SABİQ NAZİRİN TÖVBƏSİ - Və yaxud niyə məmurlar vəzifədən çıxarıldıqdan sonra ibadətlə məşğul olurlar?

Baxış sayı:
2644

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olmağa başlamsı gündəmin ən çox müzakirə olunan mövzularındandır. İstər mətbuatda, istər də sosial şəbəkələrdə bu haqda çoxsaylı fikirlər səslənməkdədir.

Əlbəttə, sabiq nazirin islam dininin tələblərinə riayət etməsi heç də qeyri-adi hadisə deyil. Əksinə, onun bir müsəlman olaraq, Allah qarşısında borcunu yerinə yetirmək cəhdi tamamilə müsbət qəbul olunmalıdır. Ən azı ona görə ki, hər bir müsəlmanın ibadətlə məşğul olması Qurani-Kərimdə Allah-təalanın insanlara buyurduğu əsas şərtlərdəndir.

Amma, bəlli olduğu kimi, Ziya Məmmədovun ibadətlə məşğul olması, daha doğrusu, sosial şəbəkələrdə səsləndirildiyi kimi, “din”ə qayıtması heç də sıradan bir olay kimi qəbul edilmədi. Bunun da bir çox səbəbləri var.

Birincisi, Z.Məmmədovun 65 yaşdan sonra ibadətə meyl etməsi kifayət qədər gecikmiş bir addımdır.

İkincisi, sabiq nazirin məhz vəzifədən çıxarıldıqdan sonra müsəlman olduğunu “xatırlaması” heç də onun səmimiliyinə dəlalət etmir.

Üçüncüsü və ən vacibi isə odur ki, görəsən, həqiqətənmi Ziya müəllim vəzifədə olduğu illər ərzində xalqdan taladığı milyardlarla manatın, onlarla ailəni başsız, ac-yalavac qoymasının günahını ibadətə başlamsı ilə “yumaq” istəyir?

Əlbəttə, Qurani-Kərimdə də buyrulduğu kimi, Allah qarşısında tövbə qapısı hər zaman açıqdır. Üstəlik, bağışlayan da Uca Yaradan olduğundan, bizim bu haqda hansısa fikir söyləməyimiz doğru olmaz. Odur ki, məsələnin bu tərəfini Allah-təalanın ədalətinə buraxıb, birinci və ikinci tezislərə diqqət yetirək.

Şübhəsiz, Z.Məmmədovun 65 yaşında “din”ə qayıtması heç də qınanılası hal deyil. Kim bilir, bəlkə sabiq nazir öz əməllərindən peşman olaraq, səmim şəkildə tövbə edib. Lakin burada bizi düşündürən bir məsələ var: necə olur ki, vəzifədə olduğu dönəmdə öz cinayət əməlləri ilə boğaza qədər günaha batdığının fərqində olmayanlar, işdən azad olunduqdan sonra tövbə edərək, günahlarını yumağa çalışırlar?! Görəsən, məmur olduğu dönəmdə qazandığı milyonlarla, hətta milyardlarla dollar onların gözünü bu qədər örtür ki, Allah-təalanı belə unudurlar?! Yoxsa, başları sərvət toplamağa qarışdığından Allahın varlığı onların yadına düşmür?! Təbii ki, bu sualların sayını artırmaq olar. Amma onların cavabı bizdə deyil. Hər halda, bu suallara həmin məmurların timsalında elə Ziya Məmmədovun özü cavab versə, daha yaxşı olar. Çünki biz heç vaxt məmur olmadığımızdan bu suala dəqiq cavab verə bilmərik...

Bütün bunlarla yanaşı, Allah-təlanın işinə qarışmadan onu da deyə bilərik ki, tövbə qapısı hər zaman açıq olsa da, bu, xalqın sərvətini talan edən, insanları rəzil günə salan məmurlar üçün keçərli olmaya da bilər. Nəzərə alsaq ki, Qurani-Kərimdə qul haqqını yemək ən böyük günahlardan hesab olunur, o zaman minlərlə, on minlərlə vətəndaşın haqqını yeyən Ziya Məmmədov kimi məmurların Allahın yanında bağışlanacağına da az inanırıq.

Bununla belə, sabiq nazirin ibadətlə məşğul olmasında cəmiyyət üçün də fayda olduğunu düşünürük. Ən azı ona görə ki, bəlkə bu, hakimiyyətdə mövcud olan yırtıcı məmurlar üçün də örnək olar. Yəni Ziya müəllimin taleyini göz önünə gətirən bu tip məmurlar xalqın sərvətini talayarkən, arada Allah-təalanı da yada salarlar...

Faiq QULİYEV