Sabiq deputatın oğlu 758 minlik dələduzluqda ittiham edilir - TƏFƏRRÜAT

Baxış sayı:
5857

Sabiq deputatın oğlu dələduzluğa və mənimsəməyə görə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1983-cü il təvəllüdlü Məmmədov Elvin Dünyamalı oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Cavid Cümşüdov ifadə verib. O, "Happy Baku" MMC-nin rəhbəri olduğunu deyib. Cavid Cümşüdov işçisi olmuş Elvin Məmmədovu yaxşı bir insan kimi tanıdığını, belə bir hadisənin baş verəcəyinə ağlına gətirmədiyini deyib. Söyləyib ki, şirkətə gələn mallar anbardan çıxarılıb, müştərilərə çatdırılıb. Amma əldə edilmiş gəlir şirkətə ödənilməyib. Ümumi zərərin 758 min manat olduğu məlum olub. Bu məbləğin yarısından çoxu 2014-ci ilə qədər ələ keçirilib. Elvin Məmmədov 2014-cü ildə şirkətdən ayrılandan sonra araşdırmalar aparılıb və məbləğin 758 min manat olduğu üzə çıxıb.

Hakim şirkət rəhbərinə sual verib ki, Elvin Məmmədov işdən çıxana qədər dəymiş zərər 300-400 min manat, sonradan isə 758 min manat olmasının səbəbi nədir?

Cavid Cümşüdov söyləyib ki, ilkin məbləğ rəsmi sənədlər əsasında hesablanıb: "Bizdə anbardan əlavə müvəqqəti saxlanc yeri var. Mallar rəsmiləşdirilmədən orada saxlanılır. Bəzən də satışlar oradan həyata keçirilir. Məsələn, dövlət şirkətləri sifariş verirdi. Mallar elə birbaşa göndərilirdi. Biz sonradan müəyyən etdik ki, mallar heç ünvana belə, gedib çatmayıb".

Elvin Məmmədov həmin malların onun rəhbərliyi ilə götürülmədiyini, sadəcə sənədlərə imza atdığını deyib: "Malları şirkətdən çıxarmaq üçün sistemdə şifrə yığılmalıdır. Şirkətdə işçilər bir-birinin şirəsini bilirdi".

Şirkət rəhbəri söyləyib ki, Elvin Məmmədovun təşəbbüsü, daxili sifarişi olmasa, mallar anbardan çıxarıla bilməzdi. Cavid Cümşüdovun ifadəsindən məlum olub ki, o, Elvin Məmmədovun həbs edilməsini istəməyib. İndi də onun azadlığa çıxmasını, zərəri ödəməsini istəyir.

Hakim elan edib ki, 2019-cu ildə Elvin Məmmədovun pulu ödəyəcəyini öhdəsinə götürməsi ilə bağlı aralarında müqavilə bağlanılıb, amma müqavilə bağlanandan sonra onu istintaqa cəlb ediblər: "Bundan xəbəriniz var?"

Cavid Cümşüdov bir daha qeyd edib ki, Elvin Məmmədovun həbs edilməsini istəməyib, buna görə də pulun ödənilməsi üçün müqavilə imzalayıb: "Onun həbs edilməsi heç nəyi dəyişməyəcəkdi. Fikirləşdim ki, pulu ödəyər. Biz müqavilə imzaladıq, amma onu həbs elədilər. Bizim bu işdə heç bir marağımız olmayıb. Bu söhbətlər başlayanda, işin üstü açılanda Elvin pulun 100 minini ödədi. Biz də düşündük ki, qalanını da ödəyəcək. Amma ödəmədi".

Məhkəmə iclası iyunun 25-də davam etdiriləcək.

Elvin Məmmədov həbs edilənə qədər kompüter avadanlıqlarının satışını həyata keçirən "Happy Baku" MMC-nin direktoru olub. İş üzrə iki nəfər zərərçəkmiş var. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib./Musavat