​Saakaşvili Ukrayna xalqını QƏLƏBƏYƏ APARA BİLƏCƏK? – Ekspert baxışı

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili və tərəfdarları Ali Radanın qarşısında çadırlar qurub. Saakaşvili ukraynalıları artıq yeni mitinqə dəvət edib. İstəyir ki, xalq onu deportasiyadan qorusun. Ukrayna hakimiyyəti Odessanın keçmiş rəhbərinin qaçqınlıq statusu ilə bağlı müraciətini rədd edib. Amma o, təslim olmaq niyyətində deyil və artıq prezident Pyotr Poroşenkonun devrilməsinin planını cızır.
Siyasətçi bildirib ki, deputatlar onun bütün tələblərini yerinə yetirməyənə qədər Ali Radanın qarşısından getməyəcək. Yəni ən azı yaxın iki həftə, çünki parlament üzvləri 7 noyabra qədər fasiləyə gediblər.
Bəs Saakaşvilinin Kiyevdə meydanda çadırlar qurması populizmdir yoxsa, illərdir sınaqdan çıxmış mübarizə üsulu kimi düzgün seçilmiş taktikadır? Çadır mübarizəsinə keçidin effekti olacaqmı?
 
Şahin Cəfərli: “O, hazırda özü də istəmədən Moskvanın marağına uyğun addımlar atır”
 
Politoloq Şahin Cəfərli bildirdi ki, Saakaşvili hazırda bir siyasətçi kimi mövcud olub-olmama savaşı verir. Vətəni Gürcüstanın qapıları onun üzünə bağlıdır, barəsində cinayət işləri var, üstəlik, qurucusu olduğu Vahid Milli Hərəkat ötən bazar günü yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə bir daha məğlub oldu. Yəni Saakaşvilinin hələ vətənində hər hansı perspektivi yoxdur və siyasətçi kimi özünü göstərə biləcəyi yeganə meydan Ukraynadır: “Ukraynada xalqın indiki hakimiyyətdən ciddi narazılığı var, insanların əksəriyyəti vəziyyətin müsbətə doğru dəyişmədiyini və ya az dəyişdiyini düşünür, yeni qüvvələrin iqtidara gəlməsini arzulayır. Saakaşvili təcrübəli siyasətçi kimi bu münbit zəmindən yararlanmağa çalışır. Müxalifət də ona müəyyən qədər dəstək verir. Lakin mən düşünürəm ki, Ukrayna müxalifəti, xüsusən Yuliya Timoşenko kimi siyasətin hər üzünü görmüş hiyləgər və populist lider, sadəcə olaraq, Saakaşvilidən öz məqsədləri üçün faydalanmağa çalışır. Onlar Saakaşvilini qabağa verərək bir tərəfdən Poroşenkonu daimi təzyiq altında saxlamağa, digər tərəfdən isə bütün mümkün neqativlərin Saakaşvilinin üzərində cəmləşməsinə, ondan bir növ ildırımötürən kimi istifadə etməyə çalışırlar. Qeyd etdiyimiz kimi, Ukrayna əhalisinin əksəriyyəti ölkədəki mövcud durumdan narazıdır, bu, aydındır. Lakin paytaxtda permanent etiraz aksiyalarının keçirilməsinə, ölkədə kövrək siyasi və sosial-iqtisadi sabitliyin pozularaq xaosun yaranması ehtimalına heç də hər kəs isti yanaşmır. İnsanlar anlayır ki, Ukraynada xaos və qarşıdurmanın yaranması birbaşa Rusiyanın marağına uyğundur. Münaqişənin başlanmasından bu yana Moskvanın əsas məqsədi məhz Ukraynanı içəridən qarışdırmaq, orada sabitliyin yaranmasına imkan verməmək, mümkün inkişaf meyllərinin qarşısını almaq və ölkəni daimi xaosa sürükləyərək Ukraynanın enerjisini tükətmək, bununla da onu Krımın itirilməsi ilə barışmağa, Donbas probleminin çözümündə isə Rusiyanın şərtlərini qəbul etməyə sövq etməkdən ibarətdir. Kiyevdə davamlı etiraz aksiyaları keçirmək, çadırlar quraraq meydanlarda gecələmək, ölkədə kövrək sabitliyin pozulmasına zəmin hazırlamaq əslində Rusiyanın əlinə oynamaq deməkdir. Yəni Saakaşvili hazırda özü də istəmədən Moskvanın marağına uyğun addımlar atır”.
Politoloqun sözlərinə görə, Ukrayna müxalifətinin onun arxasında gizlənməsinin səbəblərindən biri də budur. Timoşenko kimi hiyləgər liderlər çox yaxşı anlayırlar ki, əhali kütləvi aksiyalara müəyyən həddə qədər dəstək verə bilər, sabitliyin pozulmasına səbəb olacaq davamlı aksiyalar isə əhalini cəlb etmir və bu yola əl atan siyasətçinin xal toplamaq şansı azdır: “Üstəlik, siyasətçilər də, vətəndaşlar da yaxşı bilir ki, ölkədə demokratik seçki institutu var və növbəti seçkilərdə Poroşenkonu qanuni yolla iqtidardan kənarlaşdırmaq ehtimalı realdır. Seçki yolu ilə vəziyyəti dəyişmək şansı varsa və hazırkı hakimiyyət nüfuzdan düşübsə, küçə yolu ilə gərginlik və xaos yaratmağa nə ehtiyac var? Ukrayna müxalifətinin buna ehtiyacı yoxdur, bu, yalnız Saakaşviliyə lazımdır ki, siyasi lider kimi mövcudluğunu davam etdirdiyini dünyaya göstərsin, Ukraynada hakimiyyət dəyişikliyi baş verərsə, yeni seçiləcək prezident və qurulacaq hökumət üzərində təsir imkanları qazansın, vətəndaşlığını geri qaytarsın və siyasi proseslərə təsir gücünə malik mühüm fiqur kimi Ukraynada qalmağa davam etsin. Ukraynada yeni Maydan üçün əlverişli zəmin mövcud deyil. Saakaşvilinin topladığı kütlənin kəmiyyət göstəriciləri də bunu bir daha sübut edir. Maydan hərəkatı o vaxt təkrarlanar ki, bütün milləti səfərbər edən iri çaplı neqativ hadisə baş versin. Hazırkı sosial-iqtisadi çətinliklər yüz minlərlə insanın küçələrə çıxmasına və yeni Maydan hadisələrinə səbəb ola bilməz”.
 
