​ SABAH MÜXALİFƏT SEÇKİ SAXTAKARLIĞINA ETİRAZ EDƏCƏK - MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçiriləcək

Baxış sayı:
3529

Bazar günü, fevralın 16-da bir sıra müxlifət partiyaları və müstəqil namizədlər Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirəcək.
Muxalifet.az
xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAL) rəhbəri İlqar Məmmədov facebook səhifəsində yazıb.
O qeyd edib ki, hakimiyyətin təklif etdiyi kimi, mitinqin Lökbatanda stadionda keçirilməsində bir qəbahət yoxdur.
“Bəlkə başqa bir şəraitdə bunu edərdik, amma 16 fevralda dinc etiraz mitinqimiz MSK-nın binası qarşısında olacaq. Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşma haqqımızı bu bir neçə gündə kobudcasına pozub. Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi fevralın 16-da saat 15-dən 16-dək MSK-nın binası qarşısındakı ərazidə keçirəcəyik,” İlqar Məmmədov yazıb.
O qeyd edib ki, aksiya ilə bağlı şəhər administrasiyasına müvafiq xəbərdarlıq göndərilib.
Bu məlumatı Müsavat Partiyası sədrinin müavini Fərəc Kərimli də təsdiqləyib.
Fevralın 11-də REAL, Müsavat partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər Fərhad Mehdiyev və Günel Səfərli seçkilərin saxtalaşdırılmasına etiraz olaraq fevralın 16-da 28 May metro stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə bildiriş ilə şəhər meriyasına müraciət edib.
Lakin meriya aksiyanı Lökbatanda keçirməyi təklif edib.
Fevralın 13-də təşkilatçılar növbəti müraciəti göndərib. Lakin bu dəfə də meriya Lökbatanı təklif edib.
Fevralın 14-də təşkilatçılar paytaxtın Polis İdarəsinə çağırılıblar və onlara xəbərdarlıq edilib ki, başqa yerdə keçiriləcək mitinqin qarşısı alınacaq.