​Sabiq nazirin qardaşının istintaqı qismən təzələnəcək - Müstəntiq dindiriləcək

Baxış sayı:
11458

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Əhmədov son söz deyib.
O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Ə.Əhmədov məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib.
Daha sonra məhkəmə kollegiyası müşavirə otağına yollanıb. Məhkəmə müşavirədən sonra gözlənildiyi kimi hökmü elan etməyib. Hakim qeyd edib ki, iş üzrə istintaq qismən təzələnəcək və işi araşdıran müstəntiq məhkəmədə dindiriləcək. 
Bu səbəbdən məhkəmə bu gün saat 17:00-dək təxirə salınıb.
Xatırladaq ki, prokuror çıxışında Ə.Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.
H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.
H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.
H.Əskərov R.Tahirovun arvadının qohumudur.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb.