​Saakaşvili Poroşenkonun komandasına qalib gələ biləcək? – EKSPERTDƏN AÇIQLAMA

İlqar Vəlizadə: “Saakaşvili və yaxud digər aparıcı oyunçu Ukraynada təkbaşına çevriliş edə bilməz”

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ölkə vətəndaşlığından məhrum edilməsi ilə əlaqədar Ukrayna Ali İnzibati Məhkəməsi qarşısında iddia qaldırıb. Bildirilir ki, məhkəmə iddiasında Ukrayna prezidenti Petro Poroşenkonun fərmanından şikayət edilir.
Xatırladaq ki, Ukrayna prezidenti Gürcüstanın keçmiş prezidentinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərmanı bu ilin 26 iyulunda imzalayıb. İddiaya görə, Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.
Qeyd edək ki, M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunub. Sabiq qubernator 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib.

“Saakaşvili Poroşenkonun  haqlı olmadığını bu cür üsullarla göstərir”

Keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı Ukrayna Ali İnzibati Məhkəməsi qarşısında iddia qaldırmasını şərh edən politoloq İlqar Vəlizadə Hurriyyet.org-a bildirdi ki, Saakaşvili bütün proserləri hüquq çərçivəsində aparmağa çalışır: “Poroşenkonun  haqlı olmadığını bu cür üsullarla göstərir. Onu nəzərə almaq lazımdır ki, Saakaşvilinin təhsili beynəlxalq hüquqdur. Vaxtilə Gürcüstanda ədliyyə naziri də olub. Ona görə, çalışır ki, öz bacarıqlarından istifadə etmək istəsin və Poroşenkonu faktlarla günahlandırmağa çalışır. Yəni Poroşenko dövlət qanunlarına məhəl qoymur, qanunları tapdalayır.
Ancaq Poroşenkonun tərəfində də tanınmış hüquşünaslar dayanır, onların da əks dəlilləri var. Ona görə, bunu bir proses kimi qiymətləndirmək olar. Bu, uzunmüddətli bir prosesdir. Bu prosesin hansı nəticə verməsi, aqibətinin necə olması siyasi təsirlərdən asılıdır”.

“İndi tərəflər arasında sanki əsəb oyunu gedir”

“Saakaşvilinin Ukraynada çevriliş etmək potensialı varmı, elektoratı yetərlidirmi” sualına İ. Vəlizadə belə cavab verdi: “Əslində, bütün qüvvələrdə potensial həmişə var. Təkcə Saakaşvilidən söhbət getmir. Timoşenko, “Samapomoç” təşkilatı və digərləri var.  Bütün iştirakçıların potensial imkanları var ki, çevriliş etsinlər. Sadəcə olaraq Ukraynada belə bir vəziyyət yaranıb ki, hansısa tək bir qüvvə bunu edə bilməz. Yəni təkcə Saakaşvili və yaxud digər aparıcı oyunçu bunu təkbaşına edə bilməz. Burada yalnız koalisyadan söhbət gedə bilər. Yəni koalsion hərəkətlərlə buna getmək olar. Hazırda praktiki cəhətdən çevriliş cəhdlərinin həyata keçirilməsi qeyri-real görsənir.  Ona görə ki, qüvvələr nisbəti buna imkan vermir. Baxmayaraq ki, Kiyevin özündə nümayişlər keçirilir, bu  nümayişlər cari siyasi proseslərə bir o qədər də təsir etmir. Ukrayna son illər ərzində artıq nümayişlərə və mitinqlərə alışıb. Ona görə, ciddi siyasi proseslərə o qədər də təkan vermir. Maydanda təzə-təzə Saakaşvilinin tərəfdarları toplaşanda hansısa ehtimallar var idi. Amma indi  insanlar, siyasi istiblişment buna alışıb. Siyasi istiblişment, yəni hakimiyyət başa düşür ki, bunları qıcıqlandırmaq olmaz. Burada güc tətbiq etmək düzgün olmaz. Bunları  nəzarət altında saxlmaqla lokallaşdırmağa çalışırlar. Saakaşvili də görür ki, ona Timoşenko və digər oynunçulardan real dəstək olmur. Ona görə də hərəkətə keçmir. Belə bir vəziyyət yaranıb. Xaricdən və yaxud daxili siyasi proseslərdən hansısa təkan bu məsələni canlandırmğa imkan verəcək. Onda ola bilər ki, hadisələr daha sürətlə inkişaf etsin. Amma indi tərəflər arasında sanki əsəb oyunu gedir. Yəni onlar bir-birini gözləyir ki, kim birinci ciddi səhvə yol versə, o səhvdən istifadə etsinlər”.

“Amerikanın Ukraynada marağı yoxdur ki, hansısa tərəfi konkret dəstəkləsin”

İ. Vəlizadə onu da vurğuladı ki, Amerikanın Ukraynaya dəstəyi həmişə var: “Amma indi Amerika da gözləmə mövqeyi tutur. Qərb 2013-14-cü illərdə Ukraynada baş verən hadisələrə qarışırdı. Çünki  Poroşenkoya qarşı Rusiyameylli qüvvələr dayanırdı. İndi hakimiyyətdə Qərbpərəst qüvvə dayanır. Sakaaşvili də Qərbpərəstdir. Ona görə, onlar hakimiyyətdə olan Qərbpərəst qüvvə ilə o biri Qərbpərəst qüvvə arasında seçim etmək istəmirlər. Kim qalib gəldi, o da qalib gələcək. Əlbəttə, Qərb, yəni Amerika Birləşmiş Ştatları istəməz ki, orada şəxsən Saakaşvilinin özünə konkret mənfi təsirlər olsun. Yəni onu həbs etsinlər, ona güc tətbiq etsilnlər. Çünki o bir resursdur, bütün hallarda bir resurs kimi qalır. Amma onlar konkret seçim etmək istəmirlər. Əslində, Amerikanın hansısa bir tərəflə bağlı siyasi addımlar atması o deməkdir ki, digər tərəf başlayacaq Amerikanı ittiham etməyə ki, o daxli işlərə qarışır. O da Amerikanın imicinə zərər gətirəcək.  Hərçənd ki, hər iki tərəf, yəni həm Poroşenko, həm Saakaşvili Qərb, Amerikapərəst siyasətçidir. Ona görə, Amerikanın burada marağı yoxdur ki, hansısa tərəfi konkret dəstəkləsin”.

Hurriyyet.org