SAAKAŞVİLİ VƏZİFƏYƏ GƏLMƏSİNİN SƏBƏBİNİ AÇIQLADI - “Zelenskiyə kömək edirəm..."

Baxış sayı:
2080

Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili ölkədə dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı yeni qanun layihəsi təklif etmək niyyətində olduğunu bildirib.

Bu barədə “Ukrinform” məlumat yayıb.

“Milli İslahatlar Şurasına dövlət-özəl tərəfdaşlıq haqqında yeni qanun təklif etmək istəyirəm. Burada əsas funksiyalar özəl qurumlara, çox təşəbbüskar və istedadlı ukraynalılara aid olmalıdır. Biz kiçik və orta sahibkarlıqla əməkdaşlığı inkişaf etdirməliyik. Dövlət yalnız müəyyən funksiyaları yerinə yetirə bilər, digər funksiyaları isə ölkənin rifahını və iş yerlərini yaradan insanlarla birlikdə etmək olar”, – deyə Saakaşvili vurğulayıb.

O, yalnız Prezident Vladimir Zelenskiyə islahatların həyata keçirilməsində kömək etmək niyyətində olduğunu və başqa ambisiyalarının olmadığını vurğulayıb.

Saakaşvili əlavə edib ki, biznesdə dövlət nəzarətinin azaldılması ilə məşğul olacaq və gömrükdə vəziyyətin yaxşılaşdırılması üçün təkliflər hazırlanır.

Xatırladaq ki, Zelenski mayın 7-də Saakaşvilinin yeni vəzifəyə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. O, yaxın aylarda Saakaşvilidən müsbət nəticələr gözlədiyini vurğulayıb./azvision.az