsa, o zərər mütləq həmin adamdan tutulmalıdır".
Hüquqşünas qeyd etdi ki, bəzən dövlət əmlakını, vəsaitlərini talamış məmurların öz adına demək olar ki, rəsmi heç bir əmlak olmur. Ona görə də məhkəmə hökmündə əmlakın müsadirə olunması göstərilmir, sadəcə göstərilir ki, dövlətə vurduğu maddi zərərə görə məsələn, 100 milyon manat həmin şəxsdən tutulsun. Bu zaman isə həmin vəsaiti ondan necə tutmaq məsələsi ortaya çıxır. Bunun da qanuni yolları var: “Məsələn, tutaq ki, Cahangir Hacıyevdən dövlətə vurduğu zərərin ödənilməsi tələbi məhkəmə hökmündə əksini tapır, lakin Cahangir Hacıyevin adına mülklər yoxdursa, o halda xanımından o vəsaitlər tutula bilər. Çünki xanımın adına bankda olan pullar, mülkiyyət həyat yoldaşı ilə birgə mülkiyyəti sayılır. Ona görə ki, o pullar və mülklər Cahangir Hacıyevlə birlikdə nikah dövründə əldə edilib. Beləliklə, bunu əsas göstərib dövlət tələb eləyə bilər ki, keçmiş məmurun özünün adına əmlak yoxdursa, ailəsinin adına olan mülkiyyətin müsadirə olunması qərarı məhkəmə tərəfindən verilsin. Deputat Fəzail Ağamalı boş-boşuna danışmır. Əvvəla, şəhid ailələrinə ürəyi yanır. İkincisi, dövlətdən oğurlanan vəsaitlərin geri qaytarılmasının hüquqi mexanizminin olduğunu bilir. Həmin keçmiş məmurların dövlətdən milyardlar oğurladığını deputatlar da yaxşı bilirlər. Ola bilsin ki, o məmurların oğurladıqları öz adlarına deyil, başqalarının adınadır. İstintaq orqanının borcudur ki, araşdırıb dövlətdən oğurlanan vəsaitlərin, o vəsaitlərdən əldə olunan mülkiyyətin kimlərin adına rəsmiləşdirildiyini, harada olduğunu tapsın. Bunu müəyyən etdikdən sonra həmin mülkiyyətlərin və vəsaitlərin dövlətə geri qaytarılmasının hüquqi mexanizmi mövcuddur. Yəni bütün prosedurlar hüquqi qaydada aparılmalıdır. İstəsələr bunu reallaşdıra bilərlər. İstintaq orqanı bu məsələdə maraqlı və qətiyyətli olmalıdır. Əslində deputat çox vacib məsələni qaldırıb”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”