Sabiq nazir Heydər Babayev və xanımının məhkəmədə adı çəkilib: 21 milyon kimlərə verilib?

Baxış sayı:
1353

Həbs edilən məşhur iş adamı hakim qarşısına çıxarılıb. Musavat.com iş adamının ifadəsini əldə edib.
Bu gün "Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə elan edilib ki, ləğv edilmiş "Bank Standard" QSC zərərçəkmiş qismində tanınıb. Onun nümayəndəsi isə Azər Tanırverdiyevdir.
Ç.Cəlilovun vəkili Janna Bağırova vəsatət qaldırıb. O, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Həmçinin vəkil qeyd edib ki, Ç.Cəlilovun özünün və övladlarının adına olan əmlaklarına həbs qoyulub. Ç.Cəlilovun üzərinə həbs qoyulan ümumi əmlaklarının dəyəri 7 milyon 300 min manatdır.
Xatırladaq ki, Baş Prokurorluq iş adamın həbsi ilə bağlı rəsmi açıqlama yayıb. Məlumatda bildirilir ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən, xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Musavat.com həbs edilən iş adamının istintaqa ifadəsini əldə edib. Ç.Cəlilov həmin ifadəsində aldadıldığını və adına götürülən kreditlərin başqa şəxslər tərəfindən mənimsənildiyini söyləyib.
Çingiz Cəlilov ifadəsində deyib ki, 2001-ci ildən "Çudo Peçka" MMC-in təsis edərək qida istehsalı və satışı ilə məşğul olub. O, işlərinin yaxşılaşdırılması üçün bir neçə banka kredit götürmək məqsədi ilə müraciət etdiyini və müsabət cavab aldığını deyib.
Ç.Cəlilov götürülən kreditlərin vaxtında ödənildiyini söyləyib. İş adamı 2006-cı ildə Yaşar Babayevlə "Bakı Biskivit Fabriki"ni fəaliyyətə gətirmək üçün işləməyə başladıqlarını qeyd edib: "Həmin ərəfədə Yaşar Babayevin sahibi olduğu "ABU Holding"in baş direktoru olan Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsi ilə də "Standart Bank"ın idarə heyyətinin sədri Səlim Kirmanı tanıdım. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün onunla əsasən qardaşım Pərviz münasibətdə olurdu. Bir müddət sonra qardaşım Pərviz Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini dedi. Biz bu təkliflə razılmaşdıq. 2008-ci ildə iqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus "Kes Holdinqs Limited" şirkətinə güzəşt etdik. Səlim Kirman bütün şirkəti "Bank Standart"ın təşəbbüsü ilə yaranan "Bakery Operatinq Company" MMC-nin kənar idarəçiliyə verdi. Bundan başqa Səlimlə aramda bağlanmış ayrıca müqavilə əsasən ona olan 1 milyon 212 min manat borcun silinməli idi. Müqaviləyə əsasən ələva olaraq mənə hər ay şirkətin gəlirlərindən başqa 30 min manat şəxsi xərclərimlə bağlı pdəniş edilməli idi. Amma cəmi 5 ay verildi".
"Çudo Peçka"ın sahibinin sözlərinə görə, Səlim Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirməyib, 1 milyon 212 min borcu ödənməyib: "Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2016-cı ilədək Səlim Kirmanın sərəncamında olub. Səlim Kirman 2012-ci ildə "Çudo Peçka" MMC-in daha da inkişaf etdirilməsini təklif etdi. Bu məqsədlə digər ailə üzvlərimin də adına kredit götürülməsinə razılaşdıq. Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələr çox böyük məbləğlərdə idi. Həmin sənədlər imzalanan zaman kassa məxaric ordeni yox idi. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi verdilər. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə yaxında məlumat verəcəyini deyirdi. 2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail Rayon Məhkəməsindən məktub gəldi. Banka faizi ilə birlikdə 31 milyon manatlıq borcumuzun olduğu göstərilirdi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Rayon Məhkəməsi bizi cavabdeh kimi qəbul edib, əlehimizə qərar çıxardı. Ali Məhkəmənin qərarı ilə isə məlum oldu ki, həmin pullar Səlim tərəfindən "Çudo Peçka" şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, iki köhnə kreditə görə mənə verilən pul şəxsi hesabıma köçürülüb. Amma qalan məbləğlər 3-cü, ayrı şəxslərin hesablarına köçürülüb. Bunu bank ənəkdaşları da ifadələrində təsdiq etdilər. Bununla da birinci instansiya məhkəməsi tələbimizi təmin etdi. Lakin apellyasiya məhkəməsi qərarı bankın xeyrinə dəyişdi. 2016-cı ildə isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət bizə qaytarıldı. Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailəm adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib".
Çingiz Cəlilov əlavə edib ki, götürülən kreditlərlə 2006-2009-cu illərdə "Qara Qarayev", "Neftçilər", "Nərimanov", "Əhmədli", "İnşaatçılar", "3-cü mkr" ərazilərində mağazalar açılıb. Həmçinin "5 Qazan" kulinariya evi işə salınıb. Bundan başqa torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılıb.
Təqsirləndirilən iş adamı ifadəsində göstərib ki, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib. Həmin illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib: "Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyəti ilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifi ilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyəti həyata keçirmək üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb məsələni aydınlaşdırmaq, bizi niyə məhkəmə verdiyinin səbəbini öyrənmək istədim. Həmin zaman Səlim dedi ki, bu bankın rəhbəri Heydər Babayevin və xanımın qərarı idi. Şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağaza vardı. Kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə gedib. Ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib. Həmin pullarla şəxsi əmlak, mənzil, torpaq, bağ evi alınmayıb".
Növbəti məhkəmə iclası yanvarın 18-nə təyin edilib.