Yeganə Hacıyeva: “Baş verənlər Saakaşvilinin iradəsindən asılı deyil, onun göstərişi və ya sifarişi ilə reallaşmır”
 
Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, Ukrayna postsovet ölkələrindən ən çox gərgin siyasi proseslərin getdiyi, məxməri və güc vasitəsilə dalbadal baş verən inqilabların şahidi olduğumuz bir  ölkədir. Hazırda Ukraynada müşahidə edilən siyasi proseslərdə məhz Saakaşvilinin təkanverici bir güc olduğunu düşünmək yanlış olardı: “Ukraynada baş verənlər Saakaşvilinin iradəsindən asılı deyil, onun göstərişi və ya sifarişi ilə baş vermir. Sadəcə, ölkədə və cəmiyyətdə mövcud hakimiyyətin siyasi və iqtisadi idarəçiliyi üzündən hökumətə qəzəbli kütlənin enerjisindən qaynaqlanır. Bu, təxminən 1992-ci ilin Azərbaycanında baş verən siyasi hadisələrə, müxtəlif qruplara xidmət edən üzvlərə malik hökumətin idarəetməsinə bənzəyir. Bu proseslərdə Saakaşvilinin siyasi texnoloq kimi mövcud şəraitdən istifadə etməsini söyləməmiz daha doğru olardı. Bu gün Ukrayna daxilində qlobal güclər balansını, güclərdən birinin çox aqressiv oyun tərzini nəzərə alaraq bu çadır mübarizəsi üsulunun yanlış olduğunu qeyd etmək istəyirəm. Bunu populizm də adlandırmaq istəmirəm, sadəcə, yanlış olaraq  keçmiş illərin təcrübəsində istifadə cəhdi sayıram. Ancaq məsələ ondadır ki, zamanla bərabər siyasi yanaşmalar və mübarizə üsulları da dəyişmişdir. Ümumiyyətlə, müxtəlif regionlarda son illərin meydan  hərəkatlarının demək olar ki, hamısı özünü doğrultmadı və bu  proseslərin getdiyi ölkələr  kənar təsir və oyunçular tərəfindən ən çirkin üsullarla region uğrunda mübarizə meydanına çevrildi. İtirən isə dövlətlər və xalqlar olur”(musavat.com